Məhkəmə qərarları › İş №2(012)-1805/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1805/2021

27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1805/2021 27.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 17142,59 (on yeddi min bir yüz qırx iki manat 59 qəpik) manat - bundan 10543 (on min beş yüz qırx üç) manat əsas, 4873,17 (dörd min səkkiz yüz yetmiş üç manat 17 qəpik) faiz, 733.62 (yeddi yüz otuz üç manat 62 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenimun qərarına əsasən hesablanmış 992,8 (doqquz yüz doxsan iki manat 80 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, "İddiaçı” Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 08 dekabr 2017-ci il tarixli 081217/105377 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə illik 16 (on altı) faiz dərəcəsi ilə 10 543 (on min beş yüz qırx üç) manat məbləğində məişət avadanlığının alınması üçün kredit verilmişdir. Kredit müqaviləsinin 1.1.1 -ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. 28 oktyabr 2020-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 17142,59 (on yeddi min bir yüz qırx iki manat 59 qəpik) manat təşkil edir. Bundan 10543 (on min beş yüz qırx üç) manat əsas, 4873,17 (dörd min səkkiz yüz yetmiş üç manat 17 qəpik) manat faiz, 733,62 (yeddi yüz otuz üç manat 62 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış 992,8 (doqquz yüz doxsan iki manat 80 qəpik) juaat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********406 saylı 05.11.2020-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzrəinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Odur ki, qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi.. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb, iddia ərizəsinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanmış 08.12.2017-ci il tarixli, 081217/105377 saylı Kredit Müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 16 faiz ödənilməsi şərtilə 10543 (on min beş yüz qırx üç) manat məbləğində Kredit verilmişdir. -Ödəniş cədvəlindən görünür ki, Cavabdeh ödəniş qrafikinə əsasən aldığı kredit üçün 08.01.2018-ci il tarixdən 08.12.2018-ci il tarixədək müddətdə hər ay 140.57 manat ödəməyi öhdəsinə götürmüşdür. -İddiaçı ASC Sahil filialının 10.08.2018-ci il tarixli məxaric kassa orderindən görünür ki, Cavabdeh, 5000 (beş min) manat kredit vəsaitini imza edərək qəbul etmişdir. -Ləğv prosesində olan İddiaçı ASC–nin məhkəməyə təqdim etdiyi 03.11.2020-ci il tarixli rəqəmsal məlumatlar sənədindən görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08.12.2017-ci il tarixli, 081217/105377 saylı Kredit Müqaviləsi üzrə 28.10.2020-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc - 10543 (on min beş yüz qırx üç) manat, faiz borcu - 4873,17 (dörd min səkkiz yüz yetmiş üç manat 17 qəpik) manat, cərimə borcu-733.62 (yeddi yüz otuz üç manat 62 qəpik) manat, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış faiz borcu - 992,8 (doqquz yüz doxsan iki manat 80 qəpik) manat hesablanmışdır. -03.12.2018-27.10.2020-ci il tarixlərə olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh banka axırıncı ödənişi 08.12.2017-ci il tarixdə olmuşdur. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 30 aprel 2020-ci il tarixli, 2-3(103)-130/2020 saylı qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilmiş, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. -05.12.2020-ci il tarixli Bildirişdən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC borcalan Cavabdeh 17142 (on yeddi min yüz qırx iki) manat məbləğində borcun olması və həmin borcun 3 (üç) gün ərzində ödənilməsinin təmin edilməsi bildirilmiş, əks təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. -Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavadov X4 rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, ev 198 - ünvanında qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin); 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. İş materiallarında olan və tədqiq edilmiş sənədlərdən göründüyü kimi, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 08.12.2017-ci il tarixli, 081217/105377 saylı kredit müqaviləsinə əsasən, cavabdeh 12 (on iki) ay müddətinə illik 16 (on altı) faiz dərəcəsi ilə 10 543 (on min beş yüz qırx üç) manat məbləğində məişət avadanlığının alınması üçün kredit götürmüş və kredit müqaviləsinin 1.1.1 -ci bəndinə əsasən müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş, onun İddiaçı ASC ümumilikdə 17142,59 (on yeddi min yüz qırx iki manat əlli doqquz qəpik) borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarından kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtından qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərinin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında müqavilənin bitmə tarixindən 03.11.2020-ci il tarixinə kimi hesablanmış gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 992,8 manat borcun tutulmasını cavabdehdən tələb edə bilər. Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən içranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 08.12.2017-ci il tarixli, 081217/105377 saylı kredit verilməsi üzrə 10543 manat məbləğində əsas borc üzrə hesablanmış 733,62 manat məbləğində cərimənin azaldılaraq 10 manat məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehlərin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə Məhkəmə işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında 08.12.2017-ci il tarixli, 081217/105377 saylı Kredit Müqaviləsi üzrə yaranmış 10543 manat məbləğində əsas borc, 4873,17 manat məbləğində faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış 992,8 manat faiz borcu, 10 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16418,97 (on altı min dörd yüz on səkkiz min manat doxsan yeddi qəpik) manat borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan qanunun tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməli və ondan 30 manat alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 08.12.2017-ci il tarixli, 081217/105377 saylı Kredit Müqaviləsi üzrə 10543 (on min beş yüz qırx üç) manat məbləğində əsas borcu, 4873,17 (dörd min səkkiz yüz yetmiş üç manat on yeddi qəpik) manat məbləğində faiz borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plennum qərarına əsasən hesablanmış 992,8 (doqquz yüz doxsan iki manat səksən qəpik) manat faiz borcu, 10 (on) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 16418,97 (on altı min dörd yüz on səkkiz manat doxsan yeddi qəpik) manat borc məbləği və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar