Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1546/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtoqəza hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 342.20 (üç yüz qırx iki manat iyirmi qəpik) manat pulun və mənəvi zərərin əvəzi olaraq 600 (altı yüz) manat təzminatın cavabdeh Baş Dövlət Yol Polis İdarəsindən alınaraq ona ödənilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş edirəm. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 22 fevral 2024-cü il qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, Mülki Prosessual Məcəlləyə görə, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar (Mülki Prosessual Məcəllənin 50.1 və 50.3-cü maddələri). Qeyd edilməlidir ki, tərəflər konkret mübahisəli hüquq münasibəti üzrə bir-birinə əks olan maraqlara malik şəxslərdir. Mülki Prosessual Məcəllənin mülki prosessual hüquq qabiliyyətini müəyyən edən 48-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.Göründüyü kimi, işdə iştirak mülki prosessual fəaliyyət qabiliyyətinin olması ilə şərtləndirilməklə fiziki şəxslərdə yetkinlik yaşına çatma halında yaranmış hesab olunur. Hüquqi şəxslərə gəldikdə isə onların mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti eyni anda, hüquqi şəxsin dövlət qeydiyyatına alındığı andan yaranır. Yəni, hüquqi şəxsin mülki prosessual hüquq qabiliyyəti onun maddi hüququn subyekti olduğu andan əmələ gəlir.Hüquqi şəxsin struktur vahidlərinə münasibətdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 53.1 və 53.2-ci maddələrinə görə, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi isə filial sayılır. Mülki Məcəllənin 53.3 və 54.2-ci maddələrinə əsasən, hüquqi şəxsin nümayəndəlikləri, filiallar, eləcə də idarələri hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Beləliklə, hüquqi şəxsin filial və nümayəndəlikləri hüquqi şəxsin təsdiq etdiyi əsasnamədə əks olunmuş hüquqları əldə edir və vəzifələr daşıyır, idarələri də Mülki Məcəllənin 54.3 və 54.4-cü maddələrinə uyğun olaraq, ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Məhkəmə yuxarıda qeyd olunan hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, İddiaçı iddia ərizəsində cavabdeh qismində Baş Dövlət Yol Polis İdarəsi qoymaqla səhvə yol vermiş, hazırki vəziyyətdə məhkəmə hesab edir ki, cavabdeh qismində hüquqi şəxs olaraq Daxili İşlər Nazirliyi olmalı və iddia ərizəsi də hüquqi şəxsin rəsmi qeydiyyata alındığı inzibati ərazi vahidi üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan əlavə iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 29675 nömrəli mədaxil qəbzindən görünür ki, Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi verilməsi üçün İddiaçı 30 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödəmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddiaçı cavabdeh Baş Dövlət Yol Polis İdarəsinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı 2(012)-1546/2025 saylı mülki iş üzrə xx.xx.2024-cü il tarixli, 29675 nömrəli mədaxil qəbzindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı dövlət büdcəsindən qaytarılsın. Qərardadın dövlət rüsumunun qaytarılması hissəsinin icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron Rayon Maliyyə Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1546/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1546/2025
15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver