Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1784/2022 11.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)-1198/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının artırılaraq, 16.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 1198/2020 saylı, 06.03.2020-ci il tarixli qətnaməsinə əsasən, Abşeron rayon Məhkəməsinin 2(012)-1787/2019 saylı, 05.04.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 16.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Əliheydər oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, uşağın məktəb, dərs ləvazimatları, digər xərcləri üçün əlavə 100 manat pulun cavabdehdən tutulması hissəsində iddia tələbinin rədd edilməsi qət edilmişdir. Hazırda, iddiaçının heç bir gəliri yoxdur. ünvan 1 ünvanında iddiaçı valideynləri ilə birlikdə yaşayır. Cavabdehin maddi durumunun xeyli yaxşı olmasına baxmayaraq öz doğma övladının maddi təminatını ödəməkdən boyun qaçırır. Cavabdehin övladı üçün etdiyi tək şey ödədiyi aliment puludur. Halbuki, iddiaçı övladı üçün həm ana, həm də atadır. Azyaşlı qızı anadangəlmə travma almışdır. Hamiləlik müddətində cavabdeh tərəfindən şiddətə və mənəvi işgəncələrə məruz qaldığı üçün övladı da anadan olan zaman travma ilə doğulmuş və hazırkı gündə də o, həkim nəzarətində müayinə və müalicə olunur. Azyaşlı qızı dərslərində olduqca fəal və məktəbdə müəllimlərin sevimlisidir. Onun həm dərslərə, həm də ki, əlavə məşğələlərə çox böyük həvəsi vardır. İddiaçı isə işləmədiyindən və heç bir yerdən gəliri olmadığı üçün qızının tələbatlarını ödəməkdən ötrü valideynlərindən kömək istəyir. Halbuki, valideynlərinin də stabil gəliri yoxdur və üstəlik anası şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Təkbaşına qızının tələbatını ödəməyə çətinlik çəkdiyinə görə alimentin miqdarının artırılmasına ehtiyacı vardır. Çünki cavabdeh öz istəyi ilə doğma övladına aliment pulundan əlavə bir manat da olsa pul ödəmir. Hamıya məlumdur ki, məktəbli bir qız övladının aylıq xərci üçün xeyli məsrəf tələb olunur. Övladının tələbatlarını ödəmək üçün nəinki 170 manat, heç 193 manat pul da kifayət etmir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı 10.03.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə sağlamlığı ilə əlaqədar olaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.11.2009-cu il tarixli AZ-İİ № 347708 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 16.07.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1650 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28.11.2013-cü il tarixli AZ-İ № 181024 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 229 nömrəsi ilə qeyd edilmişdir. -Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)-1198/2020 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1787/2019 saylı, 05.04.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 16.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh Əliheydər oğlundan hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, 16.07.2009-cu il təvəllüdlü X1 qızının məktəb, dərs ləvazimatları, digər xərcləri üçün əlavə 100 manat pulun Cavabdeh Əliheydər oğlundan İddiaçı xeyrinə tutulması hissəsində iddia tələbinin rədd edilməsi, Cavabdeh oğlundan 30 manat dövlət rüsumunun dövlət nəfinə keçirilməsi qət edilmişdir. -Abşeron rayon Təhsil Şöbəsinin Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin 06.01.2022-ci il tarixli 144 saylı arayışından görünür ki, X3 həqiqətən də, Abşeron rayon Xırdalan 8 №-li tam orta məktəbin 7-ci sinfində təhsil alır. -Abşeron rayon İcra Hakimiyyəti 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 11.01.2022-ci il tarixli 170 saylı arayışdan görünür ki, Rzazadə X4 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 8-ci küçə dalan 3, 19 saylı evdə 16.07.2009-cu il təvəllüdlü X3 ilə birlikdə yaşayır. -Abşeron RPŞ tərəfindən verilmiş 16.12.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzazadə X4 rayonu Xırdalan şəhəri Quşçuluq yaşayış massivi 8-ci küçə dalan 3, 19 saylı evdə qeydiyyatdadır. -Kürdəmir RPŞ tərəfindən verilmiş 31.10.2003-cü il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 16.07.2009-cu il təvəllüdlü X3 iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 16.07.2009-cu il təvəllüdlü X3 dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)-1198/2020 saylı qətnaməsinə əsasən Cavabdeh 16.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 170 manat alimentin tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)-1198/2020 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)-1198/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq, iddia ərizəsinin təmin edilərək, 16.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)- 1198/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 06.03.2020-ci il tarixli 2(012)-1198/2020 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 16.07.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-1784/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1784/2022
11.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver