Məhkəmə qərarları › İş №2(012)-1645/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1645/2022

08.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1645/2022 08.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Əhmədov Habil Yunis oğlu, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Cavabdeh1nə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Cavabdeh1nə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 icra məmuru Elmir İsmayılovun özünə məxsus olan torpaq sahəsinin boşaltmağı ilə bağlı tələbi qanunsuz olduğundan cavabdehə həmin tələbləri etməsinin qadağan edilməsi, həmin iş üzrə icra icraatına xitam verilməsi öhdəliyinin qoyulması barədə qətnamə və qanunsuz hərəkətlərinə görə icra məmuru barəsində xüsusi qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 153.2.1-ci maddəsinin tələblərinə cavab vermədiyindən, həmin ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 60-cı maddəsinin İİ hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. Belə ki, mülki iş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli 2(012)-3575/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 30.03.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1081 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.09 ha torpaq sahəsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, 07.05.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 389 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində X1 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış 0.04 ha torpaq sahəsinə dair cavabdeh X2 tələbi ilə bağlı qanunsuz hərəkətlərinə qadağa qoyulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmiş, qətnamə icra olunması üçün 20.09.2021-ci il tarixdə Cavabdeh1nə göndərilmiş, icra olunması üçün icra məmuru X3 icraatına verilmişdir. İddia tələbindən göründüyü kimi, hazırki iş üzrə iddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair cavabdeh tərəfindən qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə məhkəmə qətnaməsi çıxarıldığı halda, icra məmurunun vəzifə səlahiyyətlərindən suiistifadə etməsi səbəbindən həmin tələblərin cavabdehə qadağan edilməsi, iş üzrə icraata xitam verilməsi öhdəliyinin isə icra məmurunun üzərinə qoyulmasını tələb etmişdir. Mülki Prosessual Məcəllənin: 1.1. maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. İcra haqqında Azərbaycan Respublikası Qanununun: 87.1. maddəsinə əsasən, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. 87.3. maddəsinə əsasən, icra hərəkətinin yerinə yetirilməsi (və ya həmin hərəkətin yerinə yetirilməsindən imtina edilməsi) vaxtı və yeri haqqında xəbərdar edilməmiş şəxslər üçün bu Qanunun 87.1-ci maddəsində maddələrində nəzərdə tutulmuş müddətin axımı həmin şəxslərin müvafiq hərəkət barəsində məlumat aldıqları gündən başlayır. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İcra haqqında Qanun icra məmurunun hərəkət və ya hərəkətsizliyindən icra sənədi üzrə tərəfin icra məmurunun olduğu yer üzrə şikayət ilə inzibati məhkəməyə müraciət etmək hüququnu vermişdir. Hazırki iş üzrə iddia tələbindən isə göründüyü kimi, İddiaçı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət deyil, iddia ərizəsi ilə, həmin tələblə bağlı isə inzibati məhkəməyə deyil, məhz Abşeron rayon Məhkəməsinə müraciət etməklə, qanunvericiliyin tələblərinə riayət etməmişdir. Həmçinin, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biridir və qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılması ilə bağlı qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair “ 6 oktyabr 2012-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə İnzibati-Prosessual Məcəllənin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 16.3-cü bəndinin məzmununa görə ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında “Ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə” verilmiş iddia ərizəsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə və mülki iş materiallarına istinad edərək qeyd edir ki, həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz və iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1. maddəsində «ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə» ifadəsi işə yalnız məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Beləliklə, hazırkı ərizəyə məhkəmədə mülki iddia icraatı qaydasında baxılmalı olmadığından, iddia ərizəsi yolverilməz hesab edilməli və iddiaçıya inzibati qaydada icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İcra Baş İdarəsinə və Cavabdeh1nə qarşı icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçıya inzibati qaydada icra məmurunun hərəkət və ya hərəkətsizliyindən şikayət ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar