Məhkəmə qərarları › İş №2(012)-1666/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1666/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1666/2022 13.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsi üzrə 2303,37 manat məbləğində əsas borcu və 710,91 manat faiz borcu olmaqla, cəmi 3014,28 manat borcun və 10 iyul 2020-ci il tarixli, 200804- 749418/3 nömrəli kredit müqaviləsi üzrə 2244,46 manat məbləğində əsas borcu və 901,77 manat faiz borcu olmaqla, cəmi 3146,23 manat borcun və 82,01 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 23 % dərəcəsi ilə 3500 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 24 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. 05.01.2021-ci il tarixdə Cavabdeh İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsi üzrə və 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsi üzrə ona növbəti 3 ay üçün əsas borc ödənişinə güzəşt dövrü verilməsini xahiş etmişdir. İddiaçı ASC Cavabdeh tərəfindən müraciət edilmiş ərizəyə baxaraq, 05.01.2021-ci il tarixdə 21 noyabr 2019cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsinin müddəti çərçivəsində 23 % dərəcəsi ilə və 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsinin müddəti çərçivəsində 24 % dərəcəsi ilə hər iki müqavilə üzrə xidmət haqqı tutulmadan, təminatsız əsas borcun ödənişinə 3 ay vaxt dövrü verilməsi, güzəşt dövrü bitdikdən sonra qalıq məbləğ annuitet ödəniş qaydasında bərabər hissələrlə ödənilməsi barədə sərəncamlar verilmişdir. Buna baxmayaraq borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 26 yanvar 2022-ci il tarixinə 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsi üzrə 2303,37 manat məbləğində əsas borcu və 710,91 manat faiz borcu olmaqla, cəmi 3014,28 manat borcu və 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsi üzrə 2244,46 manat məbləğində əsas borcu və 901,77 manat faiz borcu olmaqla, cəmi 3146,23 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki,o, borcu qəbul edir. Həyat yoldaşı xərçəng xəstəsi olduğu üçün işdən çıxmalı olmuş və övladlarına baxmışdır. Bu səbəbdən 1 ildir ki, ödəniş edə bilmir. Hal-hazırda işsizdir. Borcu ödəməyə maddi imkanı yoxdur. İş materiallarında olan 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 36 ay müddətinə illik 23 % dərəcəsi ilə 3500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka 26 yanvar 2022-ci il tarixə 2303,37 manat əsas borc və 710,91 manat faiz borcu olmaqla, cəmi 3014,28 manat borcu vardır. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə bağlanmış və bu müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə illik 24 % dərəcəsi ilə 3000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 26 yanvar 2022-ci il tarixli maliyyə arayışından görünür ki, 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh banka 26 yanvar 2022-ci il tarixə 2244,46 manat məbləğində əsas borcu və 901,77 manat faiz borcu olmaqla, cəmi 3146,23 manat borcu vardır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında 21 iyun 2019-cu il tarixli, 100821-77896/10 nömrəli və 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqavilələri bağlanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 21 iyun 2019-cu il tarixli, 100821-77896/10 nömrəli və 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqavilələri üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini alqı-satqı müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və geçikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 82,01 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 21 noyabr 2019-cu il tarixli, 200804-749418/2 nömrəli kredit müqaviləsi üzrə 2303,37 manat məbləğində əsas borcu və 710,91 manat faiz borcu olmaqla, cəmi 3014,28 manat borc və 10 iyul 2020-ci il tarixli, 200804-749418/3 nömrəli kredit müqaviləsi üzrə 2244,46 manat məbləğində əsas borcu və 901,77 manat faiz borcu olmaqla, cəmi 3146,23 manat borc və 82,01 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar