Məhkəmə qərarları › İş №2(012)-1626/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1626/2022

20.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1626/2022 20.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilinə dəymiş zərərin ödənilməmiş hissəsi olan 3224 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 22 noyabr 2021-ci ildə idarə etdiyi “Kia Sorento” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksində əks nəqliyyatın hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı idarə etdiyi avtomobili vurmuşdur. Cavabdeh hadisəni törədən zaman spirtli içki qəbul etmişdir. Abşeron rayon X5 Şöbəsinin polis leytenantı tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli ******* nömrəli protokol və həmin protokola əsasən qəbul edilmiş eyni tarixli və nömrəli inzibati xəta haqqında iş üzrə qərarla Rzayeva X2 Xətalar Məcəlləsinin 327.1-ci və 334.3-cü maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" ASC tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 6218 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi ilə bağlı 23880 saylı akt tərtib edilərək ona 2994 manat pul ödənilmişdir. Avtomobilin xərcinin ödənilməmiş hissəsini cavabdehdən tələb etsə də, o, zərərin əvəzini ödəməkdən boyun qaçırır. Beləliklə, cavabdeh dəymiş ziyanın ödənilməsi üçün məsuliyyət daşıyır və bu ödəməni könüllü şəkildə icra etməkdən boyun qaçırdığı üçün məhkəməyə müraciət etməyə məcburdur. Cavabdeh yol hərəkəti qaydalarını pozmaqla təqsirli və hüquqazidd əməl törətmişdir. Onun bu əməli iddiaçıya maddi zərər vurulması ilə nəticələndiyindən delikt sayılır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. O, xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq üzrlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan AD 513400 saylı, xx.xx.2019-cu il tarixli nəqliyyat vasitəsinin surətindən görünür ki, “CHEVROLET COBALT” minik markalı, ** XL *** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi X1r. İşdə olan ƏN-834049 saylı, xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, “CHEVROLET COBALT” minik markalı, ** XL *** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi X3 həmin avtomobili sürücülük hüququ olduqda idarə etməyi, ipoteka qoymağı, sərəncam verməyi, qeydiyyata salmağı, qeydiyyatdan çıxarmağı və digər hərəkətləri etməyi 1 il müddətinə (xx.xx.2022-ci ilədək) İddiaçı etibar etmişdir. İşdə olan Abşeron rayon X5 Şöbəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, 22 noyabr 2021-ci ildə baş vermiş yolnəqliyyat hadisəsinə görə Rzayeva X2 Xətalar Məcəlləsinin 327.1-ci və 334.3-cü maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan dəymiş ziyanın hesablanmasına dair İCR-23880 saylı, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, “CHEVROLET COBALT” minik markalı, ** XL *** dövlət qeydiyyat nömrəli avtomobilin təmir-bərpa edilməsi üçün 6218 manat tələb olunur. İşdə olan sığorta ödənişi ilə bağlı 23880 saylı, xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 22 noyabr 2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6218 manatlıq zərər vurulmuş “CHEVROLET COBALT” minik markalı, ** XL *** dövlət qeydiyyat nömrəli avtomobilə görə zərərin 59,89 % olan 2994,32 manat "xxxx" ASC tərəfindən İddiaçı ödənilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6311 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Chevrolet Cobalt” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2020-ci ilin oktyabr ayına olan təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 5264 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 22 noyabr 2021-ci ildə idarə etdiyi “Kia Sorento” minik markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” Yaşayış Kompleksində əks nəqliyyatın hərəkət zolağına çıxmadan manevr qaydasını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının etibarnamə əsasında idarə etdiyi avtomobilə zərər dəymişdir. Abşeron rayon X5 Şöbəsi tərəfindən tərtib edilmiş 24 noyabr 2021-ci il tarixli ******* nömrəli protokola əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.3-cü maddələrində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" ASC tərəfindən dəymiş ziyan qiymətləndirilərək ümumilikdə 6218 manat müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən sığorta ödənişi ilə bağlı 23880 saylı akt tərtib edilərək iddiaçıya 2994,32 manat pul ödənilmişdir. Hazırda iddiaçı avtomobilinin xərcinin ödənilməmiş hissəsi olaraq 3224 manat pulu cavabdehdən tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 5264 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən İCR-23880 saylı, xx.xx.2021-ci il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6311 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir. Dəymiş zərərin 2994,32 manat hissəsi sığorta qurumu tərəfindən iddiaçıya ödənildiyindən, məhkəmə hesab edir ki, qalan 2269,68 (5264-2994,32) manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq 2269,68 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edir və iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 53 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 53 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 2269,68 manat və ödənilmiş dövlət rüsumuna görə 53 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar