Məhkəmə qərarları › İş №2(012)-1668/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1668/2022

07.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1668/2022 07.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair mülki işə 07 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyul 2019cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə 5292,17 manat əsas borc və 334,28 manat faiz borcu olmaqla, cəmi 5626,45 manat və dövlət rüsumu olaraq ödənilmiş 76,26 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 19 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatından illik 22 faizlə 35 ay müddətinə 15000 manat kredit verilmişdir. “TBC Kredit” BOKT-la İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 26 yanvar 2021-ci il tarixli müqaviləyə 29 yanvar 2021-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2022-ci il yanvarın 21-dək Cavabdeh Banka 19 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5292.17 manat əsas borc və 334.28 manat faiz borcu olmaqla, cəmi 5626.45 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nəticədə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan 19 iyul 2019-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh “TBC Kredit” BOKT tərəfindən 35 ay müddətinə illik 22 % ödəmək şərti ilə 15000 manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan “TBC Kredit” Bank Olmayan Kredit Təşkilatı ilə İddiaçı ASC arasında bağlanmış tələbin güzəşti barədə 26 yanvar 2021-ci il tarixli müqaviləyə 29 yanvar 2021-ci il tarixli 1 saylı Əlavə Sazişdən görünür ki, Cavabdeh ilə “TBC Kredit” BOKT arasında bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsinə əsasən borcu tələb etmək hüququ İddiaçı ASC-yə ötürülmüşdür. Mülki işin materiallarında olan maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-yə 19 iyul 2019-cu il tarixli kredit müqaviləsi üzrə 5292.17 manat əsas borc və 334.28 manat faiz borcu olmaqla, cəmi 5626.45 manat borcu vardır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, “TBC Kredit” BOKT-la Cavabdeh arasında 19 iyul 2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Bank müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Bankın borcu tələb etmə hüququ hazırki iş üzrə İddiaçı ASC-yə ötürülmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh ilə bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə 5292,17 manat əsas borc və 334,28 manat faiz borcu olmaqla, cəmi 5626,45 manat pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı, bununla da iddia təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 76,26 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 76,26 manat məbləğində pul vəsaiti cavabdehdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə bağlanmış 19 iyul 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 5292,17 manat əsas borc və 334,28 manat faiz borcu olmaqla, cəmi 5626,45 manat və ödənilmiş dövlət rüsumu üçün 76,26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar