Məhkəmə qərarları › İş №2(012)-1562/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1562/2025

10.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1562/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.000 manat məbləğində pulun və ödədiyi 120 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə kalçuk alveri ilə məşğul olmuşdur. Rüfətin idarə etdiyi Qazel markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə plasmas-kalçuk materiallarını toplayaraq məntəqələrə təhvil vermişlər. Həmin yük avtomobili Mehdi adlı şəxsə məxsus olmuşdur. Rüfət həmin avtomobili etibarnamə əsasında idarə etmiş və maşının sahibi olan Mehdiyə aylıq icarə pulu ödəmişdir. 2021-ci ilin avqust ayında Rüfət Mehdinin yük avtomobilini satmaq istədiyini, əgər avtomobil satılarsa işlərinin dayanacağını, bu səbəbdən də maşını Mehdidən almaq istədiyini, lakin lazım olan qədər pulunun olmadığını bildirərək, ondan borc olaraq 10.000 manat pul istəmişdir. 2021-ci ilin avqust ayında iddiaçı 10.000 manatı Rüfətə maşının sahibi Mehdinin yanında vermiş, Rüfət maşın almışdır. Amma bu günə qədər Rüfət ona cəmi 3.000 manat pul qaytarmışdır. Pulun qalan 7.000 manatını söz versə də, pulu qaytarmamış, müxtəlif bəhanələrlə hər dəfə yayınmışdır. Son 7-8 aydır telefonlarına da cavab vermir. Cavabdehin ona olan borcu ilə bağlı aralarında olan vhatsap yazışmalarını məhkəməyə təqdim edəcəkdir. İddiaçı sonunda cavabdeh tərəfindən aldandığını başa düşmüşdür. Bu səbəbdən də pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə Cavabdeh 7.000 manat məbləğində pulun və ödədiyi 120 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, tələb iddia ərizəsində tam şəkildə əksini tapmışdır. Belə ki, İddiaçı Cavabdeh 10.000 manat məbləğində pul vermişdir. Həmin puldan cavabdeh tərəfindən 3.000 manat geri qaytarılmışdır. Qalan pulu isə qaytarılmamışdır. İddiaçı cavabdehə verdiyi pulu geri istəyir. Cavabdeh qalan pulu geri qaytarmasına söz versə də, verdiyi vədlərə əməl etməmişdir. Bu səbəbdən də cavabdehə inanmırlar. Verilmiş suallara cavabında qeyd edir ki, sözügedən borc məbləğini iddiaçı şəxsən cavabdehə vermişdir. Tərəflər arasında qarşılıqlı etibar olduğuna görə sadə yazılı formada da hər hansı sənəd imzalanmamışdır. Cavabdeh 10.000 manat borc məbləğindən 3.000 manat hissəsini qaytarsa da, qalanı qaytarmamışdır. Belə ki, 01 yanvar 2025-ci tarixdən qalan borc məbləğini qaytaracağına söz versə də, bu günə kimi heç bir məbləğdə pul qaytarmamışdır. Qeyd edilən borc məbləği ilə bağlı aralarında olan vatsap yazışmaları mövcuddur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək izahatında bildirdi ki, İddiaçı ilə bir neçə il bir yerdə işləmişlər. Aldığı 10.000 manat borc məbləğində 3.000 manat hissəsini qaytarmışdır. Borc məbləğini aldığı tarix dəqiq yadında deyildir. Təxminən 2021-ci ilin iyun-iyul aylarında borc məbləğini almışdır. Aradan 2-3 il keçsə də, pulu qaytarmamışdır. İddiaçı ona müəyyən qədər möhlət versə, hissəli şəkildə borcu qaytaracaqdır. Verilmiş suallara cavabında qeyd edir ki, qeyd edilən borcla bağlı aralarında vatsap yazışmaları da mövcuddur. Hər ay 500 manat olmaqla hissəli şəkildə yaxın aylardan başlayaraq borcu qaytara bilər. İddiaçı ilə aralarında olan biznes şərikliyi 1 ildən çox olar ki, bitmişdir. Borc məbləğini notariat ofisində rəsmiləşdirmək istəsələr də, dövlət rüsumlarına görə bundan yayınmışlar. Yaxın vaxtlarda borc məbləğini 500-1.000 manat olmaqla, qaytarmağa başlayacaqdır. Qətnamə çıxarılarkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 120 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 10.000 manat məbləğində pul almışdır. Cavabdeh iddiaçıdan 10.000 manat məbləğində borc aldığını, həmin puldan 3.000 manatı iddiaçıya qaytardığını, 7.000 manatı isə borclu qaldığını və bu günədək qaytarmadığını etiraf etmişdir. İddiaçı da cavabdehin ondan aldığı 10.000 manatdan 3.000 manatını qaytardığını, hazırda ona 7.000 manat borclu olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7.000 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia təmin edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 120 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 7.000 (yeddi min) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar