Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-178/2023 17.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun əmlakına dəymiş zərərin və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmlaka dəymiş ziyana görə 160 manat, diaqnostika xərcinə görə 40 manat, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 230 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 22:35 radələrində özünə məxsus “Toyota-Corolla” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə aeroport şossesində Koroğlu metrostansiyası istiqamətində hərəkətdə olmuşdur. Bu zaman yolun sağ tərəfindən “Mercedes Benz-Axor 1840LS” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini və ona birləşdirilən “Feber 35 NP” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunu idarə edən Cavabdeh sağ tərəfdən hərəkət edərkən onun avtomobilinə məxsus olan sağ güzgünü zədələyərək hadisə yerindən uzaqlaşmışdır. Həmin vaxt o, Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə o, çağırılmış, ərizəsini və hadisənin videogörüntüsünü təqdim etmişdir. xx.xx.2022-ci ildə tarixdə hadisəni törədən Cavabdeh Bakı şəhər Baş Polis İdarəsinə çağırılmış, daha sonra cavabdeh onunla telefon əlaqəsi saxlayaraq xx.xx.2022-ci tarixdə saat 17:50 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsinə yaxınlaşaraq zərərin ödənilməsi ilə bağlı müzakirələr aparmağı təklif etmişdir. Cavabdeh ondan zərərin ödənilməsi üçün qısa müddət möhlət istəmiş, bir neçə gün sonra onu Razin qəsəbəsində olan avtomobil ehtiyat hissəsi satan mağazaya göndərmiş, lakin orada olan ehtiyat hissələri orijinal olmadığından avtomobilin zədələnmiş hissəsini əvəz etmək mümkün olmamışdır. Bundan sonra Cavabdeh orijinal ehtiyat hissəni almayacağını bildirib onunla əlaqəni kəsmişdir. Bu barədə o, Bakı şəhər Baş Yol Polis İdarəsinə müraciət etmiş və onu “Mercedes Benz-Axor 1840 LS” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin icbari sığortası olan "xxxx" ASC-yə göndərmişlər. "xxxx" ASC tərəfindən “Avtobox” şirkətinə göndərilmiş və avtomobilə dəymiş zərər qiymətləndirilmişdir. Hadisənin videogörüntüləri "xxxx" ASC-nin mütəxəssisləri tərəfindən öyrənilmiş, onun avtomobilinə dəymiş zərərin qoşqu tərəfindən törədildiyi bildirilmiş və buna görə də "xxxx" ASC dəymiş zərərin ödənilməsindən imtina etmişdir. Bundan sonra Bakı şəhər Baş Polis idarəsi onu “Feber 35 NP” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun icbari sığortası olan “Dövlət Sığorta” şirkətinə göndərmiş, xx.xx.2022-ci il tarixdə “Dövlət Sığorta” şirkəti tərəfindən ona qoşqunun sığorta müddəti fevral ayında bitdiyindən dəymiş zərərin ödənilməsindən imtina edilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-də avtomobilə dəymiş ziyanın məbləği 160 manat müəyyən edilmişdir. (Güzgü qapağı-38.14 manat, güzgü dönmə işığı RH-38.14 manat, güzgü qapağının rənglənməsi-25.42 manat, güzgü qapağının və güzgü dönmə işığının dəyişdirilməsi-33.90 manat), ƏDV 24.41 manat müəyyyən edilmişdir. Diaqnostika üçün o, 40 manat pul vəsaiti ödəmişdir. Eyni zamanda, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6651 saylı rəyi ilə razıdır. Belə ki, ekspert rəyi ilə onun iddia tələbindəki məbləğ arasında böyük fərq yoxdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, aeroport yolunda avtonəqliyyat hadisəsinin baş verməsi anında toqquşma baş vermişdir. Onun idarə etdiyi avtomobil çalışdığı şirkətin olduğu üçün sığortanın bitib-bitməməsi barədə məlumatı yoxdur. Hadisə baş verən anda şirkətin işçisi olmuş, hazırda, həmin şirkətdən çıxmışdır. Hadisə baş verəndə güzgünün dəyməsini görməmişdir. Görüntü iddiaçıda yoxdur, polisdə videogörüntü göstərilsə də, onun görüntüdən xəbəri yoxdur. Səhv etmirsə, onun barəsində tərtib olunmuş inzibati protokol nəticəsində 100 manat cərimə olunmuş, həmin cəriməni də ödəməmişdir. Hadisə baş verən anda onun avtomobili saxlaması mümkün deyildi, Quba yolu ilə çalışdığı və həmin yolda nəqliyyat qəzaları çox olduğu üçün maşını saxlaya bilməmişdir. Üç aydır ki, güzgünün arxasını almış, lakin iddiaçı bununla razılaşmır. Belə ki, orijinalında rəngin olması mümkün deyildir. 3-4 ay müddətdir ki, işləmədiyindən iddiaçının tələb etdiyi məbləğlə razı deyildir. Belə ki, onun aldığı güzgünün dəyəri sadəcə olaraq 30 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin iddia tələbi ilə bağlı münasibətini araşdırıb, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AC № 535534 saylı xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2015-ci il buraxılışlı ** ON *** dövlət qeydiyyat nişanlı “Toyota-Corolla” minik markalı avtomobil İddiaçı mülkiyyətindədir. -Nəqliyyat vasitələrinin zədələnməsi barədə 000535 saylı arayışdan görünür ki, İddiaçı məxsus “Toyota-Corolla” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Feber 35 NP” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun idarə edilməsi nəticəsində sağ güzgüsü zədələnməsi ilə nəticələnən zərər dəymişdir. -xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında porotokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 22:35 radələrində Bakı şəhəri H.Əliyev prospekti ünvanında Cavabdeh idarə etdiyi “Feber 35 NP” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə hərəkətdə olan zaman İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən diaqnostika üçün 40 manat ödənilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hesab-fakturadan görünür ki, İddiaçı məxsus “Toyota-Corolla” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilə 160 manat və ƏDV dəyəri ilə 40 manat olmaqla, cəmi 200 manat maddi ziyan vurulmuşdur. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6651 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Toyota Corolla” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 134 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 76 manat; təmir-bərpa işlərinin qiyməti - 58 manat. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu C.Səlimov küçəsi H/Hospital, 3 saylı evdə, Cavabdeh isə Abşeron rayonu Saray qəsəbəsi Babək küçəsi 3 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 22:35 radələrində Bakı şəhəri H.Əliyev prospekti ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı idarə etdiyi və ona məxsus “Toyota-Corolla” markalı **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh tərəfindən idarə olunmuş “Feber 35 NP” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun toqquşması nəticəsində sağ güzgüsü qırılmış və cavabdeh hadisə yerindən yayınmışdır. Hazırda, iddiaçı onun avtomobilinə dəymiş ziyanın məhkəmə qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində “Feber 35 NP” markalı **-ZH-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun sürücüsü olan Cavabdeh tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və təqsirinin sübuta yetirilməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdeh hadisə yerindən yayınmış və iddiaçıya məxsus avtomobilə ziyan vurmuşdur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6651 saylı rəyinə əsasən, “Toyota Corolla” markalı, **-ON-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 134 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi nəzərə alır və iddiaçının avtomobilinə əlavə dəyər vergisi 24.12 manat (134 x 18% / 100 = 158.12) əlavə olunmaqla 158.12 manat (134 + 24.12 = 158.12) maddi ziyanın vurulması qənaətinə gəlir. Mülki iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən diaqnostika üçün 40 manat pul vəsaiti ödənilmişdir. Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında Cavabdeh inzibati xəta nəticəsində iddiaçıya məxsus avtomobilə 198.12 manat (158.12+40=198.12) maddi ziyan vurması öz təsdiqini tapdığından iddia tələbləri qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat pul vəsaiti isə cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 158.12 (yüz əlli səkkiz manat on iki qəpik), diaqnostika xərcinə görə 40 (qırx) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, ümumilikdə, cəmi 228.12 (iki yüz iyirmi səkkiz manat on iki qəpik) manat pul vəsaiti tutularaq İddiaçı hesabına ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov