Məhkəmə qərarları › İş №2(012)-1847/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1847/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1847/2023 15.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı pul tələbinə dair mülki işə 15 may 2023-cü il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, əhkəməyə mürəciət etmək üçün qanunla müəyyən edilmiş müddətin keçməsini üzürlü sayıb, Abşeron rayonu Qobu Bələdiyyəsindən 1200 (min iki yüz) manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC vasitəsilə cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə torpaq sahəsi ayrılıb verilməsi üçün xx.xx.2008-ci il tarixli 128 №- li qəbz ilə 1200 manat məbləğində pul ödəmişdir. Cavabdeh ona ödəniş barədə qəbzin kserosurətini vermişdir. Həmin vaxt cavabdeh bələdiyyənin sədri Mübariz adlı şəxs olmuşdur. Dəfələrlə etdiyi yazılı və şifahi müraciətlərə baxmayaraq ona nə torpaq sahəsi verilmiş və nə də pulu geri qaytarılmışdır. Həmin vaxtlar atası ağır xəstə olduğundan başı müayinəsinə və müalicəsinə qarışmış, pozulmuş hüququnun bərpası üçün başa düşməyib məhkəmədə iddia qaldırmamışdır. Cavabdeh bələdiyyə bu günsabaha salıb ona torpaq sahəsi verməmişdir. X1 xx.xx.2018-ci ildə vəfat etmişdir. Məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini buraxmamışdır. Əgər buraxsa da, məhkəmə bunu üzürlü sayıb bərpa etməlidir. Digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.5-ci maddəsinin tələblərinə görə dövlət və bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktın etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərinə iddia müddəti şamil edilmir. Göründüyü kimi cavabdeh iddiaçının 1200 manat məbləğində pulunu qaytarmır, üzərlərinə götürdüyü öhdəliyi yerinə yetirmir. İddiaçı 1-ci qrup əlildir. Maddi imkanı olduqca aşağıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsi Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron rayon Qobu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 389 nömrəli məktubdan görünür ki, Qobu bələdiyyəsində xx.xx.2021ci il tarixdə 136 saylı nömrə ilə qeydiyyatdan keçən ərizəyə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd edildiyi kimi 2008-ci ildə torpaq sahəsinə görə bələdiyyə büdcəsinə ödənilən vəsaitin geri qaytarılması həmin rüsumlarla bağlı bank qəbzlərini bələdiyyəyə təqdim etdikdən sonra həyata keçiriləcəkdir. Ona görə də torpaq sahəsinə görə ödənilən bank qəbzlərinin əslini bələdiyyəyə təqdim edilməsi xahiş olunmuşdur. Rüsumla bağlı bank qəbzlərinin əslini təqdim etdikdən sonra vəsaitin qaytarılması ilə bağlı müvafiq qərar qəbul ediləcəkdir. Mülki işin materiallarında olan Ləğv prosesində olan "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə X3 ünvanlanmış məktubdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə Abşeron rayonu Qobu Bələdiyyəsinin hesabına ödənilmiş vəsait barədə arayış verilməsinə dair müraciətinə Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (81 )- 1541/2016 nömrəli qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, eyni məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81 )-1541/2016 nömrəli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin olunmuşdur. Müraciətdə qeyd olunan şəxs tərəfindən 1200 (min iki yüz) manat məbləğində ödəniş həqiqətən xx.xx.2008-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı bağlanır. Həmin Məcəllənin 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd edilənlərdən göründüyü kimi, İddiaçı "xxxx" ASC vasitəsilə cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə torpaq sahəsi ayrılıb verilməsi üçün xx.xx.2008-ci il tarixli 128 №-li qəbz ilə 1200 manat məbləğində pul ödəmişdir, lakin ötən müddət ərzindən bələdiyyə tərəfindən ona torpaq sahəsi ayrılmamış və ödənilmiş pul məbləği isə geri qaytarılmamışdır.Ödənilmiş pulun geri qaytarılması barədə bələdiyyənin cavabı isə göründüyü kimi əsassızdır. Cavabdeh ona ödəniş barədə qəbzin kserosurətini vermişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsindən 1200 (min iki yüz) manat alınaraq İddiaçı verilməlidir. Cavabdeh tərəf məhkəmədə iştirak etməmiş və onun tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Bu səbəbdən iddia müddətinin ötürülməsinin üzürül sayılması məsələsi müzakirə olunmadı. Belə ki, MM-nin 375.2. maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, bələdiyyələr isə dövlət rüsumu ödəməkdən azad edildiklərindən iddia ərizəsinin verilməsinə görə iddiaçının ödədiyi 33 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsindən 1200 (min iki yüz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar