Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1797/2022 08.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, işləyə bilmədiyi 5 ayın gəlirindən məhrum olduğu pul vəsaiti, gündəlik 100 manat gəliri olması nəzərə alınaraq, ümumilikdə dəymiş maddi ziyan olaraq 15000 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh MMC-də 2021-ci ilin avqust-sentyabr aylarında usta kimi işləmiş və 1 kv.m hörgünü 5 manata hörmüşdür. Gün ərzində ən azı 100 manatlıq iş həcmində iş işləmişdir. xx.xx.2021-ci il tarixdə təxminən günorta saat 16:00 radələrində ayaqaltıdan (kazyol) yıxılması nəticəsində sol baldır sümüyündən zədə alaraq əmək qabiliyyətini itirmişdir. Hazırda əsa ilə gəzir, pilləkəni belə qalxa bilmir. Qeyd edir ki, baş vermiş hadisə Cavabdeh MMC-nin heç bir təhlükəsizlik tədbirlərini görməməsi nəticəsində baş vermişdir. İşdə aldığı xəsarətlə bağlı Cavabdeh MMC tərəfindən ona heç bir maddi köməklik göstərilməmişdir. Cavabdehin təhlükəsizlik tədbirlərini görməməsi səbəbindən işdə aldığı xəsarət üzündən hazırda o, heç yerdə işləyə bilmir. Hansı ki, gündəlik 100 manat gəliri olurdu, indi isə həmin qazancdan məhrum olmuşdur. Artıq 5 aydır ki, işləyə bilmir, işləyə bilmədiyi həmin 5 ayı, gündəlik 100 manat gəliri olması nəzərə alınsa, ona bu 5 ay ərzində 15000 manat maddi ziyan dəymişdir. Lakin cavabdeh şirkət onunla ümumiyyətlə maraqlanmamış, aldığı xəsarətlə bağlı müalicə olunmağına heç bir maddi yardım göstərməmiş və ya buna dair hansısa bir təzminat ödəməmişdir. O, binada işləyən zaman ayaqaltını özü düzəltmiş və işəgötürəndən bunu tələb etməmişdir. Cavabdehdə işə qəbul olunan zaman onunla əmək müqaviləsi bağlanılmamışdır. Məhkəməyə müraciət edənə qədər hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Belə ki, ona maddi xərclərin ödənilməsi ilə bağlı vədlər verilmiş, lakin həmin xərclər ödənilməmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddiaçının izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, məhkəməyə təqdim olunmuş xəstəlik çıxarışına əsasən, iddiaçıya xx.xx.2021-ci il tarixdə sol baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili yerdəyişmiş sınığı diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixdə əməliyyat edilmişdir. İşəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. İddiaçının hadisə nəticəsində yıxılması ilə bağlı məsuliyyəti təsdiq edən hər hansı bir qərar qəbul olunmamışdır. İddiaçı tərəfindən təhlükəsizlik tədbirlərinin pozulması ilə nəticələnən hadisə ilə bağlı aidiyyəti orqana müraciət olunmamışdır. Cavabdeh MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, Şamaxı rayonunun Göylər kəndindəndir. İddiaçı da bir yerli kimi tanıyır. O, Cavabdeh MMC-də işləmişdir. xx.xx.2021-ci il tarixdə o, digər fəhlələrlə birlikdə nahar fasiləsindən işə qayıtmış, qəflətən səs eşitmişlər. Hadisə yerinə gedəndə iddiaçının yıxıldığını görmüş və iddiaçının ayağı qırılmışdır. Şirkətin işçiləri iddiaçıya köməklik göstərmiş və xəstəxanaya aparmışlar. O, fəhlə kimi işə götürülən zaman onunla müqavilə bağlanılmamışdır. Sonradan o, həmin iş yerindən çıxmış, sonradan nə baş verdiyini artıq bilməmişdir. Lakin onun və iddiaçının bir-biriləri ilə telefon əlaqələri olmuşdur. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, o, İddiaçı Şamaxı rayonunun Göylər kəndindən yerli kimi tanıyır. O, iddiaçı ilə birlikdə Cavabdeh MMC-də tikinti binasında usta kimi işləmişdir. Belə ki, o, iddiaçıya daşları verir, iddiaçı da həmin daşları təhvil alıb onlardan hörgü işlərini həyata keçirirdi. 2021-ci ilin sentyabr ayının 13-dən 16-na kimi həmin şirkətdə fəhlə kimi işləmişdir. Hadisə baş verən gün o, digər fəhlələrlə birlikdə nahar fasiləsindən qayıdandan sonra yenidən daş yığmağa başlamışlar. Qəflətən qışqırıq səsi eşitmiş və o, hadisə yerinə çatanda İddiaçı birinci mərtəbədən ayaqaltıdan yıxılaraq betonun üstünə yıxıldığını görmüşdür. Həmin an iddiaçının ayağı sınmışdır. O, işlədiyi şirkətdə əmək müqaviləsi olmadan çalışmışdır. Şifahi qaydada gedərək gündəlik pul qarşılığında fəhlə kimi işləyirdi. Məhkəmə, tərəflərin izahatını, şahid ifadələrini dinləyib, mülki iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq olunan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya adlanacaq): 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Tibbi ərazi bölmələrini idarəetmə birliyi publik hüquqi şəxsi Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və X2 Hüquqi şəxsinə müraciət etmiş və xəstəyə sol baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili yerdəyişmiş sınığı diaqnozu qoyulmuş, xx.xx.2021-ci il tarixdə aparılmış müalicə olaraq xəstəyə sol baldır sümüklərinin inizarov üsulu ilə ostesintez əməliyyatı icra edilmiş, millərin dibi mütəmadi sarğı olunmuş, təmizdir və birincili olaraq sağalır. Əməliyyatdan sonra təkrarən rentgen olunmuş, fraqmentlərin duruşu qaneedicidir, kafi vəziyyətdə ambulator müalicəyə göndərilmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Cavabdeh MMC – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2004-cü il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0100, ünvan 1 ünvanıdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh MMC-də fəhlə kimi işə götürülmüş, xx.xx.2021-ci il tarixdə əmək fəaliyyətini həyata keçirərkən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşdirilmiş ayaqaltıdan yıxılaraq “sol baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili yerdəyişmiş sınığı” diaqnozu ilə xəsarət almışdır. Hazırda, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi səbəbindən ona dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra mətndə Əmək Məcəlləsi adlanacaq): 3-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 7-ci maddənin 2.3-cü bəndinə əsasən, aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. bu Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 7-ci maddənin 2.4-cü bəndinə əsasən, bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır.
10. maddəsinə əsasən, əməyin mühafizəsi işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnu təmin etmək məqsədi ilə bu Məcəllədə və digər normativ hüquqi aktlarda, habelə kollektiv müqavilələrdə, sazişlərdə, əmək müqavilələrində nəzərdə tutulan texniki təhlükəsizlik, sanitariya, gigiyena, müalicə-profilaktika tədbirləri, normaları və standartları sistemidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, işçi və işəgötürən arasında yaranan, əmək hüquq münasibətlərindən irəli gələn və tərəflərin qarşılıqlı hüquq və vəzifələrini, öhdəliklərini yaradan sənəd əmək müqaviləsidir. Beləliklə, əmək qanunvericiliyi tərəflər arasında əmək hüquq münasibətlərinin yaranma əsası kimi eyni zamanda, əmək müqaviləsi bağlandığı təqdirdə tərəflər arasındakı münasibətlərə əmək hüquq münasibəti kimi qiymət vermişdir. Əmək Məcəlləsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 42-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 43-ci maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri - iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; 44-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsi yazılı formada bağlanır. Qanunun tələblərindən göründüyü kimi, işçi və işəgötürən arasında yaranan və işçinin gələcəyə olan təminatı qismində çıxış edən əmək müqaviləsi bilavasitə işçinin öhdəliklərini, həmçinin, onun hüquqlarının qorunmasının əsas təminatçısı qismində çıxış edir. Belə ki, qanunvericiliyin tələblərindən çıxış edərək məhkəmə qeyd edir ki, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma imperativ norma olsa da, hazırki mülki iş üzrə iddiaçı işəgötürənlə əmək hüquq münasibətlərinə daxil olsa da, gündəlik əldə etdiyi qazanc onu qane etmiş, bununla da işəgötürənlə əmək müqaviləsi bağlamağa cəhd etməmiş, əmək müqaviləsinin bağlanılması ilə işəgötürənə müraciət etməmişdir. Əmək Məcəlləsinin: 9-cu maddəsinə əsasən, əmək müqaviləsi üzrə işçinin a) sərbəst surətdə ixtisasına, sənətinə, peşəsinə uyğun əmək fəaliyyəti növü və iş yeri seçərək əmək müqaviləsi bağlamaq; ç) həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək hüququ vardır. 207.1. maddəsinə əsasən, işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ vardır. Qanunun tələblərindən göründüyü kimi, tərəflər arasında əmək hüquq münasibətlərinin yaranma əsası kimi çıxış edən əmək müqaviləsinin şərtlərinə əsasən, işçi və işəgötürən əməyin mühafizəsi qaydalarına riayət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 752.1. maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. maddəsinə əsasən, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. maddəsinə əsasən, podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir.
755. maddəsinə əsasən, podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə mülki qanunvericiliyin tələblərinə istinad edib hazırki mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər əmək müqaviləsi və ya mülki hüquqi münasibətlərdən irəli gələn podrat müqaviləsi əsasında yarana bilərdi, lakin hər hansı bir müqavilə tərəflər arasında yazılı qaydada bağlanmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Vites Ekspress MMC-də əmək müqaviləsi olmadan fəhlə kimi işə qəbul edilmiş və əmək funksiyalarını icra edilməsinin asanlaşdırılmasının təmin edilməsi məqsədilə özünün tərtib etdiyi ayaqaltıdan istifadə edərkən ehtiyatsızlıq nəticəsində binanın işlədiyi birinci mərtəbəsində yıxılmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Xəstəlik tarixindən çıxarışa əsasən, iddiaçıya sol baldır sümüklərinin aşağı 1/3-nin oynaqdaxili yerdəyişmiş sınığı diaqnozunun qoyulması, xx.xx.2021-ci il tarixdə aparılmış müalicə olaraq xəstəyə əməliyyatın edilməsi öz təsdiqini tapmışdır. Beləliklə də, iddiaçı işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına riayət edilməməsini əsas gətirərək əmək şəraitində onun sağlamlığına dəymiş və 5 ay müddətində işləməməsi nəticəsində ona dəymiş ümumilikdə 15000 manat pul vəsaitinin tutulmasını məhkəmədən xahiş etmişdir. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanununun 1. maddəsinə əsasən, obyektlərin texniki təhlükəsizliyi vətəndaşların və cəmiyyətin vacib həyatı maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti, texniki nəzarət - istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət; təhlükəsizlik texnikası avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vəsaitləri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 24 oktyabr 2016-cı il tarixli “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 1.2. bəndinə əsasən, bu Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir. 1.3. bəndinə əsasən, hündürlükdə görülən işlərə aşağıdakılar aiddir: 1.3.1. işçinin 1,8 m və daha çox hündürlükdən düşmə təhlükəsi ilə əlaqədar risklərin mövcud olduğu işlər; 1.3.2. işçinin üfüqi səthə nisbətən mailliyi 75o-dən çox olan nərdivanla (pilləkənlə) 5 m-dən çox hündürlüyə qalxması və ya hündürlükdən enməsi zamanı görülən işlər; 1.4. İstehsal şəraitindən asılı olaraq hündürlükdə görülən işlər aşağıdakı növlərə bölünür: 1.4.1. ayaqaltı vasitələrindən (məsələn, ayaqaltılar, üzərində işləmək üçün körpülər, teleskopik qüllələr, inşaat nənniləri, nərdivanlar və s.) istifadə olunmaqla hündürlükdə görülən işlər, eləcə də hündürlüyü 1,1 m və daha çox olan qoruyucu hasara alınmış meydançalarda yerinə yetirilən işlər; 1.4.2. 5 m və daha çox hündürlükdə ayaqaltı vasitələri olmadan, eləcə də hasarlanmayan, 5 m-dən çox hündürlük fərqi olan meydançalardan 2 m-dən az məsafədə qoruyucu hasarlar olmadıqda və ya hündürlüyü 1,1 m-dən kiçik qoruyucu hasarları olduqda yerinə yetirilən işlər. 1.5. İşəgötürənlər hündürlükdə işlərin görülməsi zamanı bu Qaydaların tələblərinə zidd olmayan təhlükəsizlik normalarını tətbiq etmək hüququna malikdirlər. 3.1. İşəgötürən təhlükəsizliyi təmin etmək üçün mümkün olduğu qədər işçilər tərəfindən hündürlükdə yerinə yetirilən işləri ixtisar etməlidir. Hündürlükdə görülən işləri ixtisar etmək mümkün olmadıqda işəgötürən taxta inventarların, körpülərin, ayaqaltı qurğu və vasitələrin, qaldırıcıların, tikinti fasad qaldırıcılarının, asma taxta konstruksiyaların, maşın və mexanizmlərin, eləcə də kollektiv və fərdi mühafizə vasitələrinin tətbiqini təmin etməlidir. Beləliklə də, hündürlükdə işlərin təşkili və həyata keçirilməsi zamanı işlərin təhlükəsizliyinin təmin edilməsini tənzimləmək məqsədi daşıyan Qaydaların tələbləri hündürlükdə görülən bütün işlərə, bu işləri həyata keçirən işçilərə, həmçinin həmin işçilərlə əmək münasibətlərinə girmiş təşkilat-hüquqi formasından asılı olmayaraq bütün hüquqi şəxslərə və fiziki şəxslərə şamil edilir. Göründüyü kimi, ilkin olaraq qeyd olunan Qaydaların tələbləri əmək hüquq münasibətlərinə daxil olmuş fiziki və hüquqi şəxslərə şamil olunmaqla, onların hüquq və vəzifələrini tənzimləyir. Eyni zamanda, Qaydaların 4.12. bəndinə əsasən, məsul iş icraçısı briqada üzvü sayılır. O, məsul iş rəhbərinin əmrlərini yerinə yetirir. Briqada işə buraxılan andan etibarən məsul iş icraçısı daim iş yerində olmalı və briqada üzvlərinin təhlükəsizlik tədbirlərini yerinə yetirməklə və işlərin icrasının texnologiyasına əməl etməklə, işlərinə fasiləsiz nəzarət etməlidir. Məsul iş icraçısı müvəqqəti olaraq iş yerini tərk etməli olduğu halda və öz vəzifələrini onu əvəz edə biləcək məsul iş rəhbərinə və ya naryad-buraxılış sənədi vermək hüququna malik işçiyə həvalə etmək imkanı olmadıqda, briqadanı iş yerindən çıxarmalıdır. 4.13. Briqada üzvü – fəhlə aşağıdakılara əməl etməlidir: 4.16.4. inşaat ayaqaltılarının, taxtabəndlərin, asma nərdivanın, söykəmə nərdivanın, qaldırıcı kranın səbəti üzərində işləyərkən onların dayanıqlığının pozulması, dağılması və ya aşması ilə işçinin mümkün ola bilən tarazlığını itirməsi; 5.1. Hündürlükdə işlər yerinə yetirilərkən işəgötürən iş yerində qoruyucu, sığortalayıcı və siqnal verən hasarların olmasını təmin etməli, daşınan yükün ən böyük qabarit ölçüləri nəzərə alınmaqla təhlükəli zonaların sərhədlərini, əşyaların və közərmiş metal hissəciklərin (məsələn, qaynaq işləri zamanı) ətrafa hansı məsafəyə atılmasını, maşın və avadanlıqların hərəkət edən hissələrinin ölçülərini müəyyən etməlidir. Hasarların və təhlükəsizlik nişanlarının quraşdırılma yeri işlərin həyata keçirilməsinə dair texnoloji xəritələrə və ya texniki reqlament, norma və qaydalara uyğun olaraq icra planında göstərilir. 5.22. Ayaqaltılar təyinatına görə istifadə olunmalıdır və müəssisədə bunların istifadə şərtlərinə texniki nəzarət təyin edilir. 5.27. Ayaqaltı və onun elementləri aşağıdakı tələblərə cavab verməlidir: 5.27.1. quraşdırılma və sökülmə zamanı işçilərin təhlükəsizliyini təmin etməlidir; 5.27.2. istehsalçı müəssisənin pasportuna uyğun olaraq hazırlanmalı və quraşdırılmalıdır, təyinatına uyğun ölçülərə, möhkəmliyə və dayanıqlığa malik olmalıdır; 5.45. Ayaqaltılara baxış keçirilərkən aşağıdakılar müəyyən edilir: 5.45.1. ayaqaltıların konstruksiya elementlərində onların möhkəmliyinə və dayanıqlığına təsir edə biləcək qüsurların və zədələrin olub olmaması; 5.45.2. ayaqaltıların möhkəmliyi və dayanıqlığı; Qaydaların tələblərindən göründüyü kimi, hündürmərtəbəli yaşayış binalarında işəgötürən tərəfindən əməyin mühafizəsi şərtlərinə ciddi şəkildə riayət edilməklə işçilər bu barədə məlumatlanmalı, onlara xüsusi geyim, ləzavimatlar verilməlidir. Hazırki mülki iş üzrə İddiaçı izahatı və şahid ifadələri əsasında hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində çalışan işçi İddiaçı daşları düzərək hörgü qurması və ayaqaltından istifadə zamanı ayaqaltıdan ehtiyatsızlıq nəticəsində müvazinətini itirməsi və nəticədə, sağlamlığına zərər dəyməsi müəyyən edilmişdir. Lakin göründüyü kimi, iddiaçıya tibbi xidmət göstərilmiş olsa da, iddiaçı məhkəmədən kənar qaydada sağlamlığına dəymiş zərərlə bağlı işəgötürənə rəsmi qaydada, eyni zamanda, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına, eləcə də Azərbaycan Respublikası Əmək Müfəttişliyinə rəsmi şəkildə müraciət etməmişdir. Həmçinin, iddiaçının izahatı əsasında onun istifadə etdiyi ayaqaltının işəgötürən tərəfindən verilmədiyi müəyyən olunmuş, bununla da işçi özünün əmək funksiyalarının təhlükəsiz şəkildə icrası üçün işəgötürəndən zəruri ləvzimatlarını tələb etməmişdir. İddiaçı iddia ərizəsində sağlamlığına dəymiş zərərlə əlaqədar olaraq əmək qabiliyyətini itirməsi və nəticədə, 5 ay müddətində işləməməsi, günə 100 manat hesablanmaqla ümumilikdə 15000 manat pul vəsaitinin tutulmasını istəsə də, məhkəmə araşdırması zamanı iddiaçının sağlamlığına dəymiş zərərin həqiqətən də hündürmətbəli binada baş vermiş hadisə ilə səbəbli əlaqənin olması öz təsdiqini tapmamışdır. Başqa sözlə, iddiaçının işəgötürən tərəfindən tikinti texniki təhlükəsizlik qaydalarına riayət etməməsi, eləcə də texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alması öz təsdiqini tapmamışdır ki, bu hal da iddiaçının işəgötürəndən maddi ziyan tələb etmək hüququnu istisna edir. Eyni zamanda, tərəflər arasında əmək münasibətlərinin yaranmasını təsdiq edən əmək müqaviləsinin və ya mülki hüquq münasibətlərini yaradan podrat müqaviləsinin olmaması iddiaçının iddia tələbinin əsası kim istinad etdiyi halların sübut edilməməsi ilə nəticələnmiş olur. Bundan savayı, məhkəmə araşdırması zamanı iddiaçının sağlamlığına dəymiş zərərin əmək funksiyalarının icrası zamanı işəgötürən tərəfindən əməyin mühafizəsi qayalarına riayət edilməməsi nəticəsi kimi səbəbli əlaqənin olması müəyyən olunmamışdır. Başqa sözlə, əmək funsiyalarının icrası zamanı sağlamlığına zərər dəymiş iddiaçı məhkəmədən kənar qaydada aidiyyəti hüquq mühafizə orqanına müraciət etməklə, təqsir sübuta yetirilə bilməli olduğu halda, bu hüququndan yararlanmamış, məhkəməyə iddia tələbinin əsası kimi mötəbər sübutlarını təqdim edə bilməmiş, şahid ifadələri isə iddiaçının sağlamlığına dəymiş zərərin məhz işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına riayət etməməsi kimi qiymət verməyə kifayət qədər mötəbər sübut deyildir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, mülki iş materiallarını paralel şəkildə qiymətləndirib belə qənaətə gəlir ki, İddiaçı maddi ziyan tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi rədd edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdehnə qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov