Məhkəmə qərarları › İş №2(012)-1572/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1572/2025

02.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1572/2025 02.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən 4 nömrəli mənzil İddiaçı məxsusdur. Həmin əmlak iddiaçıya mərhum atası X2 tərəfindən miras qalmış və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mənzilə dair iddiaçının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. Hazırda həmin mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının qardaşlarıdır. Hər iki cavabdeh evlidir və ailələri ilə birlikdə başqa ünvanda yaşayırlar. Cavabdehlər 20 ilə yaxındır ki, bu mənzildə yaşamırlar. Digər Cavabdeh3 isə iddiaçının qohumudur, qeydiyyata düşməyə yeri olmadığı üçün vaxtı ilə mərhum atası Gülsadəyə bu mənzilə qeydiyyata düşməyə razılıq vermişdir. Sözügedən şəxslərin faktiki sahibliyində olan mənzildə qeydiyyatda qalmaları gələcəkdə iddiaçının mənzillə əlaqədar alqı-satqı, girov, bağışlama hüquqlarının həyata keçirilməsinə əngəl törədir. Odur ki, cavabdehlərin sözügedən mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə zərurət vardır. Ümumilikdə, qeyd etmək istəyir ki, həmin şəxslər mənzildə formal olaraq qeydiyyatdadırlar və həmin mənzildə yaşamırlar. Formal qeydiyyatda qaldıqları üçün cavabdehlərin istifadə hüququ itirilmiş hesab edilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, İddiaçı adına verilmiş ********** qeydiyyat nömrəsi çıxarış saxtadır və qeydiyyatdan keçməmişdir. Bundan əlavə qeyd edir ki, iddiaçının onları qeydiyyatdan çıxarmaqda əsas məqsədi ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil satmaqdır. Belə ki, sözügedən mənzil ata yadigarıdır və o, mənzilin satılmasını istəmir. Bu səbəbdən o, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh3 izahatında bildirmişdir ki, o, hazırda kirayədə yaşayır. Təxminən 4-5 ildir ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə yaşamır. O, iddianı qəbul etmir. Belə ki, mərhum qaynatası vəfat etməzdən əvvəl mənzili ona vermişdir. Mərhumun ölümündən əvvəl onlar mənzildən çıxmışlar. Bundan sonra uşağının saxlanılması üçün heç bir maddi yardım olunmamışdır və övladını təkbaşına böyütmüşdür. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmilər. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********17- 05101-093021 reyestr nömrəsi ilə xx.xx.2011-ci il tarixində qeydiyyata alınmışdır. -Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 302520 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. -Abşeron Rayon 2 saylı Notarius tərəfindən verilmiş, 2V-109 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi İddiaçıdır və o, mirasdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 2əhəllə ünvanında yerləşən 4 nömrəli binanın ümumi sahəsi 41,9 kv/m olan 4 nömrəli mənzildən ibarətdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Publik Hüquqi Şəxsin Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********17-05101-093021 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli , ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı ilə birlikdə Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh2 da ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil ünvanında qeydiyyatdadır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil X1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, daha sonra X2 xx.xx.2022-ci il tarixində vəfat etmiş və onun vərəsəsi övladı İddiaçı olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Publik Hüquqi Şəxsin Hüquqların X4 daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan göründüyü kimi ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********17-05101-093021 reyestr nömrəsi ilə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli , ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı ilə birlikdə Cavabdeh1, X5, Cavabdeh3, Cavabdeh2 da ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, cavabdehlərin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, iş materiallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 4 saylı mənzil X1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmış, daha sonra X2 xx.xx.2022-ci il tarixində vəfat etmiş və onun vərəsəsi övladı İddiaçı olmuş, bununla da iddiaçının mülkiyyət hüququ çıxarış əsasında xx.xx.2023-cü il tarixində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Belə olan halda məhkəmə qeyd olunan tarixi nəzərə alaraq hesab edir ki, tərəflər arasında münasibətlər 2009-cu il oktyabrın 1-dən sonra yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; (01 oktyabr 2009-cu il tarixdə qüvvəyə minmiş) 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə müvafiq olaraq icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Göründüyü kimi, hazırki iş üzrə Cavabdeh3 məhkəmə iclasında izahatlarında sözügedən mənzildə uzun müddətdir ki, yaşamadığını bildirmişlər. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, hazırki iş üzrə cavabdeh mübahisə predmeti olan mənzili uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvanına köçməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, bu hal həmin cavabdehin istifadə hüququnun da saxlanılmasını qeyri-mümkün etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə maneələr mülkiyyətdən məhrum etmədən törədilərsə, mülkiyyətçi bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulması məhkəmə vasitəsilə tələb oluna bilər. Məhkəmə qeyd edir ki, iddiaçının mənzilə dair mülkiyyət hüququ tanınmış, mülküyyət hüququna dair hər hansı mübahisə müəyyən olunmamışdır. Cavabdehlərin mənzildə istifadə hüquqlarının qalması iddiaçının qanunla ona verilmiş mənzilə dair istifadə, sahiblik, sərəncam hüquqlarını, yəni mənzildən sərbəst istifadə etmək, ipotekaya qoyma, satılması kimi hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının toxunulmaz olan mülkiyyət hüququ nəzərə alınaraq iddia tələbi təmin edilməli, cavabdehlərin həmin mənzildən istifadə hüququ itirilmiş hesab edeilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Mars Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir». Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Beləliklə, məhkəmə qanunun tələblərini, iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb edilmədiyindən, həmin rüsum məbləği onun özünə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzilə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanında yerləşən 4 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar