Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1677/2022 06.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, İddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsi Cavabdeh qarşı vurulmuş maddi ziyanın əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyanın əvəzi olaraq 637,91 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 1(012)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmə əsasən Cavabdeh üzərinə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün xx.xx.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda xx.xx.2020-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, üç ədəd ev siqnal ötürücüsü və enerji doldurucusu təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh cəzanın bitməsi ilə əlaqədar olaraq ona tətbiq edilmiş elektron nəzarət vasitələri təhvil alınaraq Probasiya Xidmətinin Monitorinq İdarəsinə təhvil verilmiş və həmin İdarə tərəfindən təqdim edilmiş texniki rəydə elektron qolbağın qapağının açılaraq su ilə təmasda olduğu göstərilmişdir. Elektron qolbağın qiyməti isə 637,91 manat təşkil edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 1(012)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh 06 dekabr 2018-ci il tarixdən hal hazırki vaxtadək şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu 05 ay 11 gün nəzərə alınmış, azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Cavabdeh üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Mülki işin materiallarında olan elektron nəzarət dəstinin vəziyyəti haqqında 10 iyun 2021-ci il tarixli texniki rəydən görünür ki, texniki baxış nəticəsində nəzarət subyektinə təhkim olunmuş elektron qolbağın qapağı açılaraq su ilə təmasda olmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə və Təminat İdarəsinin arayışından görünür ki, elektron nəzarət vasitələrinin elementlərinin dəyəri aşağıdakı kimidir: - biometrik məlumatların yoxlanılması üçün lisenziyalar-88,26 manat; siqnal ötürücüsü-108,32 manat: - mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə- 1346,03 manat; - elektron qolbaqlar stasionar və mobil enerji mənbəyini dəstəkləyən cihazlarla birlikdə-637,91 manat. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 1(012)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bu hökmlə ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, lakin cavabdeh üzərinə qoyulan bu vəzifəni lazımi qaydada icra etməmiş, elektron qolbaq su ilə təmasda olmuş, bunun nəticəsində cihaz sıradan çıxmışdır. Təqdim edilmiş mötəbər sübutlarla müəyyən edilir ki, stasionar və mobil enerji mənbəyini dəstəkləyən cihazlarla birlikdə elektron qolbağın dəyəri 637,91 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından göründüyü kimi, nəzarət cihazının zədələnməsilə bağlı iddiaçıya dəyən ümumi ziyanın məbləği 637,91 manat müəyyən edilir. Mülki Məcəllənin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 637,91 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Sumqayıt şəhər Probasiya Şöbəsinə ödənilməli, iddia təmin edilməlidir. MPM-nin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasibolaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır İşdən görünür ki, iddiaçı büdcədən maliyyələşən qurum kimi dövlət rüsumu ödəməkdən azaddır. Bununla belə, tələbin həcminin 637,91 manat olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 637,91 manat məbləğində pul vəsaiti tutularaq Sumqayıt şəhər Probasiya Şöbəsinə ödənilsin. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 30 manat pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1677/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1677/2022
06.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver