Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1807/2024 20.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-2587/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə müəyyəən edilmiş alimentin məbləğini dəyişdirərək, cavabdehdən 6 may 2008-ci il təvəllüdlü X7 və 18 yanvar 2010-cu il təvəllüdlü X1 üçün hər uşaq üçün hər ay 235 (iki yüz otuz) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə el adətilə ailə quraraq 11 iyun 2009-cu ii tarixdə 257 nömrə ilə Qazax rayon qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirmişik. Birgə nikahdan 06 may 2008-ci il tarixdə X7 və 18 yanvar 2010-cu il tarixdə X6 adlı iki övladları doğulmuşdur. Qazax rayon məhkəməsinin 05 fevral 2019-cu il qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdehlə nikah pozulduqdan sonra uşaqlar onun himayəsində qalmışdır. Uşaqların saxlanması üçün aliment hissədə müəyyən edilmişdir. Bu hall isə onun uşaqlarının hüquqlarını pozulur. Cavabdeh N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçir. Cavabdehdən qanunvericiliyin tələblərinə uyğun olaraq uşaqların saxlanılması üçün hər uşaq üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalıdır. Odur ki, onun himayəsində olan uşaqlarının saxlanılması üçün alimentin müəyyən edilməsi həm hazırkı, həm də gələcək inkişafı baxımından uşağının ən üstün mənafelərinə uyğundur. O, aliment tələbi ilə bağlı cavabdehə könüllü olaraq mediasiya prosessinin tətbiqi barədə təklif göndərmişdir. Cavabdeh təklifinə cavab verməmişdir. Mediatorun dəvəti əsasında ilkin mediasiya sessiyasından cavabdeh iştirak etməmiş və 25 yanvar 2024-ci il tarixdə mediator müvaifiq arayış vermişdir. Abşeron rayon məhkəməsinin 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə hər uşaq üçün 170 manat aliment müəyyən edilmişdir. Bu günkü dövrdə bu aliment uşaqların saxlanması üçün çox azdır Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddianın müdafiə edərək bildirdi ki, cavabdehin kifayət qədər qazancı var. Uşaqlar isə artıq böyüyüb və ehtiyacları artıb. Onlar dərsdən əlavə kurs və məşğələlərə gedirlər. Buna görə də iddianın təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehin əmək haqqı əvvəlki ilə münasibətdə artmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya etiraz edərək onun rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh evlidir, uşağı yoxdur. İddiaçı özü də əmək qabiliyyətlidir və iddiaçı da işləyib uşaqları maddi durumunu təmin etməlidir, həmçinin Cavabdeh əmək haqqından aliment öhdəliyindən başqa əlavə olaraq iddiaçının əmlak tələbi üzrə 10 faiz tutulma həyata keçirilir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan Qazax rayon Qeydiyyat Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-69-M-106/2024 saylı və 3-16-5/8-69-M-107/2024 saylı arayışlardan görünür ki, tərəflərin birgə nikahından 06 may 2008-ci il tarixdə X7 və 18 yanvar 2010-cu il tarixdə X6 doğulmuşdur. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2587/2023 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, 06 may 2008-ci ildə anadan olmuş X7 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellayasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1855/2023 saylı qətnaməsinə əsasən, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 2587/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması və qətnamənin elan edildiyi andan qanuni qüvvəyə minməsi qət edilmişdir. İşdə olan Qazax rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cu il tarixli arayışdıan görünür ki, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 2 uşağın saxlanılması üçün hər bir uşaq üçün 170 manat olmaqla cəmi 340 manat aliment pulu X5 əmək haqqından tutularaq İddiaçı ödənilir. Bundan əlavə Qazax rayon Məhkəməsinin 2(023)-537/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə isə əmlak tələbi ilə bağlı 1300 manat borcun ödənilməsi üçün əmək haqqından 10 faiz tutma aparılmaqla tələbkara ödənilir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2024-cü il tarixli, 910 saylı məhkəmə sorğusuna cavab məktubundan görünür ki, Cavabdeh aylıq pul təminatı 1113 manat 51 qəpikdir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsindədir və onların maddi ehtiyacları artmaqdadır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu məbləğini, işin faktiki hallarını, cavabdehin əmək haqqısının əvvəlki illərə nisbətdə artmasını, tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2587/2023 saylı qətnaməsinə əsasən 06 may 2008-ci ildə anadan olmuş X7 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunmuş alimentin miqdarı artırılaraq, hər ay hər uşağa 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Qalan hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia qismən təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 30 manat məbləğində dövlət rüsumu (80 manat x 12 ay) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. MPM-nin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-2587/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 06 may 2008-ci ildə anadan olmuş X7 və 18 yanvar 2010-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa 210 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin miqdarının artırılmasınin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №2(012)-1807/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1807/2024
20.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver