Məhkəmə qərarları › İş №2(012)-1569/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1569/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1569/2022 26.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından onun xeyrinə borclu olduğu 2430 manat pulun, əlavə olaraq dəymiş 500 manat maddi ziyanın, 500 manat mənəvi ziyanın, həmçinin 55 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh qızı falçılıqla məşğuldur. 2019-cu ilin sonlarında övladı X3 ilə gəlini X2 aralarında yaranmış soyuq münasibətlərlə əlaqədar Zabrat qəsəbəsində yerləşən əlillərin binasında yaşayan “falçı” kimi tanıdığı və inandığı Zöhrə adlı xanımın yanına getmişdir. Cavabdeh ona psixoloji təsir edərək, onların münasibətini düzəldəcəyini vəd edərək ondan hissə-hissə 2430 manat pul alaraq mənimsəmişdir. Sonradan həmin pulu qaytaracağını desə də, qaytarmamışdır. O, həmin pulu bacısının adına bankdan kredit alıb cavabdehə vermişdir. Bir müddət sonra oğlu və gəlini arasındakı münasibət boşanmaq həddinə çatmışdır. Bundan sonra o, cavabdehdən verdiyi pulları geri tələb edəndə cavabdeh pulları geri qaytaracağını, hazırda pulu olmadığını bildirmişdir. Sonra isə o, cavabdehin dələduz və fırıldaqçı olduğunu anlamış və bu barədə xx.xx.2019-cu il tarixində Bakı şəhəri Sabunçu Rayonu 15-ci Polis Bölməsinə şikayət etmişdir. 15-ci Polis Bölməsinin təhqiqatçısı onun və cavabdehin izahatlarını almışdır. Cavabdeh həmin izahatda guya ondan 2430 manat deyil, 1900 manat pul aldığını bildirmişdir. 15-ci Polis Bölməsində həmin işdə CM-nin 178-ci maddəsinin tərkibi əlamətlərinin olduğu müəyyənləşmiş və iş aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Lakin Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi həmin işi yenidən araşdıraraq cinayət işinin rədd olunması barədə qərar vermişdir. Artıq uzun müddətdir Cavabdeh onun 2430 manat pulunu qaytarmaması ucbatından ona mənəvi, əlavə olaraq pulu kredit alıb cavabdehə verdiyi üçün isə ödədiyi faizlərə görə maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəblərdən olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Bakı şəhəri Sabunçu Rayonu 15-ci Polis Bölməsinin materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2020-ci il tarixli qərarından görünür ki, mübahisə üzrə hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh qızı göstərmişdir ki, İddiaçı 2019-cu ilin oktyabr ayında fala baxdırmaq üçün onun yaşadığı ünvana gəlmiş, oğlu Rəşad və gəlini Sona arasında olan münasibətlərində soyuqluğun aradan qaldırılmasını xahiş etmiş, buna görə ondan ilkin olaraq 100 manat almış, bir neçə gündən sonra Zərifənin yaşadığı evdə 1800 manat almış, həmin pulun 1000 manatını xx.xx.2020ci il tarixdə, qalan 900 manatını isə 2020-ci ilin yanvar ayının sonuna kimi ödəyəcəyinə söz vermiş, Zərifənin ərizəsində göstərdiyi 2430 manatı fala baxmaq üçün aldığı müxtəlif əşyalara xərcləmiş, lakin buna baxmayaraq yanvar ayının sonuna kimi ödəyəcəyinə vəd vermişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında “fala baxdırmaq” xidmətinə dair şifahi razılaşma olmuş, iddiaçı övladının arvadı ilə münasibətlərinin yaxşılaşdırması müqabilində cavabdehə 2430 manat pul vermişdir. Bundan sonra isə cavabdehin vəd etdiyi fəaliyyət öz nəticəsini vermədiyindən iddiaçı onun barəsində Bakı şəhəri Sabunçu Rayonu 15-ci Polis Bölməsinə şikayət ərizəsi yazmış, polis bölməsində hər iki tərəfin izahatı alınmışdır. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı 2019-cu ilin oktyabr ayında fala baxdırmaq üçün onun yaşadığı ünvana gəlmiş, oğlu Rəşad və gəlini Sona arasında olan münasibətlərində soyuqluğun aradan qaldırılmasını xahiş etmiş, buna görə ondan ilkin olaraq 100 manat almış, bir neçə gündən sonra Zərifənin yaşadığı evdə 1800 manat almış, həmin pulun 1000 manatını xx.xx.2020-ci il tarixdə, qalan 900 manatını isə 2020-ci ilin yanvar ayının sonuna kimi ödəyəcəyinə söz vermiş, Zərifənin ərizəsində göstərdiyi 2430 manatı pulu fala baxmaq üçün aldığı müxtəlif əşyalara xərcləmiş, lakin buna baxmayaraq yanvar ayının sonuna kimi ödəyəcəyinə vəd vermişdir. Göründüyü kimi, Cavabdeh öz xidməti müqabilində İddiaçı 2430 manat pul almasını etiraf etmişdir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, Cavabdeh İddiaçı hesabına əsassız varlanmışdır. Buna görə də iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Bununla belə, işdən görünür ki, Rzayeva X1 Zöhrə Əli qızından həmçinin ona dəymiş 500 manat maddi ziyanın və 500 manat mənəvi ziyanın əvəzinin ödənilməsini tələb etmiş, lakin bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2430 manat məbləğində pul Cavabdeh qızından alınaraq İddiaçı verilməlidir. Əsassız varlanmanın bu məbləğdə olması işdəki bir sıra mötəbər sübutlarla, o cümlədən cavabdehin polis orqanında verdiyi izahatı ilə tamamilə təsdiq olunur. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş vəsaitin 44,30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh qızından 2430 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 44,30 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar