Məhkəmə qərarları › İş №2(012)-1672/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1672/2023

18.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1672/2023 18.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə 18 aprel 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə avtomobilə dəymiş zərərin əvəzi olaraq 805 manat pulun və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsalandırmışdır ki, 04 yanvar 2023-cü il tarixdə, saat 12:00 radələrində onun istifadəsində olan “Toyota Land-Cruiser-Prado Minik” markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobillə S.S.Axundov küçəsi ilə hərəkətdə olan zaman ondan arxada onunla eyni istiqamətdə hərəkətdə olan Cavabdeh1 idarə etdiyi "Toyota Prius" markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilini arxa hissədən vurmuş, nəticədə servisdən aldığı qüsur aktı əsasından onun avtomobilinə 805 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda onun avtomobili təmirsiz vəziyyətdədir. Onun tərəfindən avtomobilin mülkiyyətçisi Cavabdeh2 və sürücü Cavabdeh1 dəymiş ziyanın ödənilməsi barədə müraciət edilməsinə baxmayaraq onlar ödəniş etməkdən qəti imtina etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə polis əməkdaşları gəlmiş, sürücü Cavabdeh1 barəsində protokol tərtib edilmişdir. Cavabdeh1 tərəfindən ona dəymiş 805 manat maddi ziyan könüllü olaraq ödənilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi.Bildirdi ki, Avtomaşını hazırda təmir elətdirmişdir və bu barədə qaima faktura və mədaxil qəbzini məhkəməyə təqdim etmişdir. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki iş materiallarında olan “Great Motors QSC” tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixdə verilmiş qüsur aktından görünür ki, «Toyota Prado» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin təmir xərci cəmi 805 manat təşkil edir. Mülki iş materiallarında olan ******* №-li qaimə fakturadan görünür ki, avtomobilə alınan hissələrin qiyməti cəmi 525 manat təşkil edir. Mülki iş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023-cü ildə 1 ədəd Bufer üçün 225 manat, xx.xx.2023-cü ildə 1 ədəd Bufer üçün 300 manat, xx.xx.2023-cü ildə Servis xidməti 280 manat, cəmi 805 manat ödənilmişdir. Mülki iş materiallarında olan TP ******* nömrəli xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixində, saat 12:00-da S.S.Axundov küçəsi istiqamətində hərəkətdə olan zaman “Toyota Prius (Hibrid) Minik” markalı, ** CK *** nömrəli nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü və 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş, 40 manat məbləğində cərimə edilmişdir. Mülki iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, «Toyota Land-Cruiser-Prado Minik» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixində, saat 12:00-da radələrində özünə məxsus «Toyota Prado» markalı, ** SC *** dövlət nömrə nişanlı avtomobili ilə S.S.Axundov küçəsi istiqamətində hərəkət edirdi. Bu zaman onun avtomobili ilə qəza törətmiş “Toyota Prius” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 mülkiyyətində olmuşdur. Cavabdeh1 tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** CK *** dövlət nömrə nişanlı avtomobil S.S.Axundov küçəsi istiqamətində gedərkən araməsafəsi qaydalarını pozmaqla onun avtomobili ilə toqquşmuşdur. Toqquşma nəticəsində idarə etdiyi «Toyota Prado» markalı, ** SC *** dövlət nömrə nişanlı avtomobilin buferinin arxa şarlottası, sağ işıq qaytarıcısı (otrajatel), şarlottanın rezini, buferin üst xromu, sağ brızqavık və radar zərbədən sıradan çıxmışdır. “Great Motors QSC” tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən «Toyota Prado» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilin hissələrinin təmir xərci cəmi 805 məbləğindədir. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından məhkəmə həmin məbləğlə razılaşır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hər ikisi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş ziyan üçün cavabdehdir, ona görə də ziyan məbləği olaraq 805 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İşin materiallarından da müəyyən edilir ki, hazırki iş üzrə məhkəmə xərcləri iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, dövlət rüsumu üçün ödənilmiş olan 30 manat məbləğində pul vəsaiti cavabdehlərdən bərabər qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı məxsus «Toyota Prado» markalı, ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın əvəzi olaraq 805 manat pul və ödənilmiş dövlət rüsumu üçün 30 manat, cəmi 835 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar