Məhkəmə qərarları › İş №2(012)-1786/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1786/2024

03.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1786/2024 03.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xocavənd Rayon Məhkəməsinin 2(069)-28/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh 2011-ci ildə ailə münasibətlərinə daxil olmuş, 13 may 2013-cü ildə isə nikahlarını rəsmiləşdirmişdirlər. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Xasiyyətləri uyğun gəlmədiyinə görə cavabdeh ilə bir yerdə yaşamaları qeyri-mümkün olduğundan, Ağcabədi Rayon Məhkəməsinin 22 aprel 2014-cü il tarixli qətnaməsi ilə onların nikahı ləğv edilmişdir. Ağcabədi Rayon Məhkəməsinin 19 avqust 2014-cü il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 70 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Daha sonra Ağcabədi Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli qətnaməsi ilə aliment məbləği dəyişdirilərək 80 manat məbləğində müəyyən edilmişdir. Bu məbləğ uşağın tələbatlarını ödəmədiyi üçün alimentin artırılması üçün Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 19 may 2016-cı il tarixli, 2(017)-1372/2016 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay üçün 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Bu qərardan narazı qalan cavabdeh Babayev X5 Rayon Məhkəməsinə müraciət edərək Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)-2455/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan tutulan 160 manat alimentin miqdarının azaldılaraq, 100 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(069)-28/2020 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)-2455/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı azaldılaraq Cavabdeh 15 yanvar 2020-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul etmişdir. Maddi imkanı aşağı olduğundan və həmin dövrdə pandemiya olduğundan, məhkəmə sistemində fasilələr yarandığından və rayonlar arası giriş-çıxış çətinliyi yarandığından Xocavənd Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(069)-28/2020 saylı qətnaməsindən Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilməmişdir. Xocavənd Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(069)-28/2020 saylı qərarından da göründüyü kimi cavabdehin hazırda digər nikahdan 2 azyaşlı uşağı - 11 iyul 2017-ci il təvəllüdlü X7 və 25 iyun 2019-cu il təvəllüdlü X4 adlı qızları da vardır və onların hər birinə sabit pul məbləğində 100 manat aliment verir. Cavabdehin ikinci nikahı ləğv edilsə də faktiki ikinci nikahdakı qadınla ailə münasibətləri davam edir və bir yerdə yaşayırlar. Deməli, bu nikahın ləğv edilməsi birinci nikahdan olan övladına alimenti az vermək üçün planlaşdırılmış bir addımdır. Xocavənd Rayon Məhkəməsi Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)-2455/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldılması barədə qərar qəbul edən zaman, cavabdehin digər nikahdan olan 2 azyaşlı övladına sabit pul məbləğində 100 manat aliment verməsini əsas gətirmişdir. Bununla da Xocavənd Rayon Məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Hesab edir ki, cavabdehin başqa nikahdan 2 uşağının olması onu əvvəlki nikahdan doğulmuş uşağının yetkinlik yaşına çatanadək saxlanması üçün normal şərait yaratması vəzifəsindən azad etmir. Cavabdeh birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş 100 manat məbləğində aliment miqdarını vaxtı-vaxtında ödəyir. Lakin himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü övladı X6 böyüyüb, onun təlabatları artıb, bugünkü bazar iqtisadiyyatı və inflyasiya ilə Xocavənd Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(069)-28/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində 100 manat aliment uyğunsuzluq təşkil edir. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, övladı 03 iyun 2012-ci il təvəllüdlü övladı X1 üçün İddiaçı Xocavənd Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli, 2(069)-28/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən əlavə ödənişlər etmişdir. Onun aylıq əmək haqqı 400 manat təşkil edir və iddiaçıya ancaq 150 manat məbləğində aliment ödəyə bilər. Həmçinin o, ikinci dəfə ailə həyatı qurmuşdur və bu nikahdan üç övladı vardır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 337091 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03 iyun 2012-ci ildə Ağcabədi şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin 2(069)-28/2020 saylı, 12 fevral 2020ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(012)-2455/2019 saylı qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının azaldılaraq, Cavabdeh 15 yanvar 2020-ci il tarixdən başlayaraq, 03 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 496406 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında 06 aprel 2022-ci il tarixli, 631 saylı rəsmi nikah bağlanmışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 970966 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 iyul 2017-ci ildə Bərdə rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV № 320153 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 25 iyun 2019-cu ildə Bərdə rayonunda doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan Ağcabədi regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 712982 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 12 iyul 2022-ci ildə Bərdə şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə X3r. İş materiallarında olan xx.xx.2024-cü il tarixdə verilmiş iş yeri haqqında arayışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində usta köməkçisi vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 400 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə cavabdehin yenidən ailə qurduğunu,həmin nikahdan 3 azyaşlı uşağının olmasını nəzərə alaraq hesab edir ki,aliment artırılarkən uşaqların hamısının mənafeyi nəzərə alınmaqla mütənasiblik qorunmalıdır.Məhkəmə diqqətə layiq bu halları nəzərə alaraq hesab edir ki, alimentin miqdarının artırılaraq birgə nikahdan doğulmuş uşaq üçün 180 manat həddində müəyyən edilməsi uşaqların üstün mənafeyinə uyğundur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarına istinad edərk hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Xocavənd Rayon Məhkəməsinin 2(069)-28/2020 saylı, 12 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 03 iyun 2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar