Məhkəmə qərarları › İş №2(012)-1775/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1775/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1775/2023 25.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcun məbləği olan 4000 manat miqdarında pulun və 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, xx.xx.2021-ci il tarixdə Xırdalan şəhərində “AAAF-Park" yaşayış kompleksindəki “Bazarstore” mağazasında işləyən iş yoldaşı olan Cavabdeh həmin marketdə iş görmək adı ilə 4000 manat məbləğində borc pul aldığını və həmin pulu bu günə kimi ona geri qaytarmaması ilə bağlı müraciət etmişdir. Onun şikayət ərizəsi Abşeron rayonu, Xırdalan şəhəri Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X2 icraatına verilmiş, onun və cavabdehin izahatı alınmışdır. Cavabdeh vermiş olduğu izahatında 4000 manat pul aldığını bildirmişdir. Beləliklə saytda olan elana əsasən xx.xx.2021-ci il tarixdə hesabdan pulu çıxarmaq mümkün olacaqdır. xx.xx.2021-ci il tarixdə cavabdeh ondan internet saytına qoyduqları 4000 manatı və əlavə qazancı çıxara bilməmişdir. Buna görə də cavabdeh ona söz vermişdir ki, bir neçə gün ərzində həmin pulu yəni 4000 manatı ona geri qaytaracaqdır. Belə ki, Cavabdeh izahatında ona olan 4000 manat məbləğində borcunu etiraf etsə də, Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X4 tərəfindən xx.xx.2022-ci il tarixdə HK-1/2384 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Cavabdeh izahatından sonra X2 yanında da söz vermişdir ki, ən qısa zamanda ona olan borcunu qaytaracaqdır, akin hələ də cavabdeh borcundan ona bir manatda olsa pul qaytarmamışdır. Hər dəfə müxtəlif bəhanələr edərək, borcu ödəməkdən yayınır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və ərizəsində bildirdi ki, təqribi olaraq 2022-ci ilin dekabrın əvvələrində İddiaçı ilə birgə işləmişdir. İş yoldaşlarından bir neçə nəfər "Etalon" adlı sayta pul qoyub müəyyən məbləğdə pul qazanmışlar. O da bu sayta pul qoymaq və əlavə gəlir etmək niyyətində olmuşdur. Bu işi icra etmək üçün bir neçə banka müraciət etsə də banklar tərəfindən rədd cavabı almışdır və sayta pul qoymaq üçün maaşını gözləmişdir. O, bu barədə İddiaçı ilə öz aralarında bu sayt əlavə gəlir üçün yaxşı olduğunu və əlavə pul qazana biləcəklərini danışmışdır. Bir neçə gün keçdikdən sonra Turanə ona bankdan 8000 manat məbləğində pul aldığını və həmin pulu "Etalon" saytına qoyaraq daha çox gəlir əldə etmək niyyətində olduğunu bildirmişdir. Bu barədə ona suallar vermiş və o da öz növbəsində bildiyi məlumatları demişdir. Daha sonra İddiaçı ona təklif etmişdir ki, həm öz adına, həm də onun adına profillər yaratsın və pulu həmin sayta yatırım etsin. O, buna etiraz etməmiş və bildirmişdir ki, onun adına yatırım etdiyi pulu çəkdikdən sonra Turanəyə qaytarsın. O da bununla razılaşmışdır. Daha sonra İddiaçı özü və onun adına profillər yaratmışdır. Yaranmış profillərə özü şəxsən pulları yatırım etmiş və beləcə bir aydan sonra İddiaçı pulları geri çəkmək istəyərkən sayt pulları qaytarmamışdır. Beləliklə İddiaçı yatırım etdiyi 8000 manat məbləğində pul əlindən çıxmışdır. Bunu gördükdə necə borclandığını görüb Turanəyə təsəlli vermiş və ona aidiyyatı olmasa belə ona kömək edəcəyini vəd etmişdir. Bildirmişdir ki, gələcəkdə imkanı olarsa Turanəyə müəyyən məbləğdə köməklik edər. Bu onun Turanəyə sadəcə insani köməklik təklifi olmuşdur. Daha sonra İddiaçı bütün günahları onda görüb yatırı etdiyi 8000 manatı ondan tələb etməyə başlamışdır. O, bildirmişdir ki, o, Turanəni bu işə vadar etməməmişdir. Özü ondan xahiş edərək adına profil yaradıb 4000 manat öz adına olan profilə 4000 manat onun adına olan profilə pul yatırımı etmişdir. Burada onun heç bir günahı yoxdur. Turanə pulun batmasını qəbul etmədiyindən bunu onun qarşılayacağını bildirmişdir. Turanə iddia edir ki, o, sayt haqqında detallı məlumatlar verməsəydi, bu sayta pul qoymayacaqdı. Amma, halbuki Turanə bu işi digər iş yoldaşlarıın saytdan əldə etdiyi gəlirlərdən ilhamlanaraq etmişdi. Onun saytla heç bir uzaqdanyaxından əlaqəsi yoxdur və sadəcə ora pul yatırım etmək üçün vaxtilə sayt haqqında ətraflı məlumat toplayıb Turanənin suallarını cavablandırmışdır. Bundan sonra İddiaçı öz nişanlısına ondan şikayət etmiş və nişanlısı bir neçə dəfə ona zəng edərək pulu tələb etmişdir. Təbii ki, o, rədd cavabı verərək bunun onunla heç bir əlaqəsi olmadığını vurğulamışdır. Nişanlısı isə öz növbəsində onu dələduz adlandıraraq polisə şikayət edəcəyini bildirmişdir. Hadisədən həftə sonra o, Abşeron Rayon Polis İdarəsinə çağırılmışdır. Orada təhqiqatçı işi hər tərəfli aradşırdıqdan sonra ona təklif etmişdir ki, İddiaçı dəymiş zərərin bir hissəsini ödəsin. O isə öz növbəmdə təhqiqatçıya onun burada heç bir günahı olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı burada cinayət işinin olmamasını görüb işə xitam vermişdir. Daha sonra İddiaçı iddiasından əl çəkməyərək mülki qaydada məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 739-cü maddəsində göstərilir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Burada göründüyü kimi o, İddiaçı heç bir zaman borc istəməmiş və bu barədə hər hansı bir öhdəlik götürməmişdir. Həmin Məcəllənin 746-cı maddəsində də göstərilir ki, borc vermək vədi yazılı surətdə tərtib edilməlidir. Onun da İddiaçı ilə heç bir müqaviləsi mövcud deyildir. Bütün bunları nəzərə alaraq, məhkəmədən işdə kifayət qədər sübutun olmamasını, ona hər hansı borcun verilməsini sübut edəcək faktların olmamasını və digər halları nəzərə alaraq işə xitam verilməsini xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X3 ifadəsində bildirdi ki, Ağazadə X1 şəhərində “AAAF- Park" yaşayış kompleksindəki “Bazarstore” mağazasında 2019-cu ildən işləyir. Turanədən əvvəl Cavabdeh ondan pul istəmişdir. O, Sahibdən bankda tanışının olub-olmadığını soruşduqda, Sahib ona girov qoyub pul götürməsini demişdir. O, məsələni öz bibisioğluna da danışmış, lakin razılıq əldə olunmamışdır. Sahib mağazada bir neçə nəfərdən pul almışdır. Turanə Sahibin ondan da pul aldığını bildirmişdir. O, isə Sahibə pul verməmişdir. İş materiallarında olan Abşeron rayon RPİ-nin İstintaq şöbəsinin 05 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, təxminən 2 il müddətdir ki, “Bazar Store” marketlər şəbəkəsində nəzarətçi işləyir. Hazırda isə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən “Bazar Store” marketlər şəbəkəsinin filialında, yəni marketdə nəzarətçi işləyir. İddiaçı o, təxminən 1 il müddətdir ki, tanıyır. O Turanə ilə birlikdə əvvəl Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində yerləşən “Bazar Store” marketdə işləmişdir. xx.xx.2021 -ci il tarixdə saat təxminən 14 radələrində işdə olan zaman Turanə ilə söhbət edən vaxt son zamanlar çox adamın “etaloon.com” internet saytı vasitəsi ilə investisiya qoyub artıq miqdarda qazanc əldə etmələri barədə danışırmış. Söhbət əsnasında Turanə ona həmin sayta pul qoymaq istədiyini bildirmişdir. Bundan sonra Turanə özü mobil telefonunda həmin internet saytında özünə hesab açmışdır. Həmin gün ərzində Turanə açdığı hesaba müxtəlif məbləğlərdə pul qoymuşdur. Daha sonra Turanə onun adma həmin saytda olan hesaba pul qoymaq istədiyini bildirmişdir. O da Turanəyə, pul qoyacağı təqdirdə yatırdığı pulun müqabilində qazanc əldə edib qoyulan məbləği çıxarış etdikdən sonra qaytaracağını demişdir. Həmin gün Turanə onun həmin saytda açdığı hesab nömrəsinə ümumilikdə 4000 manat pul köçürmüşdür. Saytda olan elana əsasən xx.xx.2021 -ci il tarixdə hesabdan pul çıxarışı mümkün olacaqmış. xx.xx.2021 -ci il tarixdə o, Turanənin internet saytda onun hesabına qoyduğu 4000 manat və əldə olunan qazancı çıxara bilməmişdir. Həmçinin, Turanə də internet saytda öz hesabına qoyduğu pulunu da çıxara bilməmişdir. Aradan bir neçə gün keçdikdən sonra aralarında olan razılaşmaya əsasən o, 4000 manat pulu Turanəyə qaytaracağına söz vermişdir. Son zamanlar onun maddi durumu yaxşı olmadığı və internet saytında olan şirkətin də pulu vermədiyinə görə o, Turanənin pulunu geri qaytara bilməmişdir. Həmçinin onlar sonradan pul qoyduqları şirkətin də bağlandığını öyrənmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki,məhkəmədə sübutların tədqiqatı zamanı 2021-ci ilin dekabr ayında İddiaçı Cavabdeh 4000 manat pul verməsi, tərəflərin məhkəmədə verdikləri izahatı, həmçinin iş materiallarında olan Cavabdeh Abşeron rayon RPİ-nin İstintaq şöbəsinin 05 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında verdiyi izahatı ilə tam təstiq olunur.İddiaçı həmin pulun cavabdehə borca verdiyini,cavabdeh isə həmin pulun"Etalon" adlı saytda onun adına açılan hesaba qazanmaq məqsədi ilə iddiaçı tərəfindən qoyulduğunu bildirmişdir. Beləliklə,işin müəyyən edilmiş hallarından göründüyü kimi, tərələr arasında faktiki olaraq borc münasibətləri yaranmış və cavabdeh İddiaçı aldığı 4000 manat pulu qaytarmaq öhdəliyi daşımş və cavabdeh bu öhdəliyi Abşeron rayon RPİ-nin İstintaq şöbəsinin 05 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında da qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə İlə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 60 manat pul cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4000 manat məbləğində pul və 60 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar