Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1752/2023 31.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşlarına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onun yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün tutulacaq alimentin miqdarı cəmi 480 manat sabit pul məbləğində müəyyən olunmuşdur. Həmin vaxtdan başlayaraq, cavabdeh birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün vaxtaşırı ödəmələr etmişdir. Hal-hazırda uşaqların yaşı artmaqdadır və Zəngilan Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş alimentin məbləği 3 uşağın tələbatının ödənilməsinə yetmir. Ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2023-cü ildə hər uşaq üçün 220 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını və ehtiyacını tamamilə özü çəkir. Onların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında İddiaçı, habelə onun vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia ilə razılaşmadı və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Zəngilan Rayon Məhkəməsinin 2(034)-420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-312/2013 saylı 18 dekabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 20 iyun 2005-ci il təvəllüdlü X2, 17 oktyabr 2011-ci il təvəllüdlü X3 və 17 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşdə olan İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizəsinin surətindən görünür ki, Cavabdeh ona olan aliment borcu tam ödənilmişdir. Birgə nikahdan doğulmuş övladlarının yetkinlik yaşına çatanadək heç bir aliment tələbi olmayacaqdır. İşdə olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-420/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədi üzrə başladılmış icra icraatına tələbkar İddiaçı ərizəsinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, tərəflər nikahda olmuşlar və onların birgə nikahından 3 uşaqları olmuşdur. Hazırda bu uşaqlardan biri artıq yetkinlik yaşına çatmışdır. Zəngilan Rayon Məhkəməsinin 2(034)-420/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin məhkəmənin 2(034)-312/2013 saylı 18 dekabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh 20 iyun 2005-ci il təvəllüdlü X2, 17 oktyabr 2011-ci il təvəllüdlü X3 və 17 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşlarına çatmayan xx.xx.2005-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı notarial qaydada təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh ona olan aliment borcunu tam ödədiyini göstərmiş, bu rizəyə əsasən Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Zəngilan Rayon Məhkəməsinin 2(034)-420/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə başladılmış icra icraatına xitam verilmişdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. İş materiallarından görünür ki, hazırda artırılması xahiş edilən alimentin müəyyən edildiyi qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilmişdir, yəni birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün alimentin məbləği müəyyən edilməmişdir. Belə olan halda isə alimentin miqdarının artırılmasından söhbət gedə bilməz. İddiaçı ilk öncə sabit məbləğdə alimentin tutulması barədə məhkəmədə iddia qaldırmalı, alimentin məbləği məhkəmə qaydasında müəyyən edilməli, bundan sonra isə cavabdehin maddi vəziyyətində dəyişiklik olarsa, təyin edilmiş alimentin miqdarının artırılması barədə iddia qaldırmalıdır. Hazırki halda isə iddiaçının alimentin artırılması barədə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-1752/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1752/2023
31.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver