Məhkəmə qərarları › İş №2(012)-1813/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1813/2022

18.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1813/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından olan 22.06.2010-cu il təvəllüdlü X4 və 11.04.2013-cü il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay, hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından 22.06.2010-cü il təvəllüdlü X7 və 11.04.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdehlə ailə münasibətləri pozulduğundan aralarında olan nikah Abşeron Rayon Məhkəməsinin 2(012)-3628/2018 saylı, 09.10.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikah pozularkən birgə nikahdan olan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər uşağa görə hər ay 154 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi müəyyən olunmuşdur. İddiaçı onu da qeyd edir ki, Göstərilən miqdarda aliment uşaqların saxlanılması üçün yetərli deyil, onların saxlanmasında çətinlik çəkir. Birgə nikahdan doğulmuş uşaqlara tək baxır. Cavabdeh uşaqların saxlanılmasında iddiaçıya heç bir kömək etmir. İddiaçı xəstədir və heç bir yerdə işləmir. Uşağa tək baxmağa imkanı yoxdur. Cavabdeh kifayət qədər gəlirə malikdir. Onun uşağın saxlanması üçün kifayət qədər maddi imkanı vardır. Bundan əlavə uşaqlar böyümüş və xərcləri çox artmışdır. Məktəb və hazırlıq xərcləri alimentin miqdarından dəfələrlə artıqdır. Bundan əlavə qanunun tələbindən də bilindiyi kimi uşaqlar üçün yaşayış minimumu 2018-ci ildən bəri xeyli artıb. “Azərbaycan Respublikasənda yaşayış 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı, iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəbin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(012)-3628/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında Oğuz rayonunun İHB-nin Kərimli kənd İƏD üzrə nümayəndəliyində 22 iyun 2009-cu ildə bağlanmış nikah qeydi ləğv edilmiş, Birgə nikahlarından olan 22 iyun 2010-cu il tarixdə anadan olmuş X4 və 11 aprel 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi, müvəqqəti alimentin tutulmasına dair Abşeron rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsi, alimentin tutulmasının əvvəlinin 24 may 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 22.06.2010-cü il təvəllüdlü X7 və 11.04.2013-cı il təvəllüdlü X6 anadan olmuş, Abşeron rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(012)-3628/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X8 ilə Cavabdeh arasında Oğuz rayonunun İHB-nin Kərimli kənd İƏD üzrə nümayəndəliyində 22 iyun 2009-cu ildə bağlanmış nikah qeydi ləğv edilmiş, birgə nikahlarından olan 22 iyun 2010-cu il tarixdə anadan olmuş X4 və 11 aprel 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay 154 manat məbləğində aliment tutularaq, İddiaçı verilməsi, müvəqqəti alimentin tutulmasına dair Abşeron rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qərardadının ləğv edilməsi, alimentin tutulmasının əvvəlinin 24 may 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 22.06.2010-cü il təvəllüdlü X4 və 11.04.2013-cı il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 154 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 154 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 154 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. İddiaçı tələb etdiyi hər ay hər bir uşaq üçün 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində alimentin cavabdehin ödəməyə imkanının olub-olmamasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, o, buna dair hər hansı əsaslı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı təyin edilərkən, 2022-ci il üçün uşaqların yaşayış minimumunun 193 manat məbləğində nəzərdə tutulmasını da əsas götürərək, alimentin məbləğinin artırılaraq hər bir uşaq üçün 193 manat müəyyən edilməsini lazım bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşaqların mənafeyini nəzərə alaraq, 22.06.2010-cü il təvəllüdlü X7 və 11.04.2013-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(012)-3628/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh 22.06.2010-cü il təvəllüdlü X7 və 11.04.2013-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Abşeron rayon Məhkəməsinin 09.10.2018-ci il tarixli 2(012)-3628/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 22.06.2010-cü il təvəllüdlü X4 və 11.04.2013-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar