Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-181/2022 08.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh və onun nümayəndəsi X2, Cavabdeh vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9850 manat məbləğində pul, dövlət rüsumu hesabına ödədiyi 30 manat olmaqla, cəmi 9880 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı qonşusudur, cavabdehin özü və ailə üzvləri ilə iddiaçının mehriban münasibəti olmuşdur. Cavabdeh qonşusu olduğuna görə iddiaçı cavabdehə inanmış və iddiaçı cavabdehin xahişlərini nəzərə alaraq bir neçə dəfə bankdan öz adına pul götürüb cavabdehə borc vermiş, həmçinin öz adına telefon götürmüş, eləcə də lombarda qızıl qoyub pul götürüb cavabdehə vermişdir. Cavabdeh iddiaçıdan aldığı pullarla avtomobil alqı-satqısı ilə məşğul olacağını və iddiaçının borcunu qaytaracağını bildirmişdir. Belə ki, 2019-cu ildə Cavabdeh iddiaçıya bildirmişdir ki, mobil telefon almaq istəyir, lakin öz adına götürə bilmir. Buna görə də telefonu iddiaçının adına götürməsini, pulunu da vaxtında ödəyəcəyini xahiş etmişdir. İddiaçı cavabdehə etibar etdiyinə görə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon ərazisində yerləşən “Magnit” mağazalar şəbəkəsindən 2000 manat dəyərində olan mobil telefonu kreditlə almış və Cavabdeh vermişdir. Bundan başqa, 2018-ci ildə Cavabdeh iddiaçıya pul lazım olduğunu bildirmişdir. Lakin iddiaçı öz adına bankdan kredit götürə bilməmişdir. İddiaçı cavabdehə etibar etdiyinə görə "xxxx" ASC-dən 2900 manat məbləğində kredit götürmüş və Cavabdeh vermişdir. Bundan başqa, 2018-ci ildə Cavabdeh iddiaçıya yenidən pul lazım olduğunu bildirmişdir. İddiaçı cavabdehə etibar etdiyinə görə "xxxx" ASC-dən 900 manat məbləğində kredit götürmüş və Cavabdeh vermişdir. 2019-cu ildə Cavabdeh yenə borc pul lazım olduğunu bildirmiş və iddiaçı cavabdehə etibar etdiyinə görə 450 manat məbləğində pulu Cavabdeh vermişdir. Daha sonra isə iddiaçı lombarda özünə məxsus qızılları girov qoyub 2000 manat məbləğində pul götürmüş və Cavabdeh vermişdir. 2020-ci ildə Cavabdeh üçün iddiaçı "xxxx" ASC-dən 1600 manat məbləğində kedit götürmüş və cavabdehə vermişdir. Bir müddət sonra iddiaçıya məlum olmuşdur ki, cavabdeh iddiaçının adına götürülmüş mobil telefonun pulunu, həmçinin iddasçının adına götürülmüş kredit məbləğlərini ödəməmişdir. Buna görə də iddiaçı məcbur qalıb həmin pulları özü ödəmişdir. Həmçinin cavabdehə nağd olaraq verilən 450 manat pulu geri qaytarmamış və lombarda qızıl əşyaları qoyub oradan götürdüyü 2000 manatı da ödəməmişdir. Buna görə də iddiaçı məcbur qalıb həmin pulu lombarda özü ödəmişdir. Ümumilikdə cavabdehin iddiaçıya 9850 manat məbləğində borcu vardır. Cavabdeh iddiaçıya borclu olması barədə sadə yazılı qəbz yazmış və həmin qəbzdə iddiaçıya 8250 manat məbləğində borcu olduğunu etiraf etmişdir. 2020-ci ildə "xxxx" ASC-dən götürüb cavabdehə verdiyi 1600 manat məbləğində pul isə həmin qəbzin sonra götürüldüyündən həmin qəbzdə bu barədə qeyd edilməmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və məhkəməyə ünvanladığı etirazda bildirdi ki, İddiaçı 2018-ci il tarixdə "xxxx" ASC-dən götürməklə 2900 manat məbləğində pulu, eyni ildə "xxxx" ASC-dən götürməklə 900 manat pulu, 2019-cu ildə özünə məxsus qızılları girov qoymaqla lombarddan götürdüyü 2000 manat pulu, 2020-ci ildə ildə "xxxx" ASC-dən götürməklə 1600 manat pulu ona verdiyini iddia etmişdir. Bundan başqa iddiaçı 2019-cu ildə özündə olan 450 manat pulu borc şəklində, “Magnit” mağazalar şəbəkəsindən 2000 manat dəyəri olan mobil telefonu kreditlə almaqla ona verdiyini bildirmişdir. Sübut kimi mənbəyi məlum olmayan 8250 manat məbləğində vəsaitin verildiyinin onun tərəfindən etiraf edilməsi barədə qəbz əlavə edilmişdir. İddia ərizəsi əsassız və qanunsuzdur və bu səbəbdən rədd edilməlidir. İddia tərəfi iddia ərizəsində qeyd olunan pul vəsaitlərinin və mobil telefonun hansı əsaslarla əldə edildiyini, tarixini iddia ərizəsində qeyd etməmişdir. İddia ərizəsi mücərrəd qaydada tərtib edilməklə iddianın təsviri hissəsində qeyd olunan məbləğlərin alınması barədə müvafiq banklar, lombard və mağazalar şəbəkəsindən hər hansı kredit müqaviləsi iş materiallarına əlavə edilməmişdir. Halbuki qanunvericiliyin tələbinə görə hər bir tərəf istinad etdiyi halları sübut etməyə borcludur. Belə olan halda həmin kredit müqavilələrinin tarixi, eləcə də ümumiyyətlə həmin müqavilələrin mövcud olub-olmaması ön plana çəkilməli və araşdırılmalıdır. Tərəfin istinad etdiyi onun borcun etirafı barədə yazdığı qəbzə gəldikdə isə qəbzin hansı şəraitdə və hansı tarixdə yazılması əks olunmamışdır. İddia tərəfinin onun bankdan kredit götürə bilmədiyi üçün iddiaçıya müraciət etməsinə gəldikdə isə, onun atasının və qardaşının adına hal-hazırda da kredit mövcuddur. Belə olan halda ona gərək olan pul və digər maddi nemətlər atası və qardaşı tərəfindən qarşılanmalıdır, necə ki bu vaxta qədər ona ehtiyac olduğu anda maddi dəstək verilməkdədir. Bu səbəbdən də iddia ərizəsinin əsaslandırılma hissəsində qeyri-müəyyənlik yaranır. İddiaçı ilə təqribən 2013-cü ildə qısa müddət ərzində (təqribən 3 ay) yaxın münasibətdə olmuşlar. Sonradan qardaşı bu barədə xəbər tutduğundan iddiaçıdan uzaqlaşmalı olmuşdur, iddiaçı hələ o vaxtdan bankdan müntəzəm kredit götürür, öz işlərinə sərf etmişdir. Xüsusilə də Rusiyada yaşayan oğlunun problemlərinə görə iddiaçı kredit götürmək və böyük məbləğlər sərf etmək zərurətində olmuşdur. Vurğulamaq istəyir ki, iddiaçı məlumatı olmadan ona telefon hədiyyə etmişdir. Münasibətdə olduqları vaxt ərzində gündəlik xərclərinə köməklik göstərmişdir. İddiaçıdan uzaqlaşandan sonra yenidən birlikdə olmaqları üçün iddiaçının dəfələrlə müraciət etməsinə baxmayaraq, o, qardaşından, atasından və qonşuların biləcəyindən ehtiyat edərək iddiaçıdan həmişəlik uzaqlaşmışdır. Bundan sonra iddiaçı ondan telefonun pulunu tələb etdikdə o iddiaçıya telefonu qaytara biləcəyini bildirsə də, iddiaçı buna razılaşmamışdır. Bunun əvəzində atasına bu barədə müraiət etmiş, çoxsaylı xahiş və yalvarışdan sonra atasını telefonun kreditini ödəməyə razı salmışdır. Bir müddət keçdikdən sonra iddiaçı Rusiyada yaşayan qızı ilə atasının yanına gəlib, imkanlarının zəif olduğunu, ehtiyacının çox olduğunu bildirməklə xahiş və yalvarışlar etmiş nəticədə atasını iddiaçının kreditlərinə köməklik göstərməsinə razı salmışdır. İddiaçının qeyd etdiyi "xxxx" ASC-dən götürdüyü kreditini və ‘Maqnit” mağazalar şəbəkəsindən götürülmüş bir deyil, iki mobil telefonunun kreditinin atası tərəfindən ödənilməsinə baxmayaraq iddiaçı kreditləri özünün ödədiyini bildirməklə, kredit və digər əməliyyatların təqribən 2013-cü ildə deyil, 2018,2019 və 2020-ci ildə aparıldığını iddia etməklə böhtan və saxtakarlığa yol vermişdir. Digər tərəfdən iddiaçının bir müddət sonra onun kreditləri ödəmədiyini bilib kreditləri özünün ödədiyini deməsi də ağlasığmazdır. Belə ki kredit ödənişi gecikərsə kreditor dərhal bu barədə borcluya məlumat verir və kreditin ödənilməsini tələb edir. Halbuki hər kreditin ödənilməsindən kifayət qədər müddət keçmişdir ki, guya iddiaçı da kreditlərin ödənilmədiyindən xəbər tutduqdan sonra həmin kreditləri özü ödəmişdir. Digər tərəfdən kreditin ödənilmədiyi halda dəfələrlə təkrar olaraq kreditor tərəfindən yeni kreditlərin verilməsi də ağlabatan deyildir. Bundan əlavə bütün bu olanlardan əlavə 2020-ci il tarixə qeyd olunan "xxxx" ASC-dən 1600 manat pulun da götürülərək ona verilməsi də tamamilə yalandır. İş materiallarına nəzər saldıqda da aydın olur ki, iddiaçının bu münasibətlərə dair ümumiyyətlə hər hansı hüquqi əsası yoxdur. Belə olan halda iddia tərəfinin onu cavabdeh qoymaqla məhkəmədə iddia qaldırması tərəfindən anlaşılan deyildir. AR Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilənlərə əsasən, İddiaçı ona qarşı 9850 manat məbləğində pulun, dövlət rüsumu üçün ödənilən 30 manatın, ümumilikdə 9880 manat pulun iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh vəkili X6 məhkəmə iclasında etirazda göstərilənlərə uyğun izahat verdi. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdeh onun doğma övladıdır. İddiaçı ilə oğlu Cavabdeh arasında 2013-cü il tarixdə qısa müddətli münasibət olmuşdur. Belə ki, Həqiqət Cavabdeh telefon hədiyyə vermişdir. Bu münasibətdən onun və böyük oğlunun məlumatı olan kimi tərəflər arasındakı münasibət sona çatmışdır. Bundan bir müddət sonra Həqiqət qızı ilə birlikdə evlərinə gələrək, Talehə telefon hədiyyə etdiyini, iddiaçının oğlunun Rusiya Federasiyasında dələduzluq etdiyini və maddi vəziyyətinin pis olduğu üçün banka olan borclarını ödəyə bilmədiyini bildirmişdir. O, Talehə hədiyyə verilən telefonu geri qaytarmağı bildirsə də, Taleh bununla razılaşmamışdır. Telefonun əvəzi olaraq, həmin gün Həqiqətə 300 manat məbləğində pul vermiş və Həqiqətin Muğan bank ilə Maqnit mağazalar şəbəkəsinə olan borcunu ödəməyi öhdəsinə götürmüşdür. O, iddiaçının yuxarıda adıçəkilən kredit təşkilatlarına olan borcunu ödəmişdir. Belə ki, ödənişlər İddiaçı adına ödəsə də, mədaxil qəbzlərində onun imzası vardır. Eyni zamanda, iş materiallarında olan qəbz Taleh tərəfindən yazılmamışdır və qəbzin varlığından məhkəmə iclasında məlumatları vardır. Məhkəməyə şahid qismində cəlb edilmiş X4 ifadəsində bildirdi ki, o, iddiaçını və cavabdehi tanıyır və hər iki tərəflə qonşudur. O, 10 ildir ki, taksi sürücüsü olaraq işləyir. İddiaçı tez-tez cavabdehi narahat edərək, harada olduğunu soruşmuşdur. Həqiqət Talehə telefon hədiyyə etmişdir, lakin Talehə pul verməsi barədə məlumatı yoxdur. Tərəflər arasında 2012-2013-cü illərdə 4 ay ərzində münasibət olmuşdur. Bu münasibətdən cavabdehin ailəsi xəbər tutduqdan sonra münasibətləri pozulmuşdur. Cavabdeh 2017-2018-ci illərdə ailə həyatı qurmuş və Həqiqətlə münasibətləri olmamışdır. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 ifadəsində bildirdi ki, cavabdeh onun qardaşıdır. İddiaçı ilə eyni məhlədə qonşudurlar. İddiaçı ilə qardaşının 2013-cü ildə münasibətləri olmuşdur. Münasibət 3-4 ay davam etmişdir. O və atası Magnit və Muğanbanka ödəniş etmişdir və qəbzlərdə onun adı yazılmışdır. 2018-2019-cu illərdə kredit müqavilələri bağlanmamışdır. İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş qəbzdən görünür ki, o, qonşusu Həqiqətə “Magnit” mağazalar şəbəkəsindən 2000 manat dəyəri olan mobil telefonu, "xxxx" ASC-dən götürdüyü 2900 manatı və "xxxx" ASC-dən götürməklə 900 manatı, özünə 450 manatı və qızıla görə 2000 manatı 4 ay ərzində verməlidir. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1547 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan tarixsiz borc qəbzindəki imza- Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılmış və imzası ilə təsdiq edilmiş qəbzdən göründüyü kimi cavabeh Cavabdeh İddiaçı “Magnit” mağazalar şəbəkəsindən 2000 manat dəyəri olan mobil telefonu, "xxxx" ASC-dən götürdüyü 2900 manatı və "xxxx" ASC-dən götürməklə 900 manatı, özünə 450 manatı və qızıla görə 2000 manatı 4 ay ərzində verməli olduğunu göstərmişdir. Lakin cavabdeh həmin qəbzin onun tərəfindən yazılmadığını bildirmişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-3252/2021 saylı, 20.09.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarına olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2021-ci il tarixli, 4/1547 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, Cavabdeh adından olan tarixsiz borc qəbzindəki imza- Cavabdeh tərəfindən icra olunmuşdur. İddiaçı tərəfindən tələb olunan ümumilikdə 9850 manat puldan 8250 qəbzdə göstərilən məbləğlərlə təstiq olunduğundan,digər hissə ilə bağlı sübut müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, tərəflər arasında öhdəlik və borc münasibətləri yarandığından və həmin münasibətlər cavabdeh tərəfindən pozulduğundan, ümumilikdə 8250 pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-xətşünaslıq ekspertizasına görə 127 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 107 manat Cavabdeh, 20 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8250 manat məbləğində pul və dövlət rüsumu olaraq 30 manat olmaqla, cəmi 8280 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə-xətşünaslıq ekspertizasına görə 127 manat ekspertiza xərci iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 107 manat Cavabdeh, 20 manat isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı- X1, kod-210005; VÖEN- **********; müxbir hesab- AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab- AZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-181/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-181/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver