Məhkəmə qərarları › İş №2(012)-176/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-176/2025

30.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-176/2025 30.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Prius” markalı ** BV *** nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 7265 manat, istifadəyə yararsız oldğundan bu günədək məhrum olduğu (əldən çıxmış fayda) icarə haqqı məbləği 1500 manat, hadisə yerindən təmir yerinə çatdırılma (evakuator xərci) 220 manat, cəmi 8985 manat və ödənilmiş dövlət rüsumu kimi 110 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, ona məxsus “Toyota Prius” minik markalı **-BV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixində Cavabdeh günlük 25 manat olmaqla, aylıq 750 manat icarəyə vermişdir. Nəqliyyat vasitəsinin cavabdehə təhvil verilməsi barədə xx.xx.2023-cü il tarixində akt tərtib edilmişdir. Həmin akta cavabdeh də imza etmişdir. Daha sonra, nəqliyyat vasitəsinin istifadə edilməsinə dair cavabdehə etibarnamə verilmişdir. 30 yanvar 2024-cü il tarixinədək cavabdeh tərəfindən icarə haqqı bank kartı vasitəsilə ona ödənilmişdir. 30 yanvar 2024-cü il tarixində saat 23:00 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 21-ci km-də Cavabdeh idarə etdiyi “Toyota Prius” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən idarə etməni itirərək, yoldan çıxmış və yolun kənarında olan yağdəyişmə məntəqəsinə daxil olmuşdur. Onun qarşısındakı avadanlığı sındırmış, hərəkətini davam etdirərək avtomaşın ehtiyat hissələri satışı mağazasının qarşısında dayanan X1 məxsus Qaz-310290 markalı ** BN *** dövlət nömrə nişanlı avtomaşına çırpılmışdır. Nəticədə “Toyota” markalı avtomaşının sürücüsü Cavabdeh xəsarət alaraq Təcili Yardım stansiyasına müraciət etmişdir. Faktla bağlı AR DİN BİTİ Bilavasitə tabe olan yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində araşdırma aparılmışdır. Araşdırmanın nəticəsi olaraq, xx.xx.02024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Araşdırma müddətində məhkəmə-tibbi ekspertiza təyin olunaraq ekspertizanın müvafiq aktı alınmışdır. Material üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024- cü il tarixli 65 saylı aktından görünür ki, Cavabdeh məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti 30.01,2024-cu il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Material üzrə aparılan araşdırma zamanı Cavabdeh izahat verərək hadisənin səbəbi kimi idarə etdiyi “Toyota Prius “markalı ** BV *** nömrə nişanlı avtomaşının tormoz sistemində nasazlıq olmasını göstərmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2024-cu il tarixli 3-16-16/2- 8/426 saylı ekspert rəyində baxışa təqdim olunmuş “Toyota Prius” markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz sisteminin hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olduğu göstərilmişdir. Həmçinin aparılmış araşdırma zamanı Şirvan şəhər Avtoservis və Ticarət Müəssisəsinin rəyində “Toyota Prius” markalı ** BV *** nömrə nişanlı nəqliyyat vasitəsinə 7265 manat maddi ziyan dəydiyi göstərilmişdir. Cavabdeh barəsində EQ18082724 nömrəli protokol tərtib edilmiş və o, 50 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, ona məxsus “Toyota Prius” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixindən bu günədək istifadəyə yararsız olduğundan həmin gündən başlayaraq bu günədək (iki ay) 1500 manat icarə haqqından (əldən çıxmış faydadan) məhrum olmuşdur. Daha sonra, “Toyota Prius” minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hadisə yerindən avtoservis məntəqsinə çatdırılma xərci (evakuator xərci) olan 220 manat da onun tərəfindən ödənilmişdir. Bununla da, cavabdeh tərəf ona zərər vurmuşdur. Ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar olaraq dəfələrlə Cavabdeh müraciət etsə də, o, ödəniş etməkdən qəsdən yayınmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı bildirdi ki, avtomobilin təmir xərci barədə müvafiq ekspert rəyi ilə razıdır. Cavabdeh iştirak etdiyi məhkəmə iclasında iddia ilə qismən razılaşdı və tələb edilən məbləğin şişirdildiyini bildirdi. O qeyd etdi ki, avtomobili şifahi icarə müqaviləsinə əsasən günlük 25 manat ödəmək şərtilə iddiaçıdan icarəyə götürmüş, bir müddət günlük icarə haqqını ödəmişdir. Lakin sonradan avtomobil qəza nəticəsində sıradan çıxmışdır. Bu səbəbdən də icarə haqqını ödəyə bilməmişdir. Tələb edilən 8985 manat məbləğlə razı deyildir. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan nəqliyat vasitəsinin BA 332422 saylı qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi İddiaçıdur. İşdə olan nəqliyyat vasitəsinin istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, “Toyota Prius” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilinin mülkiyyətçisi İddiaçı Cavabdeh 11 ay 27 gün müddətinə avtomobili idarə etmək səlahiyyəti vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Toyota Prius” minik markalı ** BV *** dövlət qeydiyyat nişanlı avtomobilə servisdə baxış keçirilmiş və avtomobildə heç bir qüsur aşkar edilməmişdir. Bu aktı hər iki tərəf imzalamışdır. İşdə olan Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, 30 yanvar 2024-cü il tarixdə saat 23-00 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 21-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh əməlində cinayət tərkibi olmadığından, onun barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün BDYPİ YPXA-ya göndərilmişdir. İşdə olan Şirvan şəhər Avtoservis və Ticarət Müəssisəsinin xx.xx.2024-cü il tarixli rəyinin surətindən görünür ki, “Toyota Prius” markalı ** BV *** nömrə nişanlı nəqliyyat vasitəsinə 7265 manat maddi ziyan dəymişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5471 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan “Şirvan Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Toyota avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7115 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4215 manat; Təmir-bərpa işlərinin qiyməti - 2900 manat. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh etibarnaməyə əsasən xx.xx.2024-cü ildə idarə etdiyi “Toyota Prius” markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisindən keçən 21-ci km-də yol-hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının mülkiyyətindəki avtomobilə zərər dəymişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə istintaq və təhqiqat şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində toplanmış materialda cinayət tərkibi olmadığından, material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün müvafiq quruma göndərilmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. Şirvan şəhər Avtoservis və Ticarət Müəssisəsi dəymiş zərərin məbləğini 7265 manat həddində müəyyənləşdirmişdir. Həmçinin iddiaçının bir sıra başqa xərcləri də çıxmışdır. Hazırda İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın əvəzinin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Toyota Prius” markalı ** BV *** nömrə nişanlı nəqliyyat vasitəsinə vurulmuş maddi zərərə görə 7265 manat, istifadəyə yararsız oldğundan bu günədək məhrum olduğu (əldən çıxmış fayda) icarə haqqı məbləği 1500 manat, hadisə yerindən təmir yerinə çatdırılma (evakuator xərci) 220 manat, icarə haqqından cəmi 8985 manat və ödənilmiş dövlət rüsumu kimi 110 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə vurulmuş zərərin ümumi məbləği 7115 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən Şirvan şəhər Avtoservis və Ticarət Müəssisəsinin xx.xx.2024-cü il tarixli rəyini deyil, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/5471 saylı rəyini daha mötəbər və neytral sübut növü kimi qəbul edir. Bundan başqa, işdəki sübutlarla müəyyən edilir ki, cavabdeh mübahisəli avtomobili gündəlik 25 manat haqq ödəməklə icarəyə götürmüş, tərəflər bu barədə öz aralarında şifahi razılıq əldə etmişlər. Bu xüsusatı cavabdeh məhkəmə iclasında etiraf etmişdir. Mülki Məcəllənin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə görə əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Qeyd edildiyi kimi, tərəflər mübahisəli avtomobilin gündəlik 25 manat (hər ay 750 manat) ödənilməklə icarəyə verilməsi barədə öz aralarında razılığa gəlmişlər və işdən görünür ki, yol-nəqliyyat hadisəsi törədildikdən sonra iddia qaldırılan vaxta kimi ötən 2 ay ərzində icarə haqqı cavabdeh tərəfindən ödənilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırda tələb edilən 1500 manat icarə haqqı məbləği də əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, maddi zərər olaraq 7115 manat və icarə haqqı kimi 1500 manat pul delikt törətmiş Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Bununla belə, İddiaçı avtomobilin hadisə yerindən təmir yerinə çatdırılması (evakuator) xərci kimi 220 manat xərcləməsi barədə məhkəməyə hər hansı mötəbər sübut (ödəmə qəbzi, çek və s.) təqdim edə bilmədiyindən məhkəmə iddianı bu hissədə əsaslı hesab etmir və təmin edilməməsi nəticəsinə gəlir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 7115 manat və icarə haqq kimi 1500 manat pul vəsaiti olmaqla, cəmi 8615 manat pulun cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 110 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 110 manat dövlət rüsumunun 106 manat hissəsi cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat pul vəsaiti isə cavabdehdən Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 8615 manat və ödənilmiş dövlət rüsumuna görə 106 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar