Məhkəmə qərarları › İş №2(012)-1784/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1784/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1784/2024 02.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 359/2019 saylı qətnaməsinə əsasən, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin olunmuş 154 manat məbləğində alimentin miqdarının artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, onunla Cavabdeh rəsmi nikahı xx.xx.2010-cu il tarixdə qeydə alınmışdır. Onların birgə nikahından xx.xx.2011-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da sonradan fikir ayrılıqları səbəbi ilə aralarında mübahisələr yaranmış, birgə ailə həyatı və ailənin qorunub saxlanması mümkün olmamışdır. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 2(012)-359/2019 saylı qətnaməsinə əsasən, rəsmi nikaha xitam verilmiş, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2011-ci il təvəllüdlü X7 onun himayəsinə verilmiş və övladlarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 154 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün onun maddi imkanı kifayət etmir. Heç bir yerdən əlavə gəliri, qazancı yoxdur. Cavabdeh sözügedən qətnaməyə əsasən təyin edilmiş aliment məbləğini tam şəkildə deyil, yalnız onun müəyyən hissəsini son iki il ərzində ödəyir və onun təxminən 2000-3000 manat məbləğində aliment borcu vardır. Hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bu səbəbdən də o, “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh hazırda ailəlidir, sonrakı nikahından iki uşağı vardır, həmçinin o, Rusiya Federasiyasında yaşayır, orada maşın ustası işləyir və onun maddi imkanı olduqca yaxşıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X9 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh yenidən ailə qurmuşdur və onun bu nikahdan iki övladı doğulmuşdur. İddiaçının dediklərinin əksinə olaraq, cavabdehin maddi vəziyyəti yaxşı deyildir. Belə ki, iddiaçı özü də qeyd edir ki, cavabdeh aliment məbləğini vaxtı-vaxtında və tam şəkildə ödəyə bilmir. Hətta cavabdehin iddiaçıya aliment borcu da vardır. Ona görə də hesab edir ki, İddiaçı aliment tələbi əsassızdır və təmin edilməməlidir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Masallı RİHB-nin Göyəgöl Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 727508 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 25 avqust 2011-ci ildə Masallı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X5r. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-359/2019 saylı, 28 mart 2019cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X10 ilə Cavabdeh arasında 26 sentyabr 2010-cu il tarixdə bağlanmış nikahın pozulması, 25 avqust 2011-ci il təvəllüdlü X2 anası X4 himayəsinə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh və 25 avqust 2011-ci il təvəllüdlü X1 üçün hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Nijeqorodsk vilayəti üzrə VVAQ Baş İdarəsinin N.Novqorod şəhəri Kanavinski rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-TN № 823475 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş fotosurətindən görünür ki, X8 26 yanvar 2021-ci il tarixdə Rusiya Federasiyası, Nijeqorodsk vilayəti, Nijniy Novqorod şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r. İş materiallarında olan Nijeqorodsk vilayəti üzrə VVAQ Baş İdarəsinin N.Novqorod şəhəri Kanavinski rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-TH № 887661 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş fotosurətindən görünür ki, X11 08 iyun 2022-ci il tarixdə Rusiya Federasiyası, Nijeqorodsk vilayəti, Nijniy Novqorod şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X6r. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin yenidən ailə qurduğunu və cavabdehin gəlirlərində dəyişiklik olması ilə bağlı sübutlar təqdim edildiyini nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş uşaq üçün 200 manat həddində müəyyən edilməsi tərəflərin mənafeyinə uyğundur,nəzərə alınsa ki, qanunla bir uşağın saxlanılması üçün müəyyən olunan minimum ehtiyac meyarı məhkəməyə müraciət edildiyi vaxt (2024-cü il) 235 manat təşkil edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-359/2019 saylı, 28 mart 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 25 avqust 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar