Məhkəmə qərarları › İş №2(012)-1840/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1840/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1840/2025 10.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən ona ödənilməmiş qalan 8855 manat əsas borc, bankdan götürdüyü kreditə görə ödədiyi 1176 manat faiz, ümumilikdə 10031 manat məbləği, həmin məbləği 2 ildən çox müddət ərzində əsassız saxlamaqla ona qaytarmamaqla varlandığından zərərçəkmişlərə ödədiyi vaxtdan ona qaytarılacağı günədək 8855 manatın 5 faizi pulun da Cavabdeh alınaraq ona ödənilməsi, həmçinin, ödədiyi dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh qayınatasının qonşusu kimi tanımışdır. Sürücülük təlimi üzrə müəllim işləmiş Cavabdeh istənilən şəxsə sürücülük vəsiqəsi düzəldə biləcəyini bildirdiyindən 21 nəfər tanışından müxtəlif məbləğlərdə ümumilikdə 17855 manat alaraq Cavabdeh vermişdir, lakin sonuncu onu aldadaraq vədinə əməl etmədiyi üçün cavabdeh barəsində cinayət işi başlanması ilə bağlı Yasamal RPİ-nə müraciət etmişdir. Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X7 “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 26 avqust 2024-cü il tarixli qərarından göründüyü kimi araşdırma zamanı müəyyən edilmişdir ki, o, 21 nəfər üçün sürücülük vəsiqəsi almaq üçün sonuncuların verdiyi ümumilikdə 17855 manat pulu hazırki iş üzrə cavabdeh dələduzluq işi üzrə təqsirləndirilən şəxs Cavabdeh verməyi, habelə zərəçəkmiş şəxslərdən Cavabdeh vermək üçün ümumilikdə aldığı 17855 manatı özünün qaytarmağı, Cavabdeh etirafedici ifadəsi, habelə 21 nəfər şahidin ifadələri ilə təsdiqini tapmışdır. Lakin həmin cinayət işi üzrə qeyd olunan məbləğlər ona aid olmadığı üçün, Cavabdeh təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş kimi tanınmasa da, Cavabdeh zərəçəkmişlərə qaytarmalı olduğu pulun isə onun tərəfindən zərərçəkmişlərə qaytarılması təsdiq olunduğundan, istintaq orqanı qeyd olunan məbləğin Cavabdeh mülki mühakimə icraatı qaydasında tələb etmək hüququmun olmasını ona izah etmişdir. Hazırda Cavabdeh AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Yasamal rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır. Nəzərə çatdırmaq istəyir ki, yuxarıda qeyd edildiyi kimi Cavabdeh zərərçəkmişlərdən ələ keçirdiyi pulları onun vasitəsiylə ələ keçirdiyindən zərərçəkmişlərin ziyanlarını ödəmək üçün bankdan faizə kredit də götürmüşdür. ABB-nin Kreditin və hesablanmış faizlərin ödəniş cədvəlindən göründüyü kimi tərəfindən xx.xx.2022-ci il tarixdə aylıq faiz dərəcəsi 18,9 olmaqla 3500 manat kredit götürülmüşdür, həmin kreditə görə hal-hazıradək 1176 manat da faiz ödəmişdir. Ona görə də hesab edir ki, bankdan götürdüyü kreditə görə ödədiyi faiz pulu da cavabdehdən tutularaq ona ödənilməlidir. Qeyd edilənlərə əsasən, o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh vəkili və nümayəndəsi məhkəməyə xx.xx.2025-ci il tarixində etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan, hesab edir ki, aşağıda göstərilənlərə əsasən rədd edilməli və təmin edilməməlidir. İddia ərizəsində iddiaçı tərəfindən Yasamal RPİ-nin İŞ-nin “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” 26 avqust 2024-cü il tarixli Qərarına istinad edilsə də, həmin Qərarda İddiaçı Cavabdeh qarşı 10031 manat məbləğində pul tələbinə dair iddiasını təsdiq edən sübutlar öz əksini tapmamışdır. Daha sonra iddiaçi tərəfindən iddia ərizəsində zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə 3500 manat məbləğində kredit götürdüyünü və buna görə faizlər ödədiyini iddia etsə də, həmin kredit məbləğinin və ona görə ödənilmiş faiz məbləğlərinin həqiqətən də zərərçəkmişlərə ödədiyini təsdiq edən hər hansı sübut iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 47.2-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək və mülki məhkəmə icraatı barədə qanunvericilikdə verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. Ona görə də yuxarıda qeyd edilənlərə MPM-nin 154-cü maddəsinə əsaslanaraq, o, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməsi və rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında onun İddiaçı 8855 manat məbləğində borcunun olduğunu qəbul etmiş, iddia tələbini qismən 8855 manat əsas borc hissəsini qəbul etdiyini, digər hissələrdə qəbul etmədiyini bildirmiş və etiraf ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəfləri dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Qərarda təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 15 il olar ki, ünvan 1 ünvanında yerləşən gözəllik salonunda saç ustası işləyən Kimyanı onun daimi müştərisi kimi tanıyır, özü 2018ci ilin iyun ayından 2022-ci ilin iyul ayına qədər özünün şəxsi avtomobili ilə təlim müəllimi işləmiş, eyni zamanda tanışlarının vasitəsilə vətəndaşlara sürücülük vəsiqələri əldə etmələrinə köməklik etmişdir. 2022-ci ilin aprel ayında tanışı Kimya ona zəng edərək özünün əri Elnura BC kaieqoriyalı sürücülük vəsiqəsini düzəltməyini xahiş etdikdə ona 1000 manat pulun müqabilində bunu düzəldə biləcəyini vəd emişdir. Buna görə də 2022-ci ilin aprel ayı ərzində Kimya əvvəlcə qızı Aytac vasitəsilə 500 manat, daha sonra özü iki dəfəyə 300 manat, daha sonda isə əri Elnur vasitəsilə 200 manat ödəməklə cəmi 1000 manat pul vermişdir. Həmin vaxtlar özünün maddi çətinlikləri yarandığından həmin pulu özünə xərcləyib qısa müddətə yerinə qoyaraq sürücülük vəsiqəsi düzəldəcəyini düşünüb Kimyagildən aldığı pulları xərcləmişdir. Lakin planlaşdırdığı qazancları əldə edə bilmədiyindən və nəvəsi ağır xəstələndiyindən Kimyagilin pullarını yerinə qoya bilməmişdir. Bundan sonra onlar israrla pullarını tələb etdikdə mən 500 manat düzəldərək Kimyanın kart hesabına göndərmiş, sonra isə qalan 500 manat pulu istintaqa təqdim etmişdir ki, Elnura qaytarılsın. X5 aldığı 1000 manat pulu tam ödəmişdir. Bundan başqa X2 08 iyun 2022-ci il tarixdə Bakı şəhəri. Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən «Capsella» Pərdə-Tül mağazasının qarşısında özünə sürücülük vəsiqəsinin əldə olunmasında köməklik etmək üçün 850 manat pul vermişdir. Lakin o, Nərgiz Əsgərovaya sürücülük vəsiqəsinin alınmasında köməklik edə bilməmiş və ondan aldığı pulları şəxsi ehtiyaclarım üçün xərcləmişdir. Hazırda o, Nərgiz Əsgərovaya 850 manat pulu tam olaraq qaytarmışdır. Bundan başqa X1 vəsiqəsi əldə olunmasına köməklik etmək üçün ondan 1000 manat pul istəmiş, onunla razılaşaraq xx.xx.2024-cü ildə özünə məxsus ***-***-**-** nömrəli mobil nömrəmin vhatsap proqramı vastəsi ilə 4098 5844 6536 3230 nömrəli Leobank kart nömrəsini Sevincin istifadəsində olan ***-***-**-** nömrəsinin whatsapına göndərmiş, razılaşdığı 1000 manat pulu həmin kart hesabına göndərsin. Sevinc həmin gün saat 22-57-də 500 manat və saat 23-01-də daha 500 manat göndərməklə ona 1000 manat pul göndərmişdir. Ondan aldığı pulu öz ehtiyaclarıma xərcləmişdir. X8 barəsində polisə şikayət etdikdən sonra ona aldığı 1000 manat pulu tam şəkilə qaytarmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxslərə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxslərin ondan şikayət və tələblərinin olmadığını, onunla barışdıqlarını, vurulmuş zərərin 25 faizi həcmində dövlət nəfinə ödəniş etdiyini, eləcə də özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. -Yasamal RPİ-nin İŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında qərarından görünür ki, zərərçəkmiş şəxs qismində dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, Cavabdeh Abdul qızını 2022-ci ilin əvvəllərindən tanımışdır. Bu qadın qaynatası ilə qonşuluqda uzun müddət yaşasa da onu tanımağı 2022-ci ilin əvvəllərinə təsadüf edib. Belə ki, həmin ərafədə Reyhanə özünə məxsus “Wolsvagen” markalı avtomobili idarə edərək təlim fəaliyyəti göstərdiyindən avtomobil sürməyi öyrənmək üçün ona baldızı müraciət etmişdir. Həmin vaxtlar bilmişdir ki, bu qadın mərhum qaynatası ilə qonşuluqda yaşayır. Tanışlıq zamanı bildirmişdir ki, təlim avtomobili idarə edir, daim Yol Polis əməkdaşları ilə ünsiyyətdədir, həmçinin “Avtoşkola”da, Baş Yol Polis İdarəsində tanışları çoxdur, lazım olsa yaxın dost-tanışa sürücülük vəsiqəsi alınmasında köməklik edə bilər. 2022-ci ilin əvvəllərindən təxminən 20-25 nəfər yaxın dost-tanışa sürücülük təlimi keçmək istəyən və sürücülük vəsiqələri almaq istəyən şəxslərə köməklik göstərmiş və həmin şəxslər qanuni qaydada imtahan verməklə sürücülük vəsiqələri almışlar. Bu ərafədə Reyhanə ilə görüşlərin birində özünün necə bacarıqlı olduğundan danışmağa əlavə müraciət edənlər olsa 10 nəfər və daha artığını bir ayın içərisində sürücülük vəsiqələrinin alınmasında köməklik edə biləcəyini bildirmişdir. Onun doğrudan da tanışlarının olması və kömək üçün müraciət edən şəxslərə köməklik göstərmək iqtidarında olduğuna inanaraq 2022-ci ilin fevral ayından başlayaraq sürücülük vəsiqəsinin alınmasında köməklik göstərilməsi üçün müraciət etmiş şəxslərdən 3 nəfərin, 5 nəfərin və artığının sənədlərini alıb onunla Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində görüşərək sənədləri və verilmiş pullarla birlikdə Reyühanəyə vermişdir. Belə ki, həmin vaxt Reyhanə ona deyirmiş ki, sürücülük vəsiqəsinin alınması üçün bir nəfərin 1000-1200 manat xərci çıxırsa o, bu xərcləri 770 manatdan başlayaraq kateqoriyadan asılı olmaqla 1000 və ya 1150 manatadək həll edə bilir. Onun vədlərinə inanaraq 2022-ci ilin fevral ayında ona müraciət etmiş yaxın dostlarından Zeynalov Zabitin 820 manat, Kənan Əliyevin 820 manat, Ələkbər Seyidquliyevin 870 manat, Salahova Arzunun 820 manat, Şəlalə Abdullayevanın 820 manat, Elçin Ağabəylinin 870 manat, Niyaməddin Əlicanovun 820 manat, yəni 7 nəfərin 5,840 manatlıq pulunu aparıb Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində Reyhanə ilə görüşüb ona vermişdir. Reyhanə pulu alandan sonra bir ay və ay yarım ərzində sürücülük vəsiqələrinin alınmasına kömək edəcəyinə vəd vermişdir. Bu müddət ərzində ona təkrar müraciət etmiş tanışının yaxınlarının da pullarını Reyhanənin onu inandırması səbəbindən gətirib ona vermək qərarına gəlmiş və 2022-ci ilin mart ayında Elman Mirzəyevin 1125 manat, Kəmalə İsmayıllının 820 manat, Fərid Süleymanhnın 870 manat Murad Süleymanovun 1150 manat, Əlican Muradovun 820 manat,Vəfa Hüseynovanın 820 manat pulunu-cəmi 5,605 manat pulu Reyhanə ilə Yasamal rayonu, Şərifzadə küçəsi, Saf Sunun qarşısında ona vermişdir. Bundan təxminən bir ay sonra, yəni aprel ayında isə Səadət Məmmədovaya məxsus 770 manat, Elsurə Babayevaya məxsus 770 manat, Sevinc Kərimovaya məxsus 770 manat, Aynur Əliyevaya məxsus 770, Elçin Aslanova məxsus 870 manat, ümumilikdə 3950 manat pulu Reyhanəyə vermişdir. Reyhanədən əvvəl verdiyi şəxslərə görə vəd verdiyi bir ay vaxtın keçdiyini soruşduqda sonradan verdiyi şəxslərlə birlikdə hamısını bir yerdə təşkil edəcəyini və əlavə adamlar gətirməyi bildirmişdir. Reyhanə onu əmin etdiyindən ona inanaraq növbəti dəfə ona müraciət etmiş Süsən Məmmədovanın 820 manat, Türkan Tanrıverdiyevanın 820 manat, Günay Əliyevanın 820 manat, cəmi 2460 manat pulunu 2022-ci ilin may ayının əvvəllərində Reyhanə ilə görüşüb Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində görüşərək ona vermişdir. Reynanə ümumilikdə ondan 17.855 manat pul alaraq yaxın vaxtlarda bütün şəxslərin sürücülük vəsiqələrinin alınmasını təşkil edəcəyinə vəd versədə sonradan ona məlum oldu ki, bu şəxs bir nəfərin belə sürücülük vəsiqəsinin verilməsinə köməklik etməmiş, onu aldadaraq aldığı pulları şəxsi məsrəflərinə xərcləmişdir. Bunları biləndən sonra dəfələrlə ona zənglər edib verdiyi vədə əməl etməsini və əks halda aldığı pulları qaytyarmasım tələb etdikdə müxtəlif vədlər verməyə başlamış, nəticədə etiraf etmişdir ki, guya evdə xəstəsi olub, aldığı pulları onun müallicəsinə xərcləyib, evini satıb aldığı pulunu qaytaracaqdır. Onun dələduz olduğunu biləndən sonra bu barədə şikayət etmiş və istintaq araşdırması aparılan müddətdə ona 9.000 manat pul qaytarmışdır və həmin pulları, əlavə olaraq bütün zərərləri şəxsi vəsaiti hesabına adları çəkilən şəxslərə qaytarmışdır. Reyhanənin ondan sürücülük vəsiqələri üçün aldığı məbləğ 17,855 manatdan ibarətdir, qalan 3600 manat pulu isə şəxsən 2022-ci ilin mart ayında Reyhanənin oğlu Əlövsət Əsgərova tikinti materialları gətirməsi üçün vermiş və sonuncu həmin puldan cəmi ona 300 manat qaytarmışdır. Ümumilikdə verdiyi 21.455 manat puldan qaytarılan 300 manatı çıxmaqla 21.155 manat qalmışı, ola bilsin rəqəmləri düzgün hesablamamışdır. Bu günkü gün isə ümumilikdə ona 9000 manat və 300 manat olmaqla qaytarılan pulları çıxdıqda 12.155 manat qaytarılmamış pulu qalmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, 6, 16, Cavabdeh isə ünvan 2i ünvanında qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı qayınatasının qonşusu kimi tanıdığı və sürücülük təlimi üzrə müəllim işləmiş Cavabdeh istənilən şəxsə sürücülük vəsiqəsi düzəldə biləcəyini bildirmiş, bununla da İddiaçı 21 nəfər tanışından müxtəlif məbləğlərdə ümumilikdə 17855 manat alaraq Cavabdeh vermişdir. Lakin Cavabdeh vədinə əməl etməyərək, həmin şəxslərə sürücülük vəsiqəsi verilməsini təmin etməmiş, həmçinin verilən pulları da qaytarmamışdır. İddiaçı cavabdeh tərəfindən göstərilən məbləğin qismən qaytarıldığını hazırda isə həmin məbləğdən 8855 manat qaldığını bildirərək cavabdehdən 8855 manat əsas borc, bankdan götürdüyü kreditə görə ödədiyi 1176 manat faiz, ümumilikdə 10031 manat məbləği, həmin məbləği 2 ildən çox müddət ərzində əsassız saxlamaqla ona qaytarmamaqla varlandığından zərərçəkmişlərə ödədiyi vaxtdan ona qaytarılacağı günədək 8855 manatın 5 faizi pulun da Cavabdeh alınaraq ona ödənilməsi, həmçinin, ödədiyi dövlət rüsumunun da cavabdehə aid edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmədə iddianın 8855 manat hissəsini qismən etiraf etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının: -60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. -68-ci maddəsinə əsasən cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: -65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. -180.2.-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Mülki iş materiallarından məlum olur ki, Cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə istənilən şəxsə sürücülük vəsiqəsi düzəltmək üçün İddiaçı aldadaraq iddiaçının 8855 manat pulun ələ keçirmişdir. Bu hal Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-567/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə iddiaçını və iddiaçının tanıdığı şəxsləri sürücülük vəsiqəsi düzəltmək üçün iddiaçını aldadaraq 17855 manat pulunu ələ keçirməklə, ona ziyan vurmuşdur. Həmin məbləğdən qismən iddiaçıya ödənilmiş hazırda isə 8855 manat borcu qalmışdır. Məhkəmə iclasında Cavabdeh həmin məbləği etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə, cavabdeh tərəfindən iddianın 8855 manat əsas borc tələbini qəbul və etiraf etdiyini nəzərə alaraq həmin hissənin təmin olunması qənaətinə gəlir. İddiaçı iddia tələbində 2 ildən çox müddət ərzində əsassız saxlamaqla ona qaytarmamaqla varlandığından zərərçəkmişlərə ödədiyi vaxtdan ona qaytarılacağı günədək 8855 manatın 5 faizi pulun da Cavabdeh alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, 1. Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Məhkəmə qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, iddiaçı tələbində haqlıdır və Cavabdeh illik 5 faiz olmaqla 2 il müddətinə hesablanmış 885,50 manat (8855x5:100=442,75; 442,75 x 2 il= 885,50 manat) faiz məbləği alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Bundan əlavə iddiaçı tələbində bankdan götürdüyü kreditə görə ödədiyi 1176 manat faiz məbləğinin də cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, iddiaçı bankdan götürdüyü kreditin hazırkı məsələ ilə bağlı zərərçəkmişlərə ödənilməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ərizəsi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirib, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh 8855 (səkkiz min səkkiz yüz əlli beş) manat pul vəsaiti və illik 5 faiz olmaqla 2 il müddətinə hesablanmış 885,50 (səkkiz yüz səksən beş manat əlli qəpik) manat faiz məbləği alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən ödənilmiş 123 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 110 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 8855 (səkkiz min səkkiz yüz əlli beş) manat pul vəsaiti və illik 5 faiz olmaqla 2 il müddətinə hesablanmış 885,50 (səkkiz yüz səksən beş manat əlli qəpik) manat faiz məbləği və 110 (yüz on) manat dövlət rüsumu alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar