Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1626/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X6, Cavabdeh və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Cavabdeh qarşı «xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbi barədə ərizəsinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, Cavabdeh və ailə üzvləri X3, X13 və X7 ünvan 1 ünvanındakı 3 otaqlı mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 məhkəmə iclasında izahatında bildirdi ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Laçın rayonundan məcburi köçkün olan Cavabdeh və ailə üzvləri “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyi, 12 nömrəli binada 65 nömrəli, 3 otaqlı mənzil ilə təmin edilmişdir. Dövlət Proqramı çərçivəsində ünvan 2 ünvanında yerləşən dövlət tərəfindən bərpa edilən 359 kodlu evə köçmək üçün Cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən bildiriş göndərilməsinə baxmayaraq, müvəqqəti məskunlaşdıqları ünvan 1 ünvanındakı dövlətə məxsus olan yaşayış sahəsini təhvil verməyəcəyini bildirmişdir. Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qismində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, sərəncamlarına və dövlət proqramlarına əsasən tikilərək, həmçinin dövlət vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti yaşaması üçün alınaraq xüsusi təyinatlı mənzil fonduna daxil edilmiş yaşayış sahələri istifadə edilir. Həmin yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Komitə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 65 saylı Qərarı ilə təsdiq olunmuş Qaydalara və “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əsaslanaraq mənzilə daha çox ehtiyacı olan, ağır, qəzalı şəraitdə məskunlaşmış məcburi köçkünlərə müvəqqəti yaşamaları üçün yaşayış sahələri vermişdir. Əlavə olaraq bildirirlər ki, Komitə məcburi köçkünlərin müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdəki yaşayış sahələrinin təyinatı üzrə istifadə edilməsinə xüsusi diqqət yetirməklə, daim nəzarətdə saxlayır. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli, 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyat keçirir. Tədbirlər Planınn 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti məskunlaşdığı, dövlətə məxsus olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildən ailə üzvləri ilə birlikdə çıxmaları və mənzili boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə təhvil vermələri və Laçın şəhəri, S.Vurğun küçəsində tam təmirli olan 67 nömrəli evə ailə üzvləri ilə birlikdə köçmələri barədə geniş məlumat verilmişdir. Lakin Cavabdeh Laçın şəhəri, S.Vurğun küçəsində tam təmirli olan 67 nömrəli evə müxtəlif bəhanələr gətirərək köçməkdən imtina etmişdir. Cavabdeh və ailə üzvləri hazırda Laçın rayonunda Komitə tərəfindən mənzillə təmin edilmişdir və ona bildirilmişdir ki, sözügedən mənzil tam hazır vəziyyətdədir. Odur ki, hesab edirlər ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli, 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndi əsas götürərək dövlət tərəfindən tam təmir edilmiş abadlaşdırılmış yaşayış sahəsinə ailə üzvləri ilə birlikdə köçməyən vətəndaş Cavabdeh ilə Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi arasında bağlanmış xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edilməli, ünvan 1 ünvanındakı 3 otaqlı mənzil boşaldılaraq Komitəyə təhvil verilməsi barədə qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, onlar Laçın rayonuna getməyə hazırdırlar, lakin iddiaçı təşkilatın nümayəndəsinin dediklərindən fərqli olaraq Laçın rayonunda tikilmiş və onların yaşaması üçün nəzərdə tutulmuş ev tam şəkildə təmir edilməmişdir, belə ki, həmin evdən su sızır və sözügedən evdə kombi yoxdur. Bundan əlavə iddiaçı təşkilatın nümayəndəsi onun Laçın rayonunda olan ev ilə bağlı təhvil-təslim aktını imzalaması barədə sənədlər təqdim edəcəyini bildirsə də indiyədək həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Odur ki, göstərilənlərə əsasən o, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X8 məhkəmə iclasında Cavabdeh izahatında qeyd edilənlərə əlavə olaraq bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, Laçın rayonunda olan ev tam şəkildə tikilməmiş, yaşamaq üçün yararsız və yarımçıq işlər aparılmışdır. İddiaçı təşkilatın nümayəndəsi Laçın şəhərində tikilmiş evə köçmək üçün onlara bildiriş göndərildiyini bildirsə də əslində bu barədə onlara bildiriş çatmamışdır. O, azad olunmuş torpaqlarda inşa edilmiş mənzilə yerləşdirilmə işləri ilə məşğul olan Yusif müəllimin qəbulunda olmuş və evin yarımçıq və istismara yararsız olduğunu bildirmişdir. Əlavə olaraq bildirir ki, Laçın rayonunda yerləşən onlara məxsus ev tam dağıdılmamış, onların evində bərpa etmə-tamamlama işləri aparılmağa başlanılmış, lakin 3 dəfə tikinti briqadası dəyişdirilmişdir. O, bir dəfə Laçın rayonuna getmiş, orada hasarın uçduğunu görmüş, divarın əyriliyinin şəkillərini çəkmişdir. Qeyd edir ki, həyətə, ümumiyyətlə, maşın daxil ola bilmir. Həmçinin "xxxx" ASC və "xxxx" ASC-nin işçiləri tərəfindən həyət qazılmış və yararsız vəziyyətə düşmüşdür. Həmin evin arxasından su tökülür, kafellər silikonla vurulmuşdur və enerji qovşağı yoxdur. İddiaçı təşkilat tərəfindən Laçın rayonunda onlara heç bir mənzil təhvil verilməmişdir. Bildirir ki, onlara verildiyi iddia edilən evdən kənarda yaşayış vardır. Hazırda onlar üçün nəzərdə tutulmuş evdə təmir gedir. Həmçinin iddiaçı təşkilatın nümayəndəsi Laçın rayonunda yerləşən mənzilin onlara verilməsi ilə bağlı təhvil-təslim aktının onlara təqdim edildiyini bildirməsinə baxmayaraq həmin akt onlara təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, məcburi köçkün Cavabdeh ailə üzvləri (həyat yoldaşı - Ağayeva Afət (Zülfiyyə) Çoban qızı, oğlu - X14, oğlu - X10 və oğlu - X13) “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində məcburi köçkünlər üçün inşa edilmiş Gənclər şəhərciyi, 12 nömrəli binada 65 nömrəli, 3 otaqlı mənzil ilə təmin edilmişdir. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən tərəflərin razılığı ilə istənilən vaxt bu Müqavilənin şərtləri dəyişdirilə və ya ləğv edilə bilər. Eyni zamanda qeyd edilən müqavilənin 5.7.3-cü maddəsinə əsasən kirayəçi və ailə üzvləri mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən şəxsi vəsaiti hesabına (ayrıca təsərrüfatın yaranması istisna olmaqla) ayrıca yaşayış sahəsi əldə etdikdə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. İş materiallarında olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Repatriasiya departamenti tərəfindən verilmiş 12 noyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh dövlət tərəfindən bərpa edilən 359 kodlu evə daimi yaşayış üçün köçürüləcəkləri və Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən ailə üzvləri ilə birlikdə kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaları üçün verilmiş dövlətə məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi”, bina 12, 65 nömrəli mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə təhvil verilməsi bildirilmişdir. İş materiallarında olan 21 oktyabr 2024-cü il tarixli “Təmir-bərpa olunan evlər haqqında akt”dan görünür ki, 19-20 oktyabr 2024-cü il tarixlərində Laçın şəhərində bərpa olunan fərdi evlərə baxış keçirilmiş və evlərdə təmir-bərpa işlərinin başa çatdığı təsdiqlənmiş, Laçın şəhərində bərpa olunan 359 kodlu ev təmirbərpa işlərinin başa çatdırıldığı fərdi yaşayış evlərinin sırasında göstərilmişdir. İş materiallarında olan Abşeron rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli, 823 nömrəli arayışdan görünür ki, Cavabdeh və onun ailə üzvləri - X3, X13 və X1 qəsəbəsi, “Gənclər Şəhərciyi” məcburi köçkün qəsəbəsində yerləşən ev 12, mənzil 65 ünvanında Laçın rayonundan məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdırlar. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci, 83.0.2-ci, 91.1.6-cı, 91.2-ci, 96-cı və 102.1ci maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 83.0.2-ci maddəsinə görə sosial kirayə müqavilələri ilə digər yaşayış sahələri verilməklə məhkəmə qaydasında vətəndaşlar sosial kirayə müqavilələri ilə verilmiş yaşayış sahələrindən çıxarılırlar. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Həmin Məcəllənin 91.1.6-cı maddəsinə əsasən qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra - xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 17-ci maddəsinə əsasən qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh və onun ailəsi Laçın rayonundan məcburi köçkün olduğundan onunla 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə verilməsi barədə müqavilə bağlanmış və hazırda cavabdeh ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildə yaşayır. İddiaçı təşkilat 12 noyabr 2023-cü il tarixdə cavabdehə bildiriş göndərməklə Laçın şəhərində yerləşən 359 kodlu mənzilə köçürülməsini və kirayə müqaviləsi əsasında müvəqqəti yaşamaq üçün ona verilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi”, bina 12, 65 nömrəli mənzilin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğvi” hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə təmin edilməsinin əsası tərəflər arasında bağlanılmış müqavilənin 5.7.3-cü maddəsidir. Mübahisəsiz şəkildə məhkəmə iclasında müəyyən edilmişdir ki, Laçın şəhərində yerləşən 359 kodlu fərdi yaşayış evi dövlət tərəfindən bərpa edilərək, Cavabdeh ayrılmışdır. Müqavilənin 5.7.3-cü maddəsinə nəzər yetirdikdə görünür ki, kirayəçi və ailə üzvlərinin ayrıca yaşayış sahəsi əldə etməsi xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməsinə əsasdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”nın müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi" üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə əsasən Laçın rayonundan olan bir qrup rayon sakinlərinin evləri dövlət tərəfindən tam bərpa olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli, 3587 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramının müvafiq fəaliyyət istiqamətlərinə dair Tədbirlər Planının 3.1-ci bəndinin “Əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi” üzrə Fəaliyyət istiqamətinin 3.1.4-cü yarımbəndinə uyğun olaraq, tərtib edilmiş planlar üzrə bərpa qrafikinə uyğun olaraq mərhələli formada inşa edilmiş evlərə, ailələrin köçürülməsini Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi həyata keçirir. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi”, bina 12, 65 nömrəli mənzilin kirayə verilməsi barədə müqavilə 2015-ci ildə bağlanılmışdır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanmasından sonra Ermənistan-Azərbaycan münaqişəsinə son qoyulmuş və Azərbaycan münaqişə sonrası bərpa, yenidənqurma və reinteqrasiyanı əhatə edən yeni mərhələyə qədəm qoymuşdur. Ərazilərin işğaldan azad edilməsi yüz minlərlə köçkünün öz yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtma hüququnun həyata keçirməsinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı” təsdiq edilmiş və məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi başlanılmışdır. 2015-ci ildə kirayə müqaviləsi bağlanan zaman həmin müqavilənin məhkəmə qaydasına ləğv edilməsi üçün şərtlərindən biri olan kirayəçinin şəxsi vəsaiti hesabına ayrıca yaşayış sahəsinin əldə edilməsi onun “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair İ Dövlət Proqramı”na uyğun olaraq da yaşayış sahəsi ilə təmin edilməsini özündə ehtiva edir. Cavabdeh Laçın şəhərində yerləşən 359 kodlu fərdi yaşayış evinin yararsız vəziyyətdə olduğunu bildirsə də bu halı inzibati qaydada mübahisələndirməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Buna görə də hazırkı qətnamə cavabdehin və ailə üzvlərin konstitusion hüququ olan azadlıq hüququnu məhdudlaşdırılması, yəni iradəsinə zidd olaraq yaşayış sahəsi seçilməsi kimi başa düşülməməlidir. Göründüyü kimi iddia tələbi cavabdeh ilə iddiaçı arasında kirayə müqaviləsinin ləğv edilməsi və kirayəçi və onun ailə üzvlərinin mənzildən çıxarılması ilə bağlıdır. Hazırkı məhkəmə araşdırması zamanı isə 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsini hüquqi əsasları mövcud olmuşdur. Odur ki, cavabdeh dövlət hesabına ayrıca yaşayış sahəsi əldə etdiyindən tərəflər arasında bağlanılmış 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Odur ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilə dair 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi digər yaşayış sahəsi verilməklə məhkəmə qaydasında ləğv edildiyindən və mənzildə hər hansı bir hüquqları mövcud olmayan cavabdehin ailə üzvləri ilə birlikdə yaşaması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hal olduğundan Cavabdeh ailə üzvləri X3, X13 və X10 ilə birlikdə həmin mənzildən çıxarılmalı və mənzil boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə Cavabdeh arasında bağlanmış 23 noyabr 2015-ci il tarixli, 12/65 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ləğv edilsin, Cavabdeh ailə üzvləri X3, X13 və X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzildən çıxarılsın və mənzil boşaldılaraq Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-1626/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1626/2025
01.05.2025 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver