Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1761/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi ziyanın əvəzi kimi onun xeyrinə 2200 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 09.09.2014-cü il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən əvvəllər Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq Y\M, 23-cü küçə, 57-ci, sonra isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh 73000 manata almışdır. Ümumi razılığa əsasən Abşeron rayonu 1 saylı notariat kontorunda alqı-satqı zamanı cavabdehə müqavilə üzrə 15000 manat, qalan 58000 manatı isə müqavilə bağlanandan sonra vermişdir. İddiaçı həmin evi alarkən cavabdehlə belə razılaşıb ki, ev hazır vəziyyətdə olsa da bircə evin altında yerləşən avtomobil qarajının döşəmə hissəsinə daş örtüyünün vurulması qalıb, onu da cavabdeh öz evini tikib qurtarandan sonra vurar. İddiaçı pulu ona tam şəkildə ödəyib qurtardıqdan sonra cavabdeh öz evinin tikintisini başa çatdırmasına baxmayaraq öz vədinə xilaf çıxmışdır. Onunla bu barədə danışarkən hər dəfə müxtəlif bəhanələr gətirərək avtomobil qarajının döşəmə hissəsinə daş örtüyünün vurulmasından yayınmışdır. Bu gün ilkin hesablamama görə 100 kvadrat metr olan qarajın daş örtük ilə döşənməsi üçün (işçi pulu da daxil olmaqla) material almağa ən azı 2200-2500 manat pul lazımdır. Buna görə də həmin məbləğin cavabdehdən alınması zəruridir ki, iddiaçı ondan aldığı evi tam şəkildə tamamlaya bilsin. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, həmin evi satarkən iddiaçı ilə belə bir şərti olmayıb və belə bir öhdəlik müqavilədə əks olunmayıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Mülki işin materiallarından olan 09.09.2014-cü tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 48.1 kv/m, yaşayış sahəsi 32 kv/m, yardımçı sahəsi 16.1 kv/m olan fərdi yaşayış evini İddiaçı mülkiyyətinə verməyi, sonuncu isə bunun müqabilində 15.000 manat ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 30.09.2014-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı fərdi yaşayış evini əldə etmək üçün cavabdehlə alqı-satqı müqaviləsi imzalamışdır. Razılaşdırılan pul məbləğininin bir hissəsini cavabdeh müqavilə ilə ödəyərkən, bir hissəsini isə sonradan hissəhissə ödəmişdir. Pul məbləği tam ödənildikdən sonra, habelə cavabdeh öz evinin tikintisini bitirdikdən sonra satılan evdəki avtomobil qarajının döşəmə hissəsinə daş örtüyünün cavabdehin hesabına vurulacağı barədə tərəflərin şifahi razılığa gəldikləri iddia olunur. Cavabdeh isə buna etiraz edir və bununla bağlı müqavilə üzrə heç bir öhdəlik götürmədiyini qeyd edir. İddiaçı isə hazırda çəkiləcək xərclərin cavabdehdən tutulmalı olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə belə hesab edir ki, iddiaçı iddiasının əsaslı olduğunu sübut edə bilmədiyindən tələbi əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən sübutlara istinad etdiyindən, hazırki iş üzrə cavabdehin belə bir öhdəlik götürdüyü müqavilə ilə müəyyən edilmir. Digər tərəfdən iddiaçı ona dəymiş maddi ziyan barədə məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı öhdəliyin yerinə yetirilməməsi ilə bağlı vurulmuş ziyanın ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-1761/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1761/2021
19.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver