Məhkəmə qərarları › İş №2(012)-1581/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1581/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1581/2021 03.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 03 may 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100 000 ABŞ dolları pulun ödəniş gününə olan Azərbaycan manatı ilə olan məzənnəsi ilə və dövlət rüsumu üçün ödənilən 30 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Abdullayev X1 Respublikasında olan biznesini inkişaf etdirmək məqsədilə İddiaçı borc pul istəmiş, sonuncu isə 09 oktyabr 2019-cu il tarixdə notariat qaydada bağlanmış kredit müqaviləsinə əsasın 68 000 manat məbləğində pulu ona 09 fevral 2020-ci il tarixədək qaytarmaq şərtilə borc vermişdir. Eləcə də aralarında bağlanan ipoteka müqaviləsinə görə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi də ipoteka ilə yüklü edilmişdir. Qısa müddət sonra cavabdeh yenə iddiaçıdan borc pul istəmiş və notariat orqanına getməyi vaxt itkisi hesab edərək qəbz imzalamaqla ondan 100 000 ABŞ dolları borc pul almışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməyərək bu dəfə yenə də iddiaçıdan borc pul istəyərək, verməyəcəyi təqdirdə köhnə borclarını da ödəyə bilməyəcəyini qeyd etmişdir. Bu dəfə isə notariat orqanında 12 yanvar 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, iddiaçı cavabdehə 13 fevral 2020-ci il tarixədək qaytarmaq şərtilə 58 000 manat məbləğində borc pul vermişdir. Cavabdeh bu dəfə də üzərində düşən öhdəliyin icrasından yayındığından, iddiaçı 1-ci və 3-cü dəfə bağladığı müqavilələr üçün notariat orqanına müraciət etmiş və cavabdehdən pulların geri alınması üçün müvafiq icra qeydləri icra və probasiya şöbəsində göndərilmişdir. Hazırda da iddiaçı 2-ci dəfə verdiyi borc pulun, yəni 100 000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə olan Azərbaycan manatı ilə olan məzənnəsi ilə cavabdehdən onun xeyrinə tutulması üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil da iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, ilkin 68 000 manat puldan 18 000 manatı iddiaçının özünə qaytarıb,ikinci dəfə 35 000man alıb,notariusda isə 68 000 manat verdi., cəmi 35 000manat borcundan qalıb.İş materiallarında olan 100 000 dollar iddiaçıya borclu olması barədə qəbz onun tərəfindən yazılıb və imzalanıb,lakin 100 000 dollar formal qeyd olunub, o qədər borcu olmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan 17.10.2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 17.10.2019-cu il tarixdə 100 000 ABŞ dolları borc pul almış və 30.11.2019-cu il tarixdə borcunu qaytaracağını öhdəsinə götürmüşdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan bir neçə dəfə borca pul götürmüş, müəyyən məbləğlər qaytarmışdır.Eyni zamanda iş materiallarında olan 17.10.2019-cu il tarixli qəbzdən müəyyən edilir ki, Cavabdeh İddiaçı 17.10.2019-cu il tarixdə 100 000 ABŞ dolları borc pul almış və 30.11.2019-cu il tarixdə borcunu qaytaracağını öhdəsinə götürmüşdür.Həmin qəbzin cavabdeh tərəfindən tərtib olunduğu və imzalandığı cavabdehin izahatı ilə də təsdiq olundu.Lakin, cavabdeh qəbzdə qeyd edilən borc məbləğinin formal olaraq qeyd edildiyini bildirsə də, nə bu barədə məhkəməəyə sübut təqdim edə bilmiş, nə də onun həmin qəbz üzrə borcunu ödədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki,iddia tələbi əsaslı hesab edilərək təmin edilməli,Cavabdeh 100.000 (yüz min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın ödəniş gününə olan Azərbaycan manatı məzənnəsinə uyğun manatla və dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməliidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 100.000 (yüz min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan vaxtın ödəniş gününə olan ödəniş gününə olan Azərbaycan manatı məzənnəsinə uyğun manatla və dövlət rüsumu üçün ödənilən 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar