Məhkəmə qərarları › İş №2(012)-1541/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1541/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1541/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X3, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 4761.61 (dörd min yeddi yüz altmış bir manat altmış bir qəpik) manat, faiz borcu üzrə 131.34 (yüz otuz bir manat otuz dörd qəpik) manat olmaqla ümumilikdə 4892.95 (dörd min səkkiz yüz doxsan iki manat doxsan beş qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh1 dair sənədlər S-FK-694 saylı, 24.10.2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə (bundan sonra Bank) Cavabdeh1 (bundan sonra “Bordan”) arasında 03.12.2014-cü il tarixdə, 169-03.12.2014-SM68 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % olmaqla 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. Kredit vəsaitinin təminatı olaraq zamin Cavabdeh2 ilə 03.12.2014-cü il tarixdə, 169-03.12.2014-SM68 saylı zaminlik müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 4.2-ci bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3. bəndi) “Borcalan”a verilən vəsaitindən istifadə müddəti 36 aydır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 4761.61 (dörd min yeddi yüz altmış bir manat.61 qəpik) manat, faiz borcu üzrə 131.34 (bir yüz otuz bir manat, 34 qəpik) manat olmaqla ümumilikdə 4892.95 (dörd min səkkiz yüz doxsan iki manat,95 qəpik) manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Odur ki, qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etdiyini, lakin avtoqəza keçirtdiyindən həbs olunmuş, bu səbəbdən də ödənişləri gecikdirmişdir. Hazırda borcunu hissə-hissdə ödəməyə razıdır. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“xxxx” ASC ilə Cavabdeh1 arasında 03.12.2014-cü il tarixdə, 169-03.12.2014-SM68 saylı Təminatlı kredit müqaviləsindən görünür ki, bank cavabdehə illik 22 % olmaqla 36 ay müddətinə 7000 (yeddi min) manat məbləğində kredit verilmişdir. -Qeyd edilən müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən bir ay sonradan, yəni 03.01.2015-ci il tarixdən başlayaraq, 03.12.2017-ci il tarixinədək, 7000 manat əsas, 2623.06 manat faiz, ümumilikdə 9623.06 manat borc məbləğindən, hər ay banka 267.40 (sonuncu ay 264.06 manat) manat ödəməklə qaytarmalıdır. -01.01.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 01.01.2017-ci il tarixə iddiaçıya olan əsas borcu 4761.61 (dörd min yeddi yüz altmış bir manat altmış bir qəpik) manat, faiz borcu üzrə 131.34 (yüz otuz bir manat otuz dörd qəpik) manat olmaqla ümumilikdə 4892.95 (dörd min səkkiz yüz doxsan iki manat doxsan beş qəpik) manat təşkil edir. -03.12.2014-cü il tarixli məxaric orderindən görünür ki, Cavabdeh1 müqavilə üzrə çıxılmalar nəzərə alındıqdan sonra 6720 manat məbləğində krediti 03.12.2014-cü il tarixdə «xxxx» ASC-nin Xırdalan şöbəsindən imza edərək qəbul etmişdir. -01.01.2009-22.10.2017-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka axırıncı ödənişi 16.10.2017-ci il tarixdə olmuşdur -«xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış, «xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 11 avqust 2015-ci il tarixli müqaviləyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 №-li Fərmanına uyğun olaraq, «xxxx» ASC həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş özünə məxsus problemli aktivləri mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxararaq, İddiaçı QSC-nin idarəetməsinə verir və eyni zamanda həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. -İddiaçı QSC ilə «X5 Edilməsi Agentliyi» MMC («xxxx» MMC) arasında arasında bağlanmış 16 sentyabr 2016-cı il tarixli Xidməti müqaviləyə əsasən, bu Müqavilə ilə «xxxx» MMC İddiaçı QSC-yə onun «xxxx» ASC-dən qəbul etdiyi problemli aktivlərlə bağlı idarəetmə və hüquq xidmətlərini göstərməyi, xidmət nəticəsində yığılan vəsaitin tam və ya razılaşdırılmış hissəsini İddiaçı QSC-yə ödəməyi, İddiaçı QSC isə həmin xidmətlərin həyata keçirilməsi ilə əlaqədar «xxxx» MMC-nin yaranmış xərclərini ödəməyi və fəaliyyət üçün lazımi şərait yaratmağı öhdəsinə götürür. -«xxxx» ASC-nin problemli aktivləri üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli Müqaviləyə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının 1-hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə X2 ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu da İddiaçı QSC-yə güzəşt edir. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, İ0İ s №-li Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun İddiaçı QSC-yə güzəşt edilməsinə dair 21 aprel 2017-ci il tarixli müqaviləyə Əlavədən görünür ki, İddiaçı QSC tərəfindən «xxxx» ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu X1 dair sənədlər SAVK-11 saylı, 06 iyun 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən 06.04.2018-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, «X5 Edilməsi Agentliyi» MMC 11.08.2015-ci il tarixdən Bakı şəhəri Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyatdan keçmişdir. -13.11.2020-ci il tarixli tələbin güzəşt edilməsi və öhdəliyin yerinə yetirilməsinə dair bildirişdən görünür ki, cavabdehlərə müqavilənin şərtlərinin pozulması ilə əlaqədar xəbərdarlıq edilmiş, borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin müəyyən edilən hallarına əsasən əsas borclu Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Eyni zamanda, işə əlavə olunmuş 03.12.2014-cü il tarixdə, № 169-03.12.2014-SM68 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2, borc alan Cavabdeh1 bank qarşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə görə Bank qarşısında öz üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq onlardan iddiaçının xeyrinə əsas borc üzrə 4761.61 (dörd min yeddi yüz altmış bir manat altmış bir qəpik) manat, faiz borcu üzrə 131.34 (yüz otuz bir manat otuz dörd qəpik) manat olmaqla ümumilikdə 4892.95 (dörd min səkkiz yüz doxsan iki manat doxsan beş qəpik) manat məbləğində kredit borcu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan 30 (otuz) manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC -nin xeyrinə əsas borc üzrə 4761.61 (dörd min yeddi yüz altmış bir manat altmış bir qəpik) manat, faiz borcu üzrə 131.34 (yüz otuz bir manat otuz dörd qəpik) manat olmaqla ümumilikdə 4892.95 (dörd min səkkiz yüz doxsan iki manat doxsan beş qəpik) manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar