Məhkəmə qərarları › İş №2(012)-163/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-163/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-163/2022 31.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı «mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması səbəbindən ödənilmiş artıq pul məbləğinin qaytarılması» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olması və buna görə ödənilmiş artıq pul məbləğinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu aldadaraq "xxxx" MMC-nin hesabladığına görə əskik verdikləri 12 kv.m pulun yəni 8400 manatın və 10 illik faiz olaraq isə 5000 manatın, ümumillikdə 13400 manat pulun "xxxx" MMC-dən alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 iddia məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə "xxxx" MMC arasında 13 yanvar 2015-ci il tarixdə mənzilin alqı-satqısı haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzili kredit vasitəsi ilə 43400 manat məbləği ödəməyini öhdəsinə götürməklə satın almışdır. İlkin ödəniş olaraq 6500 manat məbləğində pulu "xxxx" MMC-nə ödəmişdir. Belə ki, "xxxx" ASC ilə onun arasında bağlanmış xx.xx.2015-cü il tarixli 15/004 saylı kredit müqaviləsinə əsasən mənzil alınması məqsədilə 36900 manat məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixində yuxarıda qeyd olunan müqavilə üzrə öhdəlik yerinə yetirilmiş, 11 sentyabr 2020-ci il tarixinə İddiaçı sözügedən kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi mövcud deyildir. "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli mənzilin alqı-satqısı haqqında müqavilədə mənzilin kvadratı 62,0 kvadrat metr göstərilsə də və iddiaçıdan 62,0 kvadrat metrin pulu alınsa da, MMC tərəfindən ona 50 kvadrat metrlik mənzil təhvil verilmişdir. İddiaçı mənzilin kvadratının az olmasını sonradan bilmişdir. Əvvəlcədən bilsəydi əgər qəti şəkildə etiraz edər və mənzili təhvil almazdı. İddiaçı bu barədə ilk öncə "xxxx" MMC öz etirazını dəfələrlə bildirmiş və müsbət nəticə əldə edə bilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək, kvadrat metrə görə alınmış əlavə pulu geri tələb edir. Bu özbaşınalığa son qoyulmalıdır. İddiaçı kimi neçə sakin bu vəziyyətdədir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X5 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı iddia tələbi ilə 13 yanvar 2015-ci il tarixdə İH/B-A(b)/0003 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə ilə "xxxx" ASC vasitəsilə kreditlə 43400 manat məbləğinə aldığı daşınmaz əmlak Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240- C saylı, 1 otaqlı 97 nömrəli mənzilin ümumi sahəsinin 62 kv.m.-dən az olduğunu, ödənilmiş fərqin geri qaytarılmasını tələb edir. Hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Mülki iş materiallarından göründüyü kimi İddiaçı mübahisələndirdiyi daşınmaz əmlakı xx.xx.2015-ci il tarixində mənzilin alqı-satqısı haqqında müqaviləsi əsasında əldə etmişdir. Həmin mənzilin vahid əmlak dəyəri tərəflərin razılaşmasına əsasən 43400 manat məbləğində müəyyən edilmişdir. Lakin iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə 6 ildən sonra aprel 2021-ci il tarixində müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. (373.2.) Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. (373.3.) Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. (373.4.) Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. (373.5.) Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirılməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Sadalanan maddi hüquq normasının tələblərinə görə (6 illik) iddia müddəti ötürülmüşdür. Bundan başqa, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 13 yanvar 2015ci il tarixdə İİİ/B-A(b)/0003 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilənin 1.2-ci bəndinə görə, “Satıcı” mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, “Alıcı” isə vahid əmlakı qəbul edib bunun razılaşdırılmış dəyərini birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürür. Müddəanın mahiyyətindən göründüyü kimi “Satıcı” "xxxx" MMC podratçı qismində vahid əmlak dəyəri razılaşdırılmış daşınmaz əmlakı inşa edərək təhvil verməyini öhdəsinə götürmüş, icra edərək “Alıcı” İddiaçı təhvil vermiş, qəbul edilmişdir. Bu da podrat hüquq münasibətlərinin yaranması və bitməsini əks etdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə bes il ərzində irəli sürə bilər. Hazırki mübahisəyə podrat hüquq münasibətləri nöqteyi-nəzərdən yanaşsaq da bir illik və ya beş illik iddia müddəti ötürülmüşdür. Həmçinin, Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandınr, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsini orqanlarına mübahisəli obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yolxanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq. Məhkəmə göstərir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühün əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunverciliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühün əhəmiyyətə malikdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətlərinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Qeyd olunanları, habelə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76, 77, 217.3-cü maddələrini və Mülki Məcəlləsinin 354.1-ci maddəsinə rəhbər tutaraq, 2(012)-163/2022 saylı mülki iş üzrə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbini rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X6 06 dekabr 2020-ci il tarixində keçirilən məhkəmə iclasında izahatında bildirdi ki, mübahisə predmeti olan mənzilə xx.xx.2021-ci il tarixdə baxış keçirilmişdir. Baxış zamanı mənzilin bölünmüş halda olduğu aşkarlanmışdır və bu səbəbdən də arakəsmələr arasındakı məsafəni müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iş materiallarında mənzilin ilkin vəziyyətinə dair sxem olmadığı tərəfindən mənzilin bölünməsindən əvvəl arakəsmələr arasındakı məsafəni hesablamaq mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” nın tələblərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilmiş 240 C saylı binanın 97 saylı mənzil faktiki vəziyyətdə ümumi sahəsi 49,87 m2 təşkil edir. İş materiallarında olan 13 yanvar 2015-ci il tarixli İH/B-A (b)/0003 saylı mənzilin alqı-satqısı haqqında müqavilədən görünür ki, satıcı "xxxx" MMC ilə İddiaçı arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzili 43400 manata alıcı İddiaçı satmışdır. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli, 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları” nın tələblərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF-Park» yaşayış massivində inşa edilmiş 240 C saylı binanın 97 saylı mənzilin ümumi sahəsinin 49,87 m2 təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2906/2021 saylı qərardadı ilə təyin edilmiş əlavə tikinti-texniki ekspertizası nəticəsində AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə cavbdeh "AAAF İNŞAAT” MMC arasında bağlanmış 13 yanvar 2015-ci il tarixli, İH/B-A(B)/0003 nömrəli alqı satqısına dair bağlanmış müqaviləyə əsasən cavabdehin Abşeron rayonu, Xırdlan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa etdiyi 240-C saylı, 10 mərtəbəli yaşayış binasında 1 otaqdan ibarət 97 saylı mənzilin, müqavilədə göstərilən formada (layihədəki dəyişikliklər nəzərə alınmadan) ümumi sahəsinin neçə kv.metr olmasını müəyyən etmək mümkün olmamışdır. Lakin qeyd olunur ki, faktiki vəziyyətdə sözügedən mənzilin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən ümumi sahəsi 49,93 kv.m təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, 13 yanvar 2015-ci il tarixli İH/B-A (b)/0003 saylı mənzilin alqı-satqısı haqqında müqavilə də "xxxx" MMC tərəfindən İddiaçı satılmış «AAAF-Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında ümumi sahəsi 62,0 kv.m olan 1 otaqdan ibarət 97 saylı mənzilnin ümumi sahəsi 62,0 m2 olduğu göstərilsə də, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı rəyi ilə 49.87 m2 və 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı ekspert rəyinə əsasən sözügedən mənzilin ümumi sahəsinin 49,93 m2 olduğu müəyyən edilmişdir. Belə olduğu halda əskik verilmiş 12 kv.metr sahənin, hər kv.metr sahənin 700 manat (43400 manat ÷ 62 m2) təşkil etdiyini nəzərə alaraq İddiaçı artıq alınmış 8400 manat pul vəsaiti (43400- (49,93 m2 × 700 manat) ) "xxxx" MMC tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğısatqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmçinin İddiaçı "xxxx" MMC-nin hesabladığına görə əskik verdikləri 12 kv.m pulun yəni 8400 manatın 10 illik faizi olaraq hesablanmış 5000 manatın cavabdeh "xxxx" MMC-dən alınıb ona verilməsini xahiş etsə də, iddiaçı tərəfindən 10 illik faizi olaraq 5000 manatın hansı göstəricilər əsasında hesablanmasına dair sübutlar məhkəməyə təqdim etmədiyinə görə, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Bundan əlavə məhkəməyə cavabdeh təşkilatin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olmasını sonradan bilmiş, belə olan təqdirdə mənzilin sahəsinin alqı-satqı müqaviləsində göstərildiyindən az olmasının iddiaçının iddia müddəti ərzində xəbərdar olmasını istisna etdiyindən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı eskpert rəyinə əsasən 50 manat, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı eskpert rəyinə əsasən 50 manat,ümumilikdə 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi- VÖEN **********; hesab-AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. "xxxx" MMC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti yerləşən «AAAF- Park» yaşayış massivində inşa edilən 240 C saylı, 10 mərtəbəli yaşayış binasında olan 1 otaqdan ibarət 97 saylı mənzilin satışı zamanı sahəni artıq göstərməklə artıq alınmış 8400 manat cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 10/3345 saylı eskpert rəyinə əsasən 50 manat, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 13 iyul 2022-ci il tarixli, 10/2377 saylı eskpert rəyinə əsasən 50 manat,ümumilikdə 100 manat cavabdeh "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab-AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar