Məhkəmə qərarları › İş №2(012)-1644/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1644/2021

19.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1644/2021 19.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(012)-438/2020 saylı qətnaməsinə əsasən Cavabdeh ilə birgə nikahlarından olan 26.03.2012-ci il təvəllüdlü X3 və 14.12.2013-cü il təvəllüdlü X2 üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq, hər ay hər bir uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahlarından 26.03.2012-ci il təvəllüdlü X8 və 14.12.2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli 2(012)-438/2020 saylı qətnaməsinə əsasən cavabdehlə bağladığı nikah pozulmuş və uşaqların saxlanması üçün hər ay hər bir uşağa görə 160 manat sabit pul məbləğində aliment təyin edilmişdir. Uşaqlarının saxlanması üçün cavabdeh alimenti vaxtlı-vaxtında ödəmir. Uşaqların böyüməsi artıq xərclərinin də artmasına gətirib çıxarır ki, o, təkbaşına bu xərclərin öhdəsindən gəlməkdə çətinlik çəkir. Ehtiyaclarının qarşılanmasında onun atası ona yardım etsə də pandemiya ilə əlaqədar işləmədiyindən atası da artıq ona yardım edə bilmir. Eyni zamanda o, gündəlik təmizlikçi kimi işləyir, rəsmi iş yeri olmadığından stabil gəliri yoxdur. Eyni zamanda, özəl klinikada əməliyyat olduğundan 3500 manat xərci çıxmışdır. Hətta 2021-ci il üçün bir uşağın saxlanması üçün yaşayış minimumu olan məbləğ belə hazırkı aliment məbləğindən xeyli çoxdur. Məhkəmələr isə sabit pul məbləğində alimenti müəyyən edərkən minimumu yox, uşağın əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanması prinsipini rəhbər tutmalıdırlar. Bu səbəbdən uşaqlarının saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda işləmədiyindən alimenti ödəməyə maddi imkanı yoxdur. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 25.01.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Əliyev X7 rayon Masazır ərazi dairəsi Masazır kəndində qeydiyyatdadır. -DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən 25.01.2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı Quba rayon Zərdabi ərazi dairəsi Zərdabi qəsəbəsində qeydiyyatdadır. -Səyyar Asan1 tərəfindən 09.03.2016-cı il tarixdə verilmiş AZE 12410931 seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 14.12.2013-cü il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası Elnarə Əliyevadır. -Səyyar Asan1 tərəfindən 09.03.2016-cı il tarixdə verilmiş AZE 12410930 seriya nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 26.03.2012-ci il tarixdə anadan olmuşdur, atası Cavabdeh, anası Elnarə Əliyevadır. Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsindən görünür ki, X9 ilə Cavabdeh arasında bağlanmış, Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış, 04 dekabr 2010-cu il tarixli, 804 saylı nikah qeydinin ləğv edilməsi, 26 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 14 dekabr 2013-cü il tarixdə anadan olmuş X6 anası X4 yanında qalmalarının müəyyən edilməsi, Cavabdeh 26 mart 2012-ci il tarixdə anadan olmuş X3 və 14 dekabr 2013-cü il tarixdə anadan olmuş X1 üçün X4 xeyrinə hər ay sabit pul məbləğində 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat miqdarında alimentin tutulması, alimentin tutulma müddətinin 12 noyabr 2019-cu il tarixdən X3 və X6 yetkinlik yaşlarına çatana qədər müəyyən edilməsi, qətnamənin aliment hissəsində dərhal icra edilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pulun Cavabdeh tutulub iddiaçı X5 ödənilməsi qət edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, tərəflər arasında olan rəsmi nikah Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə birgə nikahlarından anadan olmuş 26.03.2012-ci il təvəllüdlü X8 və 14.12.2013-cü il təvəllüdlü X10 adlı övladları iddiaçının himayəsində yaşayır. Abşeron Rayon Məhkəməsinin 2(012)-438/2020 saylı, 18.03.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən azyaşlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 160 manat, cəmi 320 manat məbləğində alimentin iddiaçını xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından olmuş 26.03.2012-ci il təvəllüdlü X8 və 14.12.2013-cü il təvəllüdlü X10 adlı iki uşaqları dünyaya gəlmişdir. Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 17 sentyabr 2018-ci il tarixdən başlayaraq 26.03.2012-ci il təvəllüdlü X3 və 14.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən olmuş 26.03.2012-ci il təvəllüdlü X3 və 14.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı 160 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 160 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu bir neçə dəfə artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 160 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, cavabdehin əmək fəaliyyəti ilə məşğul olmaması onun iddiaçı ilə birgə nikahlarından olan uşaqlarının saxlanılması üçün müəyyən olunmuş aliment məbləğini ödəmək vəzifəsindən azad etmir. Belə ki, Qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideyinin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq, 26.03.2012-ci il təvəllüdlü X3 və 14.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 18.03.2020-ci il tarixli, 2(012)-438/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 26.03.2012-ci il təvəllüdlü X3 və 14.12.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar