Məhkəmə qərarları › İş №2(012)-1538/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1538/2021

12.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1538/2021 12.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı xxxx» KB ASC-nin nümayəndəsi X2, Cavabdeh-vərəsə Cavabdeh iştirakı ilə İddiaçı «xxxx» KB ASC-nin cavabdeh-vərəsə Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdeh-vərəsə Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 846.57 manat əsas, 8.30 manat faiz olmaqla, ümumilikdə 854.87 manat borcun və 30 manat dövlət rüsumunun «xxxx» KB ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xxxx» KB ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, kreditor «xxxx» KB ASC ilə X9 Baba oğlu arasında bağlanmış 21.09.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 27% ödəmək şərtilə 1000 manat kredit verilmişdir. Borclu-mərhum Vəlicanov Adil Baba oğlunun vəfat etdiyi müəyyən olduğundan bank tərəfindən ondan miras qalmış əmlaka dair vərəsəlik işinin açılıb-açılmaması haqqında məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat Kontoruna 30.04.2020-ci il tarixli məktubla müraciət olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon 2 saylı Notariat Kontorunun 07.05.2020-ci tarixli cavab məktubu ilə Vəlicanov Adil Baba oğlunun vəfat etməsi ilə əlaqədar vərəsə Abşeron rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsi ev 11-də qeydiyyatda olan Cavabdeh ərizəsi əsasında ona vərəsəlik işi açılmış və ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi müəyyən edilmişdir. Bu isə borcalan Vəlicanov Adil Baba oğlunun hüquqi varisi kimi cavabdeh-vərəsə Cavabdeh müəyyən olunması anlamına gəlir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 02.11.2020-ci il tarixinə «xxxx» KB ASC-yə 846,57 manat əsas, 8,30 manat faiz olmaqla cəmi 854,87 manat borcu yaranmışdır. Bakı şəhəri 27 saylı Notariat Kontorunun borcalanın hüquqi varisinin müəyyən edilməsinə dair banka göndərdiyi cavab məktubundan göründüyü kimi iddia qaldırılan işlə bağlı cavabdeh-vərəsə Cavabdeh borclu-mərhum Vəlicanov Adil Baba oğlunun miras qalmış əmlaklarına qanun üzrə vərəsəlik hüququ əsasında sahib olmuşdur. Cavabdeh-vərəsə Cavabdeh borclunun vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludurlar. Bu bankın cavabdehdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Ona görə də cavabdeh-vərəsə Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 846,57 manat əsas, 8,30 manat faiz olmaqla cəmi 854,87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə isə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh-vərəsə Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, onun həyat yoldaşı Vəlicanov Adil Baba oğlu 21.09.2015-ci il tarixdə xxxx KB ASC ilə kredit müqaviləsi bağlamış, lakin 22.01.2016-cı il tarixdə isə kəskin böyrək çatışmazlığı səbəbindən vəfat etmişdir. Yoldaşının vəfatından sonra o, yoldaşının qanuni vərəsəsi kimi ünvan 1 ünvanı ona miras əmlak olaraq qalmışdır. Vəlicanov Adil Baba oğlunun xxxx KB ASC-nə borcu olduğunu bilir, lakin iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də həmin müqavilənin müddətinin bitməsindən 5 ildən artıq vaxt keçdiyindən iddia tələbi rədd edilməlidir. Belə ki, kredit müqaviləsi 18 ay müddətinə olmaqla 22.12.2015-ci il tarixdə bağlanmış və kredit müqaviləsinin müddəti artıq bitmişdir. Ona görə də qeyd olunanları və iddia müddətinin ötürülməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə çxarılmasını xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -«xxxx» KB ASC ilə Vəlicanov Adil Baba oğlu arasında bağlanmış 21.09.2015-ci il tarixli, 612nkADJ/15 №-li kredit müqaviləsindən görünür ki, «xxxx» Kommersiya Bankı ASC tərəfindən Vəlicanov Adil Baba oğluna 18 ay müddətinə 21.03.2017-ci il tarixinədək illik istifadə haqqı 27 faiz hesabı ilə ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. -Həmin müqaviləyə əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Vəlicanov Adil Baba oğlu ona verilmiş kredit üzrə əsas və faiz borclarını 21.10.2015-ci il tarixdən başlayaraq, 21.03.2017-ci il tarixədək, hər ay banka 69 manat ödəməklə qaytarmalıdır. -«xxxx» KB ASC-nin 02.11.2020-ci il tarixli arayışından görünür ki, Vəlicanov Adil Baba oğlunun kredit müqaviləsi üzrə 02.11.2020-ci il tarixə banka olan əsas borcu 846.57 manat, faiz borcu 8.30 manat olmaqla ümumilikdə 854.87 manat təşkil edir. 21.09.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Vəlicanov Adil Baba oğlu 740.55 manat məbləğində krediti xxxx KB ASC-dən imza etməklə götürmüşdür. 21.09.2015-ci il tarixdən 08.04.2021-ci il tarixədək olan hesabdan çıxarışdan görünür ki, Vəlicanov Adil Baba oğlu sonuncu dəfə 08.12.2015-ci il tarixdə ödəniş etmişdir. -Vəlicanov Adil Baba oğluna ünvanlanmış 11.04.2016-cı il tarixli bildirişin surətindən görünür ki, «xxxx» Kommersiya Bankı ASC tərəfindən borcluya müraciət edilərək 3 iş günü müddətində borcun ödənilməsi tələb olunmuşdur. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22.01.2016-cı il tarixli, AZ-İ № 794732 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Vəlicanov Adil Baba oğlu 22.12.2015-ci il tarixdə isə kəskin böyrək çatışmazlığı səbəbindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeydiyyat aparılmışdır. -Ədliyyə Nazirliyi Abşeron 2 Saylı Notariat Ofisinin 07.05.2020-ci il tarixli 66 saylı məktubundan görünür ki, 22.12.2015-ci il tarixdə vəfat etmiş mərhum Vəlicanov Adil Baba oğlundan miras qalmış əmlaka dair onun vərəsəsi Cavabdeh adına 01.04.2016-cı il tarixdə 2V-35 reyestrlə "Qanun üzrə vərəsəlik işi" açılmışdır. -01.04.2016-cı il tarixdə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 22.12.2015-ci il tarixdə ölmüş Vəlicanov Adil Baba oğlu vərəsəsi Cavabdeh ünvan 1 - miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsi tərəfindən 05/08/2014 tarixdə Vəlicanov Adil Baba oğluna verilmiş **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsindən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 05.08.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Qobu qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsi Vəlicanov Adil Baba oğlunun adına xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət reyestrində 639 nömrəli reyestr kitabının 14 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Qobu qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 11.03.2016-cı il tarixli 1745 saylı arayışından görünür ki, Vəlicanov X8 rayonu Qobu qəsəbəsi 11 saylı evdə Cavabdeh və X6 ilə birlikdə yaşamış və qeydiyyatdadırlar. -X3 01.04.2016-cı il tarixli ərizəsindən görünür ki, atası Vəlicanov Adil Baba oğlu 22.12.2015-ci il tarixdə vəfat etmişdir, ölümündən sonra ondan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsindən ona düşən payı qəbul etməmiş və ona düşən paydan anası Cavabdeh xeyrinə imtina etmişdir. -Abşeron RPŞ tərəfindən 17.08.2016-cı il tarixdə verilmiş AZE № 05137125 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Vəlicanov X8 rayonu Qobu qəsəbəsi Ə.Bayramov küçəsi 11 saylı evdə qeydiyyatdadır. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 26.08.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Cavabdeh ünvan 1də qeydiyyatdadır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, «xxxx» KB ASC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının müqdarına dair, qanuni təmsilçi X7 olmasına dair 26.05.2017-ci il tarixli,**********253900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X4 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kreditor «xxxx» KB ASC ilə X9 Baba oğlu arasında bağlanmış 21.09.2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 18 ay müddətinə, illik 27% ödəmək şərtilə 1000 manat kredit verilmişdir. Borclu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə “xxxx” KB ASC-nə 846,57 manat əsas, 8,30 manat faiz olmaqla cəmi 854,87 manat borcu yaranmışdır. X9 Baba oğlu vəfat etdiyindən onun vərəsəsi həyat yoldaşı Cavabdeh hüquqi varis kimi cavabdeh kimi müəyyən olunmuşdur. Hazırda «xxxx» KB ASC Vəlicanov Adil Baba oğlunun hüquqi varisi Cavabdeh 02.11.2020-ci il tarixinə “xxxx” KB ASC-nin xeyrinə 846,57 manat əsas, 8,30 manat faiz olmaqla cəmi 854,87 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə həyat yoldaşı Vəlicanov Adil Baba oğlunun vərəsəsi olduğunu, həyat yoldaşının 21.09.2015-ci il tarixdə xxxx KB ASC ilə kredit müqaviləsi bağladığını və borcunun olmasını qəbul etdiyini, lakin iddia tələbinin verilmə müddətinin keçdiyini, həmin müqavilənin müddətinin bitməsindən 5 ildən artıq vaxt keçdiyindən iddia tələbinin rədd edilməli olduğunu bildirərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk əvvəl hazırkı işdə iddia tələbinin yönəldiyi cavabdehin subyektiv hüquqa malik olması məsələsinə aydınlıq gətirərək qeyd edir ki, İşin araşdırılan hallarından və tədqiq edilmiş ölüm və vərəsəlik haqqında şəhadətnamələrdən görünür ki, «xxxx» KB ASC ilə X9 Baba oğlu arasında kredit münasibətləri olmuş və borclu 22.12.2015-ci il tarixdə vəfat etmiş, onun həyat yoldaşı Cavabdeh vərəsə kimi tam miras payına sahib olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1. maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Ona görə də məhkəmə Vəlicanov Adil Baba oğlunun vərəsəsi Cavabdehnin iddia tələbində cavabdeh kimi qoyulmasını əsaslı və qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 423.2. maddəsinin mahiyyətindən görünür ki, tərəf müqavilənin ləğv edilməsi tələbini məhkəməyə təklifdə göstərilmiş müddətdə irəli sürə bilər. 472.1. maddəsindən də görünür ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 443.1. maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Tərəflərin izahatından işin araşdırılan hallarından görünür ki, Vəlicanov Adil Baba oğlu ilə «xxxx» KB ASC arasında bağlanmış müqaviləyə əsasən X9 Baba oğlu müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş nəticədə onun banka 846.57 manat əsas, 8.30 manat faiz olmaqla, ümumilikdə 854.87 manat borcu yaranmışdır və bu müqavilənin şərtlərindən, tədqiq edilmiş sübutlardan da öz təsdiqini tapır. Eyni zamanda cavabdehin iddia müddətinin tədbiqi ilə əlaqədar iddia tələbinin rədd edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə qeyd edir ki, Vəlicanov Adil Baba oğlu ilə ASC «xxxx» Kommersiya Bankı arasında 18 ay müddətinə 21.09.2015-ci il tarixli, 612nkADJ/15 №-li kredit müqaviləsi bağlanmışdır. Yəni kredit müqaviləsinin qüvvədə olma müddəti 21.03.2017-ci il tarixdə bitmişdir. Göründüyü kimi, müddəti 21.03.2017-ci il tarixdə bitmiş, kredit müqaviləsi üzrə borclu tərəfindən müqavilə müddətində sonuncu ödəniş isə 08.12.2015-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Məhkəmə bu yerdə qeyd edir ki, 21.09.2015-ci il tarixdə 18 ay müddətinə bağlanmış kredit müqaviləsinin müddəti 21.03.2017-ci il tarixdə bitmiş və həmin kredit müqaviləsi üzrə iddia müddətinin axımı 21.03.2017-ci il tarixdə başlanmışdır. Kredit müqavilələrinin müddəti bitdikdən sonra cavabdeh tərəfindən heç bir ödəniş isə edilməmişdir. Yəni, istər kredit müqaviləsinin qüvvədə olma müddətinin bitdiyi tarixdən, istərsə də, borcalan tərəfindən kredit borcu üzrə edilmiş son ödəniş tarixindən 3 ildən artıq müddət keçmiş və belə olan təqdirdə isə hazırda iddia müddəti ötürülmüşdür. İddiaçı Ləğv prosesində olan «xxxx» KB ASC isə məhkəməyə 25.01.2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən borcun tutulmasını xahiş etmişdir. İşə məhkəmədə baxılarkən isə cavabdeh məhkəməyə ərizə təqdim edərək iddia müddəti ötürüldüyü üçün iddianın rədd edilməsini xahiş etmişdir. Bununla belə, məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. 2000-ci ilin sentyabrın 1-dən qüvvədə olan Azərbaycan Respublikası MM-nin 373.1ci maddəsinə əsasən ümumi iddia müddəti 10 il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2–ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 ildir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.01.2001-ci il tarixli «Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair» Qərarına əsasən Azərbaycan Respublikası MM-nin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci ilin sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir, 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir ki, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 03.04.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. «E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın 06.11.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsi ilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin Məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Göründüyü kimi iddiaçı ASC «xxxx» Kommersiya Bankı qanunla müəyyən edilmiş qaydada iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «xxxx» KB ASC-nin cavabdeh-vərəsə Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası iddia müddəti keçməsi ilə əlaqədar rədd edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar