Məhkəmə qərarları › İş №2(012)-1714/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1714/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1714/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı «xxxx» MMM QBKT-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «xxxx» MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə 19 may 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı «xxxx» MMM QBKT-ın xeyrinə əsas borc üzrə 1031.20 manat, 74 manat faiz borcu üzrə, 366.81 manat cərimə olmaqla, cəmi 1472.01 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 24.10.2014-cü il tarixli **********1453 saylı kredit müqaviləsinə əsasən biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün bank tərəfindən Cavabdeh1 15 ay müddətinə illik 32 % ödəmək şərti ilə 2400 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən borclunun hər ay 197 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyi Cavabdeh1 yerinə yetirməmişdir. Həmçinin, 24.10.2014-cü il tarixli **********1453 saylı kredit müqaviləsi 24.06.2015-ci il tarixli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1548.53 manat, faiz 0.00 manat, cərimə 0.00 manat müəyyən edilmişdir. Beləliklə, 11.01.2021-ci il tarixinə kredit müqaviləsi üzrə borcun məbləği əsas borc üzrə 1031.20 manat, 74 manat faiz borcu, 366.81 manat cərimə olmaqla, cəmi 1472.01 manat təşkil edir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi barədə danışıqlar aparılmış, lakin heç bir nəticə əldə edilmədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı «xxxx» MMM QBKT-ın nümayəndəsi X3 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 24.10.2014-cü il tarixli **********1453 saylı kredit müqaviləsinə əsasən «xxxx» MMM QBKT tərəfindən Cavabdeh1 15 ay müddətinə illik 32 % ödəmək şərti ilə 2400 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası barədə zamin durmuşdur. Mülki işin materiallarında olan 24.10.2014-cü il tarixli **********1453 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 24.06.2015-ci il tarixli sazişdən müəyyən edilir ki, 24.10.2014-cü il tarixli **********1453 saylı kredit müqaviləsi 24.06.2015-ci il tarixli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1548.53 manat, faiz 0.00 manat, cərimə 0.00 manat müəyyən edilmişdir. Mülki işin materiallarında olan 11.01.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 26.11.2015-ci il tarixli, **********2124 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borc üzrə 1031.20 manat, 74 manat faiz borcu, 366.81 manat cərimə olmaqla, cəmi 1472.01 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-cu maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 366.81 manat cərimənin məbləği azaldılmalı və 36 manat olaraq müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh1 1031.20 manat, 74 manat faiz borcu, 36 manat cərimə olmaqla, cəmi 1141.20 manat məbləğində pul tutularaq «xxxx» MMM QBKT-yə ödənilməlidir. Məhkəmə iddia tələbi cavabdeh zamin Cavabdeh2 münasibətdə qanunsuz və əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi 24.10.2014-cü il tarixli kredit müqaviləsinin son müddəti 24.01.2016-cı ildir. İddiaçı isə hazırkı iddia ilə məhkəməyə 03.02.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğindəki hissəsi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 əsas borc üzrə 1031.20 manat, 74 manat faiz borcu, 366.81 manat cərimə olmaqla, cəmi 1141.20 manat və ödənilmiş dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutularaq «xxxx» MMM QBKT-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar