Məhkəmə qərarları › İş №2(012)-1793/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1793/2022

19.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1793/2022 19.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon məhkəməsi, Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə 19 aprel 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayon məhkəməsinin 01 oktyabr 2020-ci tarixli, 2(012)-2578/2020 saylı qətnaməsinə əsasən 05.10.2014-cü il tarixdə anadan olmuş X1 və 05.03.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində ona verilməsi qət edilən alimentin məbləğinin artırılaraq hər ay, hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 29 mart 2013cü il tarixdə Xızı Rayon Yeni Yaşma kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən 01 saylı nikah qeydə alınmışdır. Onların birgə nikahından iki övladları - 05.10.2014-cü ıl təvəllüdlü X3 və 05.03.2018-ci ıl təvəllüdlü X4 dünyaya gəlmişdir. İddiaçı cavabdehlə bır müddət normal ailə münasibətlərində yaşasa da, daha sonra cavabdehin təqsiri səbəbindən ailədə olan normal münasibətlər pozulmuşdur. Çünki cavabdeh dəfələrlə ailəsinə xəyanət edərək, qazancını başqa yerlərə xərcləmişdir. İddiaçı övladlarının xatirinə cavabdehin etdiklərinə göz yumur və hər dəfə onu bağışlamışdır. Çünki ailənin dağılmasını istəmirdi. Cavabdeh qısa müddət verdiyi sözləri tutur, lakin sonradan yenə də ailəsinə olan xəyanətini davam etdirmişdir. Bu səbəbdən iddiaçı öz qazancını övladlarına xərcləməsi üçün cavabdehə qarşı aliment tələbinə dair Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2578/2020 saylı, 01.10.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 05.10.2014-cü il təvəllüdlü X1 və 05.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 iyun 2020-ci ıl tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Övladları böyüdükcə onların xərci də çoxalır və cavabdeh kifayət qədər qazanc əldə etsə də, ona alıment pulundan başqa bir manatda olsa əlavə pul ödəmir. Bilal məktəblidir və tək başına onun xərclərini ödəməyə çətinlik çəkir. Cavabdehdən övladlarının tələbatını ödəmək üçün əlavə pul ödəməsini istəyən zaman bildirir ki, qətnamədə hansı məbləğ qeyd olunubsa, onu ödəyəcəkdir. İmkanı olduğu halda övladlarına əlavə pul ödəməkdən imtina edir. Ona görə də, məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Bundan əlavə bildirdi ki, uşaq güləş idman növü ilə məşğul olur, yarışlara gedir və cavabdehin aylıq əmək haqqı da artmışdır. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirərək qeyd etdi ki, hazırda bank borcu və aliment borcu olduğundan əmək haqqının 70%-i tutulur. O vaxt əmək haqqı 545 manat idi ,hazırda 620 manat olub.Odur ki, qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını mülki iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2(012)-2578/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 05.10.2014-cü il təvəllüdlü X1 və 05.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan “X5 Klubları” tərəfindən verilmiş 16.03.2022-ci il tarixli arayışdan görünür ki, X3 həqiqətən də “X5 Klubları”nda güləş idman növü ilə məşğul olur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlıların saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaqlar hazırda iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində alimentin tutulması haqqında Abşeron rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 2ilə yaxın müddət keçdiyindən, habelə cavabdehin əmək haqqında dəyişiklik olaraq 545 manatdan hazırda artıb 620 manat təşkil edir, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, azyaşlı uşaqların mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Abşeron rayon Məhkəməsinin 01.10.2020-ci il tarixli, 2(012)-2578/2020 saylı qətnaməsi ilə Cavabdeh 05.10.2014-cü il təvəllüdlü X1 və 05.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 10 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay hər bir uşaq üçün 170 manat, cəmi 340 manat sabit pul məbləğində sabit pul məbləğində aliment artırılaraq, hər ay, hər uşaq üçün 193 manat manat sabit pul məbləğində aliment müəyyən edilməli və Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən vaxtdan hesablanmalıdır.. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının ödəməkdən azad edildiyi 66,32 manat məbləğində dövlət rüsumuna görə pul da dövlət nəfinə cavabdehdən tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(012)-2578/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. 05.10.2014-cü il təvəllüdlü X1 və 05.03.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər bir uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment cavabdeh Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə minən gündən hesablansın. Cavabdeh 66,32 manat dövlət rüsumuna görə pul dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar