Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1768/2020 26.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin giriş-çıxışına dair yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin giriş-çıxışına dair yaranmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsi və “xxxx” MTK iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Məhəmmədli yaşayiş massivi, Əziz Əliyev küçəsində yerləşən 33 saylı binanın qeyri-yaşayış sahəsi “xxxx” MTK ilə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli, 01924 saylı müqaviləyə əsasən mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin binanın 55 saylı mənzili də onun mülkiyyətindədir. ünvan 1 ünvanında yaşayan Cavabdeh qanunsuz olaraq yaşadığı mənzildən həyətə balkon çıxarmış və binanın sol sağ tərəfində yerləşən piyada keçidini dəmir və taxta alətlərlə hörərək özünə bağça düzəlmişdir. Nəticədə qeyri-yaşayış sahəsinə giriş-çıxış yolunun bağlanması, günəş işığının düşməməsi və havasızlıq kimi maneələr əmələ gəlmişdir. Eyni zamanda binanın sağ tərəfini sakinlərin, uşaqların istifadəsində olan piyada keçidini də zəbt edərək oranı hasarlayaraq bağça kimi istifadə edir, halbuki, həmin ərazi hamının istifadəsində olan ümumi piyada yoludur, həmin yol bağlandığından sakinlər evlərinə, həyətlərinə girən zaman məcburiyyət qarşısında qalıb maşınların hərəkət etdiyi yolla gedirlər, bu da, insan həyatı üçün hər an təhlükə törədir. Nəticədə binanın giriş-çıxış yolunun bağlanması onun mülkiyyət hüquqlarını həyata keçirməyinə maneə yaradır. Həmin adı çəkilən qeyri-yaşayış sahəsi bu günə kimi onun qanuni mülkiyyətindədir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində cavabdeh tərəfindən qanunsuz olaraq eyvanın tikilməsi və binanın girişində piyada keçidinin zəbt olunaraq orada bağçanın salınması tamamilə qanunsuzdur. Bütün bu yuxarıda göstərilən hallar cavabdeh tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinin kobud surətdə pozulmasıdır. Tikilmiş qanunsuz tikililərin-eyvan və bağçanın cavabdehin hesabına sökülməsi, həmin ərazinin tam şəkildə boşaldılması, piyadaların gedişi üçün nəzərdə tutulmuş yolun qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi, hüquqi yardıma görə ödənilmiş 230 manat vəsaitin, 10,40 manat dövlət rüsumunun, 12 manat notariat xərcinin və 5000 manat mənəvi zərərin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz və mülahizəsini yazılı surətdə təqdim etmiş, etiraz və mülahizəsini onunla əsaslandırmışdır ki, yaşadığı binanın 1-ci mərtəbəsinin altında qaraj üçün nəzərdə tutulan yerin sahibinə cavabdehə, şəxsi obyekt üçün nəzərdə tutulan fikirlərinə hərəkətlərinə heç bir sözlə də olsa müdaxilə etməmişdir. Onun həmin qarajına aidiyyəti olmayan qarajın yan tərəfində gedişə-gəlişə mane olmayan binalarının pəncərəsinin altını təmizləyib, hələ 10 il bundan əvvəl yaşıllıq yaratmışlar. 5-6 zeytun ağacı, qızılgül kolları, həmişə yaşıl olsun deyə sarmaşıq kolları əkmişlər. Salxım söyüdlər qonşuların hamısına da xoş olub, uşaqları təhlükəsizlik olan yoldan uzaq tutmuş, uşaqların ağacların altında əylənmə imkanları olmuşdur. Yəni, yola gediş və gəlişə mane olmayan istifadəsiz bir yerdir. Dəfələrlə cavabdeh şəxs Qadir ona demişdir ki ağacları kəsəcək, dibinə nəsə töküb qurudacaq. O, yazdığı şikayət ərizəsində bir dəfə də olsa qeyd etməyib ki, o, orada yaşıllıq yaratmışdır. Yazıb ki, guya şəxsi baxçasıdır. Tamamilə yalan və iftiradır. Həmin ərazidən qonşular sərbəst istifadə etmək üçün sadəcə oturmağa, dincəlməyə uyğun olan həmin adamın qarajının yan tərəfinə heç bir aidiyyatı olmayan balaca bir yerdir. Sadəcə açıq yer olduğundan itlərdən, heyvanlardan qorunması üçün öz əmək və vəsaitləri ilə alınmış bir metr setka çəkilib, hündürlüyü isə içəri tamamilə açıqdır. Hələ cavabdeh ora gəlməmişdən onların eyvanı həmin şəxsin qarajının üstündə vardı. Sadəcə olaraq oranı bütün ailələr kimi bağlamışlar. Cavabdeh şikayətində qeyd edir ki, guya həmin balkon onu günəş işığından məhrum edir. Halbuki, qonşuları da şahiddirlər və onun dediklərini təsdiqləyir və cavabdehin iddia etdiklərinin tamamilə yalan və böhtan olduğunu bildirirlər. Cavabdehin iddia ərizəsində qeyd etdiyi yalan və yanlış məlumatlar səbəbindən, onların əraziyə yerində baxış keçirilməli və cavabdehin qeyd etdiklərinin yalan olduğu ortaya çıxarılmalıdır. Cavabdehin fikri yalnız onun otaqlarının altını obyekt, mağaza etməkdir. Cavabdeh özü ona və ailəsinə mənəvi cəhətdən çox ziyan vurur. Onun niyyəti başqadır, lakin öz niyyətini dilə gətirmir, ancaq bu yoldan istifadə edərək, yalan və absurd həqiqətə uyğun olmayan iddia tərtib etməklə məhkəmə qərarı tələb edir. İş üzrə İddiaçı iddiasının təmin edilməməsi və cavabdeh tərəfindən iddia qaldırılaraq qanunsuz olaraq onu məhkəməyə verməsi səbəbindən səhhətində yaranmış problemlərə görə mənəvi ziyan olaraq cavabdehdən 5000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, onun cavabdehlə mübahisəsi olmamışdır, cavabdeh balkon tikmək üçün ondan razılıq istəmiş, o da bir qonşu kimi razı olmuşdur. Lakin cavabdeh bundan sonra onun obyektinin yan tərəfini bağlamışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək yazılı etiraz və mülahizəsinin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçının təqdim etdiyi fotoşəkillərdə göstərilən balkon onun evinin balkonudur, rəsmi razılıq olmasa da, balkonu çıxaran zaman iddiaçının razılığını almışdır. İddiaçının sonradan fikrini dəyişməsinin səbəbini bilmir. İddiaçının iddia etdiyi ərazi yaşıllıq zonasıdır, çəkilmiş hasar orada olan yaşıllıqların qorunması məqsədi daşıyır, oradan bütün bina sakinləri istifadə edirlər. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Abşeron rayonu Məmmədli kənd Bələdiyyəsi və “xxxx” MTK-nə qanunla nəzərdə tutlmuş qaydada xəbər verilsə də məhkəmə iclasına gəlməmişlər, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasınının keçirilməsi qərarına gəlmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -“xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 01924 nömrəli müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 33 saylı binanın ümumi sahəsi 40 kv.m olan 01 saylı qeyri-yaşayış sahəsi MTK tərəfindən İddiaçı satılmışdır; -Abşeron rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 6/248 nömrəli məktubundan görünür ki, onun müraciətində qeyd etdiyi metal tordan quraşdırılmış çəpər həmin ərazidə əkilmiş ağacların mühafizəsi üçün nəzərdə tutulmuşdur. Tikinti işlərinin dayandırılması və ya söküntüsü Abşeron rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aid deyildir, İcra Hakimiyyətinin söküntü üçün maddi texniki bazası yoxdur; -Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin İddiaçı ünvanlanmış xx xxx 2020-ci il tarixli 17/99-165 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydası, təyinatı və onlardan istifadə Qaydası (rejimi)”nin təsdiq edilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli 21 nömrəli qərarına əsasən ağacla bina arasında məsafə 5 m olmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “xxxx” MTK ilə İddiaçı arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 01924 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən 33 saylı binanın ümumi sahəsi 40 kv.m olan 01 saylı qeyri-yaşayış sahəsi MTK tərəfindən İddiaçı satılmışdır, hazırda iddiaçı həmin sahədən istifadəsinə maneə yaratdığını hesab etdiyi tikililərin sökülməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş (xx xxxxxx 2017-ci il tarixədək) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Bu baxımdan məhkəmə hesab edir ki, xx xxxxxxx 2014-cü il tarixli, 01924 nömrəli müqavilə əsasında “xxxx” MTK-dan qeyri-yaşayış sahəsi əldə etmiş İddiaçı bununla da həmin sahəyə sahiblik edərək ondan istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir. Lakin burada, iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və ondan istifadəsinə maneənin yaradılıb-yaradılmadığının, müsbət halda bunun cavabdeh tərəfindən edilib-edilmədiyinin müəyyən eidlməsi işin mühüm halıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının cavabdehə qarşı iddia tələbinin ilkin hissəsi cavabdeh tərəfindən tikilmiş qanunsuz tikililərin-eyvan və bağçanın cavabdehin hesabına sökülməsi ilə bağlıdır. Hansı ki, sözügedən eyvan Cavabdeh məxsus ünvan 1 ünvanındakı mənzilin qarşısında həyətə doğru tikilmişdir və balkonun tikilməsinin qanuni olub-olmasını yoxlamadan, hüquqi qiymət vermədən məhkəmə qeyd edir ki, iddiaçının özü məhkəmə iclasında etiraf etmişdir ki, cavabdehin xahişi ilə, onun öz mənzilinin qarşısında balkon tikməsinə etiraz etməmiş, razılıq vermişdir. Cavabdeh məhkəmədə bildirmişdir ki, o, mənzilinin qarşısında balkon tikərkən yalnız qonşu kimi iddiaçının razılığını almış, rəsmi razılıq almamışdır. Buradan da görünür ki, cavabdeh mənzilin qarşısındakı eyvanı qanunsuz şəkildə tikmişdir və bu, yaşayış sahəsinin yenidən planlaşdırılmasına dəlalət edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir; 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir; 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparılır; 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir; 27.2-ci mddəsinə əsasən razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. “Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxx 2010-cu il tarixli, 272 nömrəli Fərmanının 1.4-cü bəndinə əsasən, həmin Məcəllənin 24.1-ci maddəsində birinci halda nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini dövlət (məcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün tikilmiş mənzil fonduna münasibətdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin razılığı ilə) və xüsusi mənzil fondlarına münasibətdə yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq bələdiyyənin razılığı əsasında yerli (rayon, şəhər və şəhər rayonu) icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı əsasında aparıldığı kimi, həmin orqanın yaratdığı komissiya da özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra bu halı aşkar etmədikdə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. Belə olan halda, iddiaçı cavabdehin öz mənzilinin qarşısında müvafiq orqanların razılığı olmadan tikdiyi balkon sahəsinin sökülməsi üçün məhkəmədə iddia qaldırmaqda subyektiv hüququ olmamış, iddia tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Ona görə də hazırkı icraatda iddiaçının iddia tələbində qeyd etdiyi tikililərin onun sahiblik və istifadəsində olan qeyri-yaşayış sahəsinə maneə yaradıb-yaratmamasını, bunun hansı qaydada baş verdiyini müəyyən etmək mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında göstərmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Bununla əlaqədar, məhkəmə belə qənaətə gəlir ki, baxmayaraq ki, İddiaçı müqavilə əsasında əldə etdiyi qeyri-yaşayış sahəsinə sahiblik edərək ondan istifadə etməsinə törədilən maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malikdir, nə qədər ki, Cavabdeh öz mənzilinin qarşısında, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarı olmadan balkon sahəsi tikmişdir, yuxarıda istinad edilən maddi hüquq normalarının və “Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” xx xxx 2010-cu il tarixli Fərmanın tələbi baxımından həmin balkon sahəsinin sökülməsini tələb etmək barədə iddianı tələb hüququ olmayan şəxs olaraq verdiyinə görə onun subyektiv hüququ yaranmamışdır, bununla da iddiaçıda subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia həmin hissədə təmin edilməməlidir. İddia tələbinin “yaşayış binasının qarşısında yaradılmış bağçanın sökülməsi, həmin ərazinin tam şəkildə boşaldılması, piyadaların gedişi üçün nəzərdə tutulmuş yolun qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi” ilə bağlı hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir; 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir; 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. İddiaçının iddia tələbində sökülməsini tələb etdiyi bağça çoxmənzilli yaşayış binasının qarşısında yaradılmışdır, bağçanın yerləşdiyi torpaq sahəsi və piyadaların gedişi üçün nəzərdə tutulmuş yol da ümumi paylı mülkiyyət hüququ ilə həmin yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur, həmin sahələrin istifadəsi qaydasının müəyyən edilməsi və onlarla bağlı qanunsuz təsirlərin, maneələrin olduğu müəyyən edildikdə bu məsələlərin həlli məhz çoxmənzilli binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən həll edilməlidir. Bununla da həmin iddia tələblərinə münasibətdə İddiaçı subyektiv hüququn elementi, yəni başqa şəxsdən tələb etmək hüququ yaranmadığına görə, iddia həmin hissələrdə də təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 230 manat vəsaitin, 10,40 manat dövlət rüsumunun, 12 manat notariat xərcinin və 5000 manat mənəvi zərərin ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, həmin tələblər məhkəmənin yuxarıda hüquqi qiymət verərək təmin olunmasına hüquqi əsaslar olmadığını müəyyən etdiyi iddia tələblərinə nisbətdə törəmə tələblərdir, əsas tələblər təmin edilmədiyi halda törəmə tələblərin əsaslılığının müəyyən edilib yoxlanılmasına əsaslar qalmır, ona görə məhkəmə hesab edir ki, həmin törəmə tələblər də təmin edilməməlidir. Beləliklə, məhkəmə işin faktiki müəyyən olunmuş hallarını, istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq, hesab edir ki, iddia tələbi ümumilikdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Cavabdeh iddia tələbinə dair yazılı etiraz və mülahizəsində İddiaçı tərəfindən iddia qaldırılaraq qanunsuz olaraq onu məhkəməyə verməsi səbəbindən səhhətində yaranmış problemlərə görə mənəvi ziyan olaraq cavabdehdən 5000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin halla bağlı nəzərə alınmalıdır ki, cavabdeh hazırkı icraatda qanunvericiliyin tələblərinə əməl etməklə bu tələblə bağlı iddiaçıya qarşı qarşılıqlı iddia verə bilərdi, hansı ki, o, buna əməl edib qarşılıqlı iddia deyil, məhz etiraz və mülahizə vermişdir, ona görə həmin hal nəzərə alınmır, cavabdehin nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “tikilmiş qanunsuz tikililərin-eyvan və bağçanın cavabdehin hesabına sökülməsi, həmin ərazinin tam şəkildə boşaldılması, piyadaların gedişi üçün nəzərdə tutulmuş yolun qanunsuz təsirlərdən, maneələrdən azad edilməsi, hüquqi yardıma görə ödənilmiş 230 manat vəsaitin, 10,40 manat dövlət rüsumunun, 12 manat notariat xərcinin və 5000 manat mənəvi zərərin ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1768/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1768/2020
26.11.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver