Məhkəmə qərarları › İş №2(012)-1649/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1649/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1649/2021 17.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə 17 may 2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın təmin edilməsi, Cavabdeh **********0711 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1129 manat, faiz borcuna görə 24,97 manat, cərimə borcuna görə 0,00 manat olmaqla cəmi 1153,97 manat məbləğində borcun, **********0708 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1198,50 manat, faiz borcuna görə 37,17 manat, cərimə borcuna görə 0,00 manat olmaqla cəmi 1235,67 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nin nümayəndəsi X4 iddia tələbini onunla əsaslandırdı ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmış 28.06.2019-cu il tarixli, **********0711 saylı, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1129 AZN (min yüz iyirmi doqquz manat) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin, eyni tarixli, **********0708 saylı GÜZƏŞTLİ Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 1198.50 AZN (min yüz doxsan səkkiz manat, əlli qəpik) qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 (bir) il güzəşt müddəti müəyyən edilməklə 5 (beş) il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0711 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun bir il güzəşt müddətində hər ay 0.94 AZN, dörd il müddətində isə hər ay 24.01 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. **********0708 saylı Kredit (Restrukturizasiya) Müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1.00 AZN, dörd il müddətində isə hər ay 25.49 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsinin 1.8-ci bəndinə əsasən, Kredit Alan Müqaviləni imzalamaqla Kredit verənə vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqaviləni imzalanan tarixə bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə borcunun olduğunu mübahisəsiz qaydada qəbul etdiyini və hazırki Müqavilə ilə ona ayrılan kredit məbləğinin birbaşa həmin borcun bağlanmasına yönəldilməsinə razılığını təsdiq edir. Kredit müqaviləsinin 1.9-cu bəndinə əsasən, Kredit Verən bu müqaviləni imzalamaqla Kredit Alanın vaxtı keçmiş əsas kredit borcu üzrə bu Müqavilə imzalanan tarixə faiz və cərimə üzrə borclarını əvəzsiz olaraq sildiyini və Borc Alanın bu Müqavilənin 1.1-ci bəndində göstərilən məbləğdə əsas kredit borcunun olduğunu təsdiq edir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, 13.12.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən 28.06.2019cu il tarixli, **********0711 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1129.00 AZN əsas, faiz borcu üzrə 24.97 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1153.97 (min yüz əlli üç manat, doxsan yeddi qəpik) AZN təşkil edir. 13.12.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən 28.06.2019-cu il tarixli, **********0708 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1198.50 AZN əsas, faiz borcu üzrə 37.17 AZN, cərimə borcuna görə 0.00 AZN olmaqla cəmi 1235.67 (min iki yüz otuz beş manat, altmış yeddi qəpik) AZN təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndində qeyd edilmişdir ki, Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir.Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə izahatında bildirdi ki, «FİNCA Azerbaijan» MM QBKT-nin 5 il müştərisi olmuşdur. Sonuncu dəfə ona zaminsiz kredit verilmişdir. O, pandemiyayla əlaqədar olaraq ödəniş edə bilməmişdir. 3 aya krediti tam bağlayacaqdır. İş materiallarında olan 28.06.2019-cu il tarixli, **********0711 saylı kredit müqaviləsindən görünür ki, kredit verən «FİNCA Azerbaijan» MM QBKT ilə kredit alan Cavabdeh sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1129 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1129 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 28.06.2019-cu il tarixli, **********0708 saylı kredit müqaviləsindən görünür ki, kredit verən «FİNCA Azerbaijan» MM QBKT ilə kredit alan Cavabdeh sonuncunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1129 manat qalıq məbləğini ödəməsi məqsədi ilə 1129 manat məbləğində güzəştli krediti verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri bu müqaviləyə əlavə hesab edilən ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit verənə ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. İş materialarında olan «FİNCA Azerbaijan» MM QBKT-nın 22.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28.06.2019-cu il tarixli, **********0711 saylı kredit müqaviləsi üzrə 1129 manat əsas borc, 24,97 manat faiz borcu və 0,00 manat cərimə borcu olmaqla ümumilikdə 1153,97 manat borcu vardır. İş materialarında olan «FİNCA Azerbaijan» MM QBKT-nın 13.12.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28.06.2019-cu il tarixli, **********0708 saylı kredit müqaviləsi üzrə 1198,50 manat əsas borc, 37,17 manat faiz borcu, 0,00 manat cərimə borcu olmaqla ümumilikdə 1235,67 manat məbləğində borcun Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh arasında 28.06.2019-cu il tarixli, **********0711 saylı və 28.06.2019-cu il tarixli, **********0708 saylı kredit müqavilələri və həmin müqavilələrdən irəli gələn öhdəliklərin təmini üsulu kimi «FİNCA Azerbaijan» MM QBKT ilə X1 arasında zaminlik müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanılıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Cavabdeh ilə iddiaçı «FİNCA Azerbaijan» MM QBKT arasında bağlanılmış 28.06.2019-cu il tarixli, **********0711 saylı və 28.06.2019-cu il tarixli, **********0708 saylı kredit müqavilələri üzrə cavabdeh (kredit alan) üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehlərdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 28.06.2019-cu il tarixli, **********0711 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1129 manat, faiz borcuna görə 24,97 manat olmaqla, cəmi 1153,97 manat məbləğində borc, 28.06.2019-cu il tarixli, **********0708 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1198,50 manat, faiz borcuna görə 37,17 manat olmaqla cəmi 1235,67 manat məbləğində borc olmaqla, ümumilikdə 2389,64 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar