Məhkəmə qərarları › İş №2(012)-1673/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1673/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1673/2023 15.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-yə qarşı artıq alınmış pulların geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-yə qarşı artıq alınmış pulların geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 5173 manat məbləğində pulun, dövlət rüsumu kimi köçürdüyü 60.40 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK-nın Sumqayıt filialı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən həmin şirkətə məxsus, ünvan 1 ünvanında yerləşən 62 saylı, sahəsi 85,5 kv.m. olan 3 otaqlı mənzili 98285 (doxsan səkkiz min iki yüz səksən beş) manata almaq barədə razılığa gəlmiş və həmin mənzilin 1 kv.m.-nin dəyəri 1149.53 manat müəyyən edilmişdir. İddiaçı həmin mənzilin dəyərini tam olaraq ödəmiş və xx.xx.2017-ci il tarixdə onun həmin mənzil üzərində mülkiyyət hüquqları döylət qeydiyyatından keçməklə ona ******* nömrəli RX seriyalı çıxarış da verilmişdir. Həmin çıxarışda mənzilin sahəsi 81 kv.m. göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 85.5 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4.5 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da iddiaçıdan 5173 (beş min yüz yetmiş üç) manat məbləğində artıq pul almışdır. İddiaçıdan artıq alınmış həmin vəsait ona vurulmuş maddi ziyan kimi qiymətləndirilməklə cavabdehdən alınaraq ona geri qaytarmalıdır. İddiaçı bu mənzilləri alarkən pulları bankdan kredit götürmüş və həmin pula görə banka əlavə faiz ödənişləri həyata keçirmiş və nəticədə 2000 manat məbləğində əlavə maddi ziyana da düşmüşdür. Bundan başqa cavabdehin onu aldatması, ona aldığından kiçik ölçüdə mənzil satması ona ağır mənəvi stres yaratmış, ona 3000 (üç min) manat mənəvi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, iş üzrə alınmış ekspert rəyi ilə razı deyildir. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 iddia tələbinə verdiyi etirazı müdafiə edərək bildirdi ki, iddiaçının tələbi tam əsassızdır və ziddiyətlidir. Belə ki, İddiaçı ilə Kristal Abşeron MTK arasında 16 oktyabr 2015-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə» bağlanmışdır. Tərəflər arasında bağlanmış, 16 oktyabr 2015-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»dən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, «Sifarişçi» bu müqaviləni əsas tutaraq sifariş edir, «X1 MTK Sumqayıt şəhəri 6-cı mikrorayon ev 35M ünvanında yerləşən 62 saylı 3 otaqlı mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil faktiki ümumi sahəsi 85,5 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 98 285 (doxsan səkkiz min iki yüz səksən beş ) manat olmaqla dəyişməz olaraq qalır. İddiaçmm iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 4,5 kv metr az olması və bununla bağlı olaraq ondan əsassız olaraq 4,5 kv metrə görə artıq pul alınması tamamilə əsassızdır. Anoloji iddia tələbləri ilə bağlı qüvvədə olan məhkəmə qətnamələri ilə də müəyyən olunmuşdur ki, müqavilədə göstərilən sahə ölçüləri ilə mənzilin faktiki sahə ölçülərində heç bir fərq mövcud deyildir və buna dair bir neçə ekspertiza rəyləri də mövcuddur. Müqavilənin şərtlərinə uyğun olaraq, hər iki tərəf arasında aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılaşmaya əsasən, mənzilin sahə ölçüləri və dəyəri layihə sxeminə uyğun olaraq müəyyən edilmişdir. Bundan başqa iddiaçı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda mənzilin sahəsinin 81 kv metr qeyd edildiyini bildirir. Bu fakt qəbul edilməzdir. Ona görə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən mənzilin sahə ölçüsü düzgün hesablanmamışdır. Analoji işlərlə bağlı Məhkəmələr tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxanşda göstərilən sahə ölçüsü ilə, mənzilin faktiki sahə ölçüsü arasında fərq mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən eyni sahəyə və eyni layihəyə məxsus mənzillərə dair verdiyi çıxanşlarda da fərqlər mövcuddur. Odur ki, İddiaçı cavabdeh Kristal Abşeron MTK -ya qarşı «müqavilə üzrə artıq ödənilmiş pul vəsaitinin geri qaytanlması» tələbinə dair iddiasının təmamilə əsassız olması səbəbindən, rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - 14 oktyabr 2015-ci il tarixli, ********* saylı Payçı müqaviləsindən müəyyən edilir ki, “MTK” adlanan Cavabdeh pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzili tikib “Payçı” İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. - Həmin müqaviləyə əsasən mənzilin sahəsi 85,5 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 94110,68 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 23,10 faiz, yəni 21740,8 manatdır. İddiaçı müqavilə qiymətinin qalan 72370 manat məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən cədvəl üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanı (ümumi sahəsi 81.0 kv.m) Daşınmaz Əmlakın Dövlət Reyestrində 302 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi, **********69-05305- 093018 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Texniki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, reyestr nömrəsi **********69- 05305-093018 olan ünvan 3 ünvanı İddiaçı adına xx.xx.2017-ci il tarixdə 31875 inventar nömrəsi ilə qeydə alınmışdır. Mənzil 9-cu mərtəbədə yerləşir, 3 otaqlı, ümumi sahəsi 81.0 kv.m, yaşayış sahəsi 50.5 kv.m-dir. - xx.xx.2018-ci il tarixli İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanını (ümumi sahəsi 81.0 kv.m) "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri onlar arasında olan razılığa əsasən 94110.68 (doxsan dörd min bir yüz on manar altmış səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, 16 oktyabr 2015-ci il tarixdə götürdüyü 72,370.00 (yetmiş iki min üç yüz yetmiş) manat məbləğində kredit öhdəliyi tam ödənilmiş və 16 oktyabr 2018-ci il tarixinə həmin kredit üzrə borcu yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 10/2676 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Sumqayıt şəhəri, 6-cı mikrorayon S.Vurğun küçəsində yerləşən 5-ci bina, blok 5, 62 saylı mənzilin sahəsinin İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı müqavilənin 2.5-ci bəndinə uyğun olaraq yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Tədqiq olunan mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə olduğu müəyyən olunur. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. - Azərbaycan Respublikası Daxili X2 yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında xx.xx.2017-ci il tarixdən qeydiyyatdadır. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh 14 oktyabr 2015-ci il tarixli, ********* saylı Payçı müqaviləsinə əsasən Cavabdeh pay qismində çıxış edən Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzili tikib İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən mənzilin sahəsi 85,5 kv.m təşkil edir. Müqavilənin ümumi dəyəri 94110,68 manat təşkil edir. Müqavilənin ilkin ödənişi 23,10 faiz, yəni 21740,8 manatdır. İddiaçı müqavilə qiymətinin qalan 72370 manat məbləğini müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən cədvəl üzrə ödəniş etməyi öz öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən 16 oktyabr 2015-ci il tarixdə götürdüyü 72,370.00 (yetmiş iki min üç yüz yetmiş) manat məbləğində kredit öhdəliyi tam ödənilmiş və 16 oktyabr 2018-ci il tarixinə həmin kredit üzrə borcu yoxdur. Həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3 ünvanı (ümumi sahəsi 81.0 kv.m) xx.xx.2017-ci il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İddiaçı hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, çıxarışda mənzilin sahəsi 81 kv.m. göstərilmişdir, halbuki cavabdeh şirkət ondan 85.5 kv.m.-nin tam dəyərini almış, əslində isə ona təxminən 4.5 kv.m. az sahəsi olan mənzili satmışdır. Bununla da ondan 5173 (beş min yüz yetmiş üç) manat məbləğində artıq pul almışdır. Odur ki, Cavabdeh MTK-nın Sumqayıt filialı ilə bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Payçı Müqaviləsinə əsasən cavabdehin ondan artıq aldığı 5173 manat məbləğində pulun, dövlət rüsumu kimi köçürdüyü 60.40 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. İş üzrə alınmış ekspert rəyində İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı müqavilənin 2.5-ci bəndinə uyğun olaraq yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən olunur. Tədqiq olunan mənzil üzrə oxdan oxa ölçülər nəzərə alındıqda İddiaçı satılmış mənzilin sahəsinin xx.xx.2015-ci il tarixli ********* saylı müqavilədə göstərilən sahəyə və müqaviləyə olduğu müəyyən edilmişdir. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzilin ümumi qiymətin 94110,68 manat olması barədə razılığa gəlmişlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkətetməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. İşdən görünür ki, hazırkı mübahisənin predmetini müqavilədən irəli gələn münasibətlər təşkil etdiyindən maddi hüquq norması kimi həmin maddələrə istinad edilməsi işin obyektiv həlli üçün yetərli deyil. Yuxarıda qeyd edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, işin hallarına qiymət verərkən müqavilənin mənzilin sahəsi ilə bağlı şərtlərini onun bağlanması zamanı tərəflərin müqavilə azadlığı prinsipinə uyğun olaraq həqiqi iradə ifadəsinin nədən ibarət olmasını, habelə həmin dövrdə yaşayış sahələrinin podrat müqaviləsi üzrə tikintisi zamanı təhvil veriləcək sahənin hesablanması ilə bağlı (mənzilə daxil olan bütün sahələrin: divaraltı, sanitar qovşağı, balkon, şaxta daxil olmaqla) formalaşmış işgüzar adətləri nəzərə alınmalıdır. Mübahisəli mənzilin alınması ilə bağlı tərəflər arasında imzalanmış 14 oktyabr 2015-ci il tarixli, ********* saylı Payçı müqaviləsinin şərtləri təfsir edildikdə, həmçinin tərəflərin iradə ifadəsinin həqiqi mənası, bütövlükdə müqavilənin hərfi mənası nəzərə alındıqda, məlum olur ki, həmin müqavilə alqı-satqı barədə deyil, podrat müqaviləsidir (müqavilənin 1.2; 3.1.,3.2,4; 4.7-ci maddələri və s.). Tərəflər arasında bağlanmış həmin müqavilərə əsasən isə podratçı kimi Cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüşdür ki, Sumqayıt şəhəri, 6-cı mkr Səməd Vurğun küçəsndə tikilməkdə olan bina 5, blok 5, mərtəbə 9, 3 otaqlı, 62 nömrəli mənzili inşa edib təhvil verəcək. Müqavilədə mənzilin yaşayış və köməkçi sahələrinin ölçüləri barədə heç bir müddəa yoxdur. Bu müqavilə ilə sifarişçi, İddiaçı isə MTK qarşısında öhdəlik götürmüşdür ki, həmin mənzilə görə 94110,68 manat ödəyəcəkdir. Mənzilin dəyərinin sifarişçi tərəfindən tam ödənilməsi işin mübahisəsiz halıdır. İşdə olan tikilinin plan sxemindən mənzilin tikintialtı sahəsinin 85.5 kv.m. oladuğu müəyyən edilir. Göründüyü kimi iddiaçı kooperativlə müqavilə bağlayarkən müqavilədə, tikilinin plan sxemində mənzilin sahəsinin 85.5 kv.m. oladuğunu görmüş və onu qəbul edərək müqaviləni imzalamışdır. Məhkəmə ekspert rəyinə münasibət bildirərək qeyd edir ki, iş üzrə alınmış ekspert rəyində yaşayış, yardımçı balkon sahələri, daxili divaraltı beton sütunlarının alt sahələri daxil olmaqla 83,94 m2 olduğu, bu sahənin müqaviləyə əsasən iddiaçıya satılmış 85,5 m2 sahədən 1,56 m2 az olduğu müəyyən edilmişdir. Rəydə göstərilmiş mənzil sahəsinin ölçüsü müqavilədə göstərilmiş ölçü ilə fərqlənsə də, məhkəmə hesab edir ki, rəydəki mənzil sahəsinin ölçüsü sübut kimi qiymətləndirilməmli, tərəflər arasında bağlanmış müqavilədəki mənzil sahəsi əsas götürülməlidir. Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 389.1. maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə ekspertizası xərci 50 manat iddiaçıdan tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı İddiaçı Cavabdeh MTK-yə qarşı artıq alınmış pulların geri tələb edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. İddiaçı aparılmış ekspertiza tədqiqatına görə 50 manat tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil.Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar