Məhkəmə qərarları › İş №2(012)-1603/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1603/2023

30.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1603/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, azyaşlı uşaqlar iddiaçının yanında saxlanılmış və uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək hər ay hər bir uşaq üçün 140 manat müəyyən edilmişdir. Lakin məhkəmə aktı ilə müəyyən olunmuş alimentin miqdarı uşaqların saxlanılması üçün kifayət etmir, belə ki, uşaqların xərcləri kifayət qədər artmışdır. İddiaçı orta məktəbdə müəllimə işləyir, aylıq qazancı 144 manatdır. 2021-ci ildə Əhmədlidə özəl kursda az müddət çalışmış, yaşayış yerini Abşeron rayonuna dəyişdirdiyi üçün həmin kursdan çıxmışdır. Himayəsində azyaşlı uşaqlar olduğu üçün bütün günü onların təlimtərbiyəsi ilə məşğul olur. Məcburi köçkünlüyə görə müavinət almır, cavabdehin bostan və heyvan saxlaması barədə dediklərinin hamısı yalandır. Cavabdehin anası 400 manatdan çox pensiya alır, heç bir zaman xəstələnməmişdir. Cavabdeh məhkəməyə yanlış məlumat verir. Belə ki, 2021-ci il üçün verilmiş arayışı məhkəməyə təqdim edərək 500 manat qazancının olmasını bildirmişdir. Halbuki, cavabdeh Maliyyə Nazirliyində işləməklə 1000 manata yaxın əmək haqqı alır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun əmək haqqı yüksək deyildir və qaçqınlıq müavinəti almır. Cavabdehlə birgə nikahda olduğu müddətdə özəl kursda çalışmış və hazırda, azyaşlı uşaqları olduğu üçün özəl şəkildə fəaliyyət göstərmir. Cavabdehin anasının əmək stajı olduğundan yüksək pensiya alır. Onun oğlunun səhhətində problem yaranmış və ailənin dağılmasının səbəbi də məhz uşağın sağlamlığı ilə bağlı olmuşdur. Cavabdeh uşağı müalicə etdirməmiş və o, hazırda, uşağını müalicə etdirir. Buna dair ödəniş qəbzləri və sənədləri də vardır. Həmin sənədləri unutduğu üçün məhkəmə hazırlıq iclasında təqdim edə bilməmişdir. Məhkəmə qətnaməsi ilə aliment təyin olunsa da dəfələrlə müraciət etməsinə baxmayaraq həmin məbləği tam şəkildə almır. Belə ki, 220 manat aliment almalı olur. Cavabdehin əmək haqqı barədə təqdim etdiyi arayışın həqiqi olmasına şübhə edir. O, cavabdehin azyaşlı uşaqları ilə görüşünə müdaxilə etməmişdir. İcra məmuru cavabdehin yol puluna görə görüş yerinə gəlmədiyini bildirmişdir. İddia ərizəsinə qarşı verilmiş etirazdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsi ilə 435 manat qazancdan 280 manat tutulur. İddiaçının sabit pul məbləğində aliment tutulması tələbi əsassız və qanunsuzdur. Çünki cavabdeh əmək müqaviləsi ilə müntəzəm qazanc alır. Başqa qazancı yoxdur. Üstəlik, iddiaçının qazancı cavabdehin qazancından çoxdur. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, İddiaçı ilə xx.xx.2014-cü il tarixdə nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. İddiaçı ona uşaqları ilə görüşünə mane olur, uşaqları davamlı şəkildə öyrədir. İddiaçı 144 manat maaş almaqla bir neçə saat işləyir. İddiaçının dedikləri həqiqətə uyğun deyildir. Onun 420 manat qazancı vardır ki, həmin qazancdan 150 manat əmək haqqı özünə qalır. O, Maliyyə Nazirliyində ştatdankənar çalışır. Başqa iş yeri və gəliri yoxdur. İddiaçı isə bir neçə saat işləyir, qalan vaxtlarda uşaq hazırlaşdırmaqla pul qazanır. Maddi vəziyyəti alimenti ödəməyə imkan vermir. Hesab edir ki, hər iki valideyn olaraq uşaqların saxlanılmasına görə məsuliyyət daşımalıdır. Ona görə də əmək haqqının 1/3 hissəsi miqdarında alimentin tutulmasını xahiş edir. Uşaqları ilə özü də məşğul olmuşdur. Qızı rus, ingilis və ərəb dillərində danışır, oğlu isə 4 yaşında rus dilində kitab oxuyurdu, hazırda isə heç danışa da bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-838/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 1 saylı Bakı “Asan” Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə 951 saylı aktla qeydə alınmış nikah pozulmuş, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, 50 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, 50 manat dövlət rüsumunun isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin aliment hissəsinin dərhal icra olunması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh apellyasiya şikayəti isə təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-838/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin alimentin məbləği hissəsində dəyişdirilməsi və Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sabit pul məbləğində alınacaq alimentin məbləğinin hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 15 saylı arayışdan görünür ki, İddiaçı Respublikada yaranmış vəziyyətlə əlaqədar olaraq Kəlbəcər rayonundan məcburi köçkün düşmüş, hal-hazırda, Abşeron rayonu, Masazır kəndi, M.S.Ordubadi küçəsində məskunlaşmışdır. -Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-23/3-206/203 saylı arayışdan görünür ki, Cavabdeh xx.xx.2008-ci il tarixdən əmək müqaviləsi (gündəlik iş vaxtının müddəti saat 09.00-dan 18.00-dək) əsasında Maliyyə Nazirliyinin ştatdankənar işçi heyətində kompüter operator vəzifəsində çalışır. Onun aylıq vəzifə maaşı 500 manat təşkil edir və əmək haqqından 344 manat (gəlir vergisi, məcburi dövlət sosial sığorta, aliment, həmkarlar ittifaqı, işsizlikdən sığorta, icbari tibbi sığorta) vəsait tutulur, ödənilən 156 manat onun əmək haqqı kartına ödənilir. -Kəlbəcər Rayon İcra Hakimiyyəti Başçısının Almalıq kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli M/33 saylı arayışdan görünür ki, Laçın kənd sakini İddiaçı nümayəndəliyin daimi qeydiyyatında olmaqla müvəqqəti olaraq Abşeron rayonu, Masazır qəsəbəsində məskunlaşmaqla yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 11 nömrəli Qərarının 2.4-cü maddəsinə əsasən, məcburi köçkün, məcburi köçkün düşdükdən sonra məcburi köçkün olmayan şəxslə nikahla və ya nikaha daxil olmadan ailə qurarsa və sonradan boşanarsa vahid aylıq müavinət bu şəxslərə şamil edilmir. Bu səbəbdən də, İddiaçı vahid aylıq müavinət almır. -X7 Təhsil İdarəsi Kəlbəcər rayon Təhsil Sektoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 360 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən də, Kəlbəcər rayon 56 nömrəli tam orta məktəbdə aylıq əmək haqqı 144 manat olmaqla müəllim işləyir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Çıraqova X6 rayonu, Laçın kəndində, Cavabdeh isə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 65 saylı evin, 7 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 140 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün Yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşaqların saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq müəyyən edir ki, iddia ərizəsi qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab edilir, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni (180-140=40 manat, 40 manat x 2 (uşaq) = 80 manat, 80 manat x 12 ay = 960 manat) ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6341/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 180 (yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar