Məhkəmə qərarları › İş №2(012)-1663/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1663/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1663/2025 17.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.500manat (12000-1500=10.500man) pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2016-cı ildə Abşeron rayon Arxiv şöbəsində tanış olduqda ona bildirmişdi ki, onun yaşadığı evlə və torpaq sahəsi ilə mübahisələri var,ona kömək etmək lazımdır. Cavabdehi məhkəmələrdə təmsil etmək məqsədilə 2016-cı ildən 2021-ci ilədək onu məhkəmələrdə və digər dövlət orqanlarında təmsil etmək üçün notarial etibarnamə vermişdir. Cavabdehlə həm şifahi ,həm də xx.xx.2016-cı ildə rəsmi tapşırıq müqaviləsi bağlamışdır. Qarşlıqlı razılaşma əsasında görüləcək tapşırıq müqaviləsinə görə müqavilə imzalandıqdan sonra işlərə görə muzd və zəhmət haqqı olaraq qiymətini 12.000 manat qiymətləndirmişdir. Beləliklə, 2016-cı ildə onun yuxarıda göstərildiyi qeydiyyatda olmaqla yaşadığı evinin məhkəmə mübahisəsi (iddiaçı X1) ilə məhkəmə mübahisəsi Azərb. Respub. Ali Məhkəməsinə qədər gedib çıxdı. Bundan başqa vərəsəliklə bağlı sənədləşdirməsini başa çatıdırıb,çıxarış əldə etmək üçün DƏDRX-ya vermişdir. İmtina edildiyinə görə imtinanı əldə etdikdən sonra Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsini vermişdir. Hazırda həmin inzibati iş Sumqayıt İnzibati məhkəməsinin icraatındadır. Pul vəsaiti (muzd-əmək haqqı) ödənişi “tapşırıq verən”tərəfındən “tapşırıq alana “müqavilədə göstərilən müddətdə ödənilməlidir. Həmin müqavilənin 3-cü bəndinə görə “Tapşırıq verən” razılaşdırılmış 12.000(on iki min) AZN pulu işlər başa çatana qədər tam şəkildə “tapşırıq alana ”ödəməyi öhdəsinə götürmüşdür. Bununla belə cavabdeh həmin müqavilənin şərtlərini pozaraq 2016-cü ilin may ayından dekabır ayınnın sonunadək cəmi 1500(min beş yüz)manat ödəmişdir. Sonda cavabdeh qalıq pulu (10.500manat) ödəməkdən imtina etmişdir. Bu məhkəmə mübahisələri ilə bağlı xeyli işlər görülmüş, işlər 3 məhkəmə instasiyasınadək aparılmış,xərclər çəkilmişdir. Bundan başqa, Cavabdeh başqa məhkəmə, icra, sənədləri toplamış və digər vərəsəlik işləri həll edilmişdir. Buna baxmayaraq Cavabdeh ilə keçən müddət ərzində dəfələrlə telefon əlaqəsi yaradaraq məhkəmədən kənar məsələni həll etmək istəsə də, bu alınmamış telefon nömrəisini dəyişmişdir.Hətta son günlər onun mobil telefonuna zəng edərək 10 il əvvəl ona zəhmət haqqı olaraq ödədiyi 1500 manatı geri tələb edir, əks halda polisə müraciət edəcəyini bidirir. Ona görə də,qayda və qanunlara uyğun olaraq qeydiyyatda olduğu ünvana pretenziya göndərərək 2(iki) gün ərzində ona borclu olduğu 10.500 manatı poçt vasitəsi ilə ünvanına göndərilməsini xahiş etmişdir. Əks halda,Azərbaycan Respublikası MPM-in 4.maddəsinə əsasən pulun məhkəmə qaydasında alınması üçün məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilsə də, heç bir cavab verilməmişdir. Ona görə də aidiyyatı üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ali təhsilli hüquqşünas olaraq 2017-ci ilin dekabır ayınadək vətəndaşlara hüquq və digər xidmətlər göstərmişdir, VÖEN-i var,vergi ödəyicisidir. Göründüyü kimi Cavabdeh tapşırıq müqaviləsinin şərtlərinə əlməl etməmiş, bu müddət ərzində zəhmət(muzd)haqqımı ödəməkdən imtina etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. O, bildirdi ki, onunla iddiaçı arasında heç bir müqavilə bağlanmamışdır. O, iddiaçıya bir dəfə 1500 manat, bir dəfə 300 manat, bir dəfə 50 manat, cəmi 1850 manat pul vermişdir. İddiaçı onu aldadaraq özünü vəkil kimi təqdim etmişdir. O, bununla bağlı polisə müraciət etmişdir. Məhkəmə cavabdehi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş çoxsaylı məhkəmə qərar və qətnamələrindən, həmçinin məhkəmə çəkişmələrinə dair sənədlərdən görünür ki, Cavabdeh əmlakla bağlı bir sıra məhkəmə işləri olmuşdur. Həmçinin sənədlərdən müəyyən olunur ki, İddiaçı 2017ci il ərzində Cavabdeh nümayəndəsi kimi məhkəmə proseslərində iştirak etmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında hüquqi yardım göstərilməsi üçün razılaşma olmuşdur. İddiaçı bildirir ki, tərəflər arasında yazılı tapşırıq müqaviləsi bağlanmasına baxmayaraq, o, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə razılaşdırılmış məbləği ona ödəməmişdir. Cavabdeh isə bildirir ki, iddiaçı onu aldadaraq özünü vəkil kimi təqdim edərək onun etibarından sui-istifadə etmişdir. O, bununla bağlı artıq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Onlar arasında heç bir yazılı müqavilə olmamışdır. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı öhdəlik münasibətləri yaranmamışdır. Cavabdeh İddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu barədə hər hansı əqd bağlanmamışdır. İddiaçı tələb edilən pul məbləğinin tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli tapşırıq müqaviləsi əsasında yarandığını iddia etsə də, öz iddiasını təsdiq edən mötəbər sübutları (tapşırıq müqaviləsini) məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777-ci maddəsinə görə tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778-ci maddəsinə görə vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir 779 –cu maddəsinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik yaranmadığından, Tahir Teymur oğlunun Cavabdeh qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pulun tutulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar