Məhkəmə qərarları › İş №2(012)-1646/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1646/2021

03.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1646/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı qızının Cavabdeh oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən xx xxxxxx 2014-cü il təvəllüdlü X1, xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxx 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay, hər uşağa görə 175 manat, cəmi 525 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(012)-1902/2020 saylı qətnaməsi ilə tərəflər arasında olan nikahın pozulması, birgə nikahlarından anada olmuş xx xxxxxx 2014-cü il təvəllüdlü X1, xx xxxxxxx 2016-cı il təvəllüdlü X4 və xx xxxxx 2019-cu il təvəllüdlü X3 İddiaçı (ananın) yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı və hər uşaq üçün 128,4 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)- 2499/2020 saylı qətnaməsi ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin qətnaməsi “azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin yarısı” hissəsində ləğv edilmiş, azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh hər ay hər uşaq üçün 128,4 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Qətnamə ilə müəyyən edilən məbləğ onların dolanışığı üçün kifayət etmir. Uşaqların böyüməsi və onların təhsil xərcləri aliment miqdarının artırılmasını zərurətə çevirir. Cavabdeh isə doğma övladlarına alimentdən əlavə heç bir maddi yardım və mənəvi köməklik göstərmir. Bu səbəbdən də məhkəmə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi X2 iddia tələbini müdafiə edib izahatında bildirdi ki, cavabdeh taksi fəaliyyəti ilə məşğul olur və köhnə alimentdən heç bir borcu yoxdur. Ailəsinin də dolanışığını hər zaman təmin edib. İddiaçı isə heç bir yerdə işləmir və bu səbəbdən də məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləği 3 uşaq üçün azdır. Kiçik uşağın heç 2 yaşı yoxdur və azyaşlıların ehtiyaclarının qarşılanması üçün aliment miqdarı hər ay hər uşaq üçün 175 manat olaraq müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, taksi fəaliyyəti ilə məşğuldur. Uşaqlarla maraqlanır və hazırda böyük oğlu onun yanında qalır. Aliment məbləği artırılmamalıdır, çünki maddi vəziyyəti aşağıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materialları ilə birgə tədqiq edərək işdə olan sübutlara qiymət verib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-2499/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından anadan olan azyaşlıların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşaq üçün 128,4 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçının vəkili-nümayəndəsi izahatında bildirmişdir ki, iddiaçı hazırda işləmir və azyaşlıların tələbatları artmaqdadır. Cavabdeh alimenti vaxtı-vaxtında ödəyir, borcu yoxdur. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh taksi fəaliyyəti ilə məşğuldur və maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması barədə iş materialları arasında hər hansı sübut yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2 maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunandan sonra cavabdehin maddi vəziyyətinin əvvəlkindən daha yaxşı olması sübut olunmadığından, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası əsassız hesab edilməli və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar