Məhkəmə qərarları › İş №2(012)-1717/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1717/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1717/2022 09.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası olan 540 manat borc pulun və iddia qaldırmaq üçün köçürdüyü 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Masallı rayonu "Dost MMC"-də fəhlə işləyir. 2018-ci ilin mart ayında hər ay 80 manat olmaqla, 6 aylıq kredit müqaviləsi ilə özünə 480 manat dəyərində olan "Samsunq J2" markalı mobil telefon almışdır. Telefonu aldıqdan sonra funksiyaları ona çətin gəldiyindən, işlədə bilmədiyi üçün telefonunu geri qaytarmaq istəmişdir. Lakin dükan sahibi telefonu geri qəbul etməmişdir. Bu zaman o, telefonu başqasına satmaq niyətində olmuşdur. Əvvələr normal münasibətdə olduğu tanışı, dostu Cavabdeh telefonu almaq istədiyini və telefonun kreditini ödəyəciyini ona bildirmişdir. O, inanaraq telefonunu Samirə vermiş, bundan əlavə olaraq Samir ondan 80 manat borc pul da almışdır. Sonradan Samir telefonun aylıq kreditini ödəməmiş və o, müntəzəm olaraq hər ayda 80 manat olmaqla, 6 ay müddətinə kreditini ödəyib qurtarmışdır. Beləliklə Samirin ona 560 manat borcu yaranmışdır. Maddi imkanının zəif olması səbəbindən cavabdehdən sadəcə pulunu istəmişdir. Çox xahişlərdən sonra Cavabdeh 07 noyabr 2021-ci il tarixdə onun əmək haqqı kartına 20 manat pul köçürmüşdür. Yaxın zamanlarda ona olan borcun hissə-hissə qaytaracağına dair razılaşmışlar. Lakin Samir aralarında olan şifahi müqaviləni pozaraq ona olan borcunu ödəməkdən yayınmışdır. O, cavabdehdən hər dəfə borc pulunu tələb edəndə cavabdeh ona böhtan-şər atacağı ilə onu hədələmişdir. Özü ağır şəraitdə yaşayır, əziyyət çəkir. İki övladı da tələbədir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, o, İddiaçı götürdüyü telefonun kreditini hər ay 80 manat olmaqla, 6 ay müddətinə ödəməyə razılaşmışdır. O, əlavə olaraq iddiaçıdan 80 manat borc almışdır. O, iddiaçıya olan borcundan ümumilikdə 60 manat ödəmişdir. Hazırda onun İddiaçı 500 manat borcu vardır. Onun maddi imkanı çox aşağı olduğundan aya 20 manat ödəniş edə bilər. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış ərizədən görünür ki, onun İddiaçı 500 manat məbləğində borcu vardır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzalanmış ərizədən göründüyü kimi Cavabdeh İddiaçı 500 manat məbləğində borcu vardır. Lakin cavabdeh hələ də iddiaçıya olan borcunu qaytarmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Cavabdeh 500 manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının ödədiyi 30 manat dövlət rüsumu cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 500 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar