Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1624/2025 01.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X11, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və onlara məxsus əşyaların Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzildən çıxarılması və 13/12 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X17 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 noyabr 2023-cü il tarixli, 13/12 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Ağdam rayonundan məcburi köçkün X15 və X5 ailə üzvləri ilə Dövlət Proqramı çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 13 saylı binada, 12 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Sahə rəisi tərəfindən aparılan araşdırma nəticəsində Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzilin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilərək qanunsuz olaraq yaşadıqları məlum olmuşdur. Cavabdehlərə mənzilin boşaldılıb təhvil verilməsi barədə xəbərdarlıq edilmiş, lakin cavabdehlər mənzilin təhvil verilməsindən imtina etmişdir. Cavabdehlər qanunsuz olaraq sözügedən mənzili zəbt etmiş və əşyaları ilə birlikdə mənzili boşaltmamışdırlar. Həmin mənzilin qanuni şəkildə verildiyi şəxslər isə mənzildən imtina etmələri barədə notarial qaydada ərizə təqdim etmişdirlər. Əlavə olaraq bildirir ki, mənzilin əvvəlki sakinləri cavabdehləri orada yerləşdirmişdirlər, belə ki, həmin şəxslər cavabdehlərlə qohumdur. Hesab edir ki, müqavilədən kənar qaydada mənzildə yaşayan şəxslər evdən çıxarılmalıdırlar. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələbini qəbul etmir. Belə ki, onlar Xankəndi şəhərindən məcburi köçkün kimi 20 ildən artıqdır ki, Bakı şəhərində müxtəlif ünvanlarda məcburi köçkün kimi yaşamışlar. O, həyat yoldaşı Cavabdeh2 və qızı Cavabdeh3 2012-ci ildən ünvan 2 ünvanda yerləşən məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzilə köçmüşlər və hal-hazırda orada məcburi köçkün kimi yaşayırlar. Həmin mənzil isə Cavabdeh2 atası Ağdam rayonundan məcburi köçkün X4 Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmişdir. Ailə tərkibi kimi orada Vaqif Rəhimovun həyat yoldaşı X12 yaşamışdır. X6 isə 2020-ci ildə koronavirus xəstəliyindən vəfat etmişdir və vəfat etdiyi günə qədər həmin mənzildə yaşamışdır. Əlavə olaraq bildirir ki, 2016-cı il tarixdən etibarən Cavabdeh2 atası X6 2-ci qrup əlil olduğu üçün və sərbəst hərəkət edə bilmədiyinə görə atasına və anasına mütəmadi olaraq qulluq etmək üçün orada onunla birlikdə yaşamışdır. 2024-cü ilin dekabr ayının 5-də özünü Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin vəzifəli şəxsləri kimi təqdim edən şəxslər onlara məcburi köçkün kimi yaşadıqları mənzilin boşaldılmasını tələb etməyə başlamışlar. Bunun üçün onlara xx.xx.2024-cü il tarixli Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədovun imzası ilə xəbərdarlıq bildirişi verilmişdir. Bundan sonra qanunsuz olaraq onların məcburi köçkün kimi yerləşdikləri mənzilin kommunal xidmətləri qanunsuz olaraq dayandırılmışdır. Belə ki, dekabr ayı olmasına baxmayaraq onların yerləşdikləri mənzilə aid elektrik xətlərinin verilməsi, qaz təchizatı və suyu verilməsi qanunsuz olaraq dayandırılmışdır. Onlar Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin kommunal xidmətlərinin dekabr ayında dayandırılmasının qanunsuz olduğunu bildirdikdə onlara cavab olaraq “gedib hara istəyirsiniz, şikayət edə bilərsiniz” deməklə öz funksiyalarını bitmiş hesab etmişlər. Bundan sonra onlar hüquq mühafizə orqanlarına, daha doğrusu, Zəngilan rayon Prokuroruna müraciət edərək kommunal xidmətlərinin bərpasına nail olmuşlar. Daha sonra isə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Abşeron rayonu, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün inşa edilmiş ünvan 3 ünvanından çıxarımasına dair hərəkətlərdən çəkinmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Hazırda 2-1(118)-7473/2024 saylı inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin icraatındadır. Əlavə olaraq bildirir ki, 2012-ci ildən etibarən Cavabdeh2 atası X6 2-ci qrup əlil olduğu üçün və sərbəst hərəkət edə bilmədiyinə görə atasına və anasına, yəni X7 mütəmadi olaraq qulluq etmək üçün orada onunla birlikdə yaşamışdır. Cavabdeh2 valideynlərinə qulluq etdiyi üçün onların da başqa yerdə yaşayış yerləri olmadığından məcburən ailəsi ilə birlikdə həyat yoldaşı Cavabdeh2 valideynləri ilə birlikdə yaşamışlar. Həyat yoldaşının valideynləri və qardaşı X6 2020-ci il tarixdə, X12 2023-cü il tarixdə, X15 isə 2022-ci il tarixdə vəfat etmişlər. Onlarda olan məlumata əsasən mərhum X8 həyat yoldaşı X3 bir neçə mənzili mövcuddur. Onun qayınanası qəza nəticəsində vəfat etmiş və sağlığında övladı Cavabdeh2 adını bu evə sala bilməmişdir. Onlar da mənzil almaq üçün müraciət etmiş, lakin bunun bir nəticəsi olmamışdır. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, qarşı tərəfin kirayə müqaviləsi əsasında verilmiş mənzilə hüququ olan şəxs kimi qeyd etdiyi X1 mənzildə yaşamamışdır. O, illərlə valideynləri ilə birlikdə həmin evdə yaşamışdır və indi də orada yaşayır. Anası sağlığında ona həmin mənzildə birlikdə yaşamağı təklif etmişdir. Onlar iddiaçı qurumdan Xankəndi şəhərinə köçürülmələrini xahiş etsələr də hələ də onlara müraciətin nəticəsi barədə məlumat verilməmişdir. Onlar tərəfindən Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin rəhbərinə müraciət edildiyindən bununla əlaqədar o, hazırki iş üzrə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş edir. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi, Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə dəqiqləşməyə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən münasibət bildirilənə qədər məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 noyabr 2023-cü il tarixli, 13/12 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün X15 ailə üzvləri (həyat yoldaşı - X5, oğlu – X16 və qızı – X13) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 13 saylı binada, 12 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 noyabr 2024-cü il və 06 dekabr 2024-cü il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin balansında olan ünvan 2 ünvanında Cavabdeh1 və ailə üzvləri ilə birlikdə həmin mənzildə qanunsuz olaraq qeydiyyatsız yaşayırlar və bu faktı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları öz imzaları ilə təsdiq etmişdirlər. İş materiallarında olan X5 və X9 Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin direktoru Səbuhi Əhmədova ünvanladıqları notarial qaydada təsdiq edilmiş 16 dekabr 2024-cü il tarixli ərizələrindən görünür ki, X5 və X2 rayonu, Masazır qəsəbəsi, ünvan 5 ünvanını könüllü olaraq Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə təhvil vermək istədiklərini və gələcəkdə Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı heç bir iddiaları olmayacağını bildirmişdirlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci, 91.3-cü, 98.1-ci, 98.2-ci, 99.1-ci, 99.4-cü, 99.6-cı, 100.3-cü və 102.1-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 17 noyabr 2023-cü il tarixli, 13/12 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən məcburi köçkün X15 ailə üzvləri (həyat yoldaşı - X5, oğlu – X16 və qızı – X13) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Zəngilan şəhərciyində 13 saylı binada, 12 nömrəli 2 otaqlı mənzil ilə təmin edilmişdir. Lakin iş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Masazır Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 27 noyabr 2024-cü il və 06 dekabr 2024-cü il tarixli aktlardan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin balansında olan ünvan 2 ünvanında Cavabdeh1 və ailə üzvləri ilə birlikdə həmin mənzildə qanunsuz olaraq qeydiyyatsız yaşayırlar və bu faktı Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları öz imzaları ilə təsdiq etmişdirlər. Beləliklə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci, 98-ci, 99-cu maddələri və “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsinin şərtləri cavabdehlər tərəfindən pozulduğundan məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara məxsus əşyalar ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzildən çıxarılmalı və 13/12 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməlidir. “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 3-cü hissəsində məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrindən istifadə şərtləri qaydaları aşağıdakı kimi müəyyən edilmişdir: 3.2. Məcburi köçkünlər müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrindən onlarla bağlanılmış kirayə müqaviləsində göstərilən şərtlərə uyğun olaraq istifadə etməlidirlər. Bu şərtlərə əməl edilməməsi bu Qaydanın 3.3-3.7-ci bəndlərinə əsasən kirayə müqaviləsinin pozulmasına səbəb olur. 3.3. Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, başqasının istifadəsinə vermək, kirayəyə vermək, özbaşına dəyişmək, girov qovmaqla və digər vasitələrlə evləri özgəninkiləşdirmək və başqasını həmin evə köçürmək hüququ yoxdur. 3.4. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalı, həmin evdən yalnız yaşayış məqsədi ilə istifadə etməli, layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidirlər. 3.5. Məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsindən kommersiya məqsədləri, habelə qanunvericiliklə qadağan olunan hərəkətlər və ya fəaliyyətlər məqsədi ilə istifadə edə bilməzlər. 3.6. Məcburi köçkün ailəsinə müvəqqəti istifadə məqsədi ilə verilmiş yaşayış sahəsi onların xüsusi mülkiyyəti olmadığından, həmin evlər qanun və ya vəsiyyətnamə üzrə miras kimi başqa şəxslərə (vərəsələrə), həmçinin himayəyə və ya qəyyumluğa götürülmüş şəxsin istifadəsinə verilə bilməz. 3.7. Məcburi köçkün ailəsi müvəqqəti istifadəyə verilmiş yaşayış sahəsində faktiki yaşamırsa, yaxud mənzili başqasına verərsə. Komitənin müvafiq qurumu tərəfindən mövcud qanunvericiliyin tələblərinə uyqun olaraq ev boşaldılaraq Komitənin rəhbərliyi ilə razılaşdırmaqla, daha çox ehtiyacı olan digər məcburi köçkün ailəsinə müvəqqəti istifadəyə verilir. Məcburi köçkünlərə yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri özgəninkiləşdirilə, icarəyə və kirayəyə verilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100.3-cü maddəsinə əsasən kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onlara məxsus əşyalar ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan şəhərciyi, 13 saylı binada yerləşən 12 nömrəli mənzildən çıxarılsın və 13/12 nömrəli mənzil boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1624/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1624/2025
01.07.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver