Məhkəmə qərarları › İş №2(012)-1848/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1848/2025

28.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1848/2025 28.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən İİİ şəxs X12) maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qanuni nümayəndə Cavabdeh maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atası İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 15000 manat, həmçinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun Cavabdeh tutularaq iddiaçı Qanuni nümayəndə ödənilməsi barədə qətnamə qəbul edilməsni xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə xx.xx.2000-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. Cəbrayıl rayonundan məcburi köçkün olmaqla hazırda müvəqqəti olaraq ünvan 1 ünvanda yaşayır. Hazırki iş üzrə cavabdehi hadisə baş verməzdən əvvəl qəti olaraq tanımamış, heç bir münasibəti olmamışdır. Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 13:45 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Kia Ceed” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkətdə olarkən “Qurtuluş-93” yaşayış kompleksi istiqamətində sağa dönmə əməliyyatı edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərini pozaraq, yəni “nəqliyyat vasitəsi hərəkət hissələrinin kəsişdiyi yerdən çıxarkən, qarşıdan gələn nəqliyyatın yoluna keçməmək şərti ilə dönməli, nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməli” maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə riayət etməyib onun istiqamətində yolun sol tərəfində dayanmış İddiaçı idarə etdiyi “Kia-Ceed” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlıqdan qabaq sol oturacağa tərəf əyilmiş sürücü İddiaçı yerə yıxılaraq qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın və gicgah paylarının kortiko-subkortikal hemoragik kontuziya ocaqları, alın sümüyünə keçən xətti sınığı, ənsə nahiyəsinin əzilmiş cırılmış yarası kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Cavabdeh barəsində Abşeron Rayon Məhkəməsinin 1(012)-1139/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixli hökmü çıxarılmışdır. Artıq 1 ilə yaxındır ki, yataq şəraitindədir, daimi olaraq müalicə alır və indiyə kimi müalicəsinə 20000 manatdan artıq xərc çıxmışdır. O, atası İddiaçı səhhəti ilə bağlı işləyə bilmir. Belə ki, İddiaçı fiziki cəhətdən kömək edə biləcək tək şəxs oğlu Qanuni nümayəndədir. Cavabdeh isə bu müddət ərzində yalnız 7000 manat məbləğində köməklik etmiş, dəfələrlə vurulan ziyanın ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Ümumiyyətlə, ailəni dolandıran taksi fəaliyyəti məşğul olan İddiaçı olmuşdur. Evdə başqa heç kim işləmir, maddi vəziyyətləri olduqca çətindir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçı Qanuni nümayəndə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 54.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə ilə müraciət edərək, tələb hüququnun olmadığı üçün onun əsl iddiaçı olan atası İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə 4936 manat məbləğində maddi ziyan dəydiyini bildirmiş, iddia ərizəsinin xahiş hissəsinin “baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona dəymiş maddi ziyanın əvəzi olaraq 15000 manat, həmçinin vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun, eləcə də avtomobilinə dəymiş ziyanın əvəzi olaraq 4936 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, avtomobil əmisinə (müstəqil tələb irəli sürməyən İİİ şəxsə) məxsusdur, etibarnamə ilə atası (iddiaçı) idarə etmişdir. Avtomobilə dəyən ziyanı iddiaçı tərəf özü aradan qaldırmışdır. Dəymiş ziyan 20000 manatdan çox olsa da, cavabdeh tərəfindən 7000 manat maddi ziyan geri ödənilmiş, sığorta tərəfindən isə 4000 manat zərər qarşılanmışdır. Dövlət tərəfindən ciyər və beyin üçün dərmanlar yazılmış, onların yarısını dövlət qarşılamış, yarısını isə öz büdcələrindən ödəməkdədirlər. İddiaçının həkimləri var, fizioterapevti həftədə 3 dəfə gələrək müalicə edir. Həmçinin yeni xərcləri (təxminən 200-300 manat) yaranmağa başlayır. Belə ki, iddiaçının müaliəsi hələ də davam etməkdədir. İndiyədək 50000 manata yaxın xərcləri çıxmaqdadır. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2025-ci il tarixli, 3-16-17/44/2-355/2025 saylı cavab məktubuna qoşma edilmiş Cavabdeh ərizəsində qeyd edilmişdir ki, o, iddia ərizəsi ilə tanış olmuş, orada göstərilən məbləği ödəmək gücü olmadığını və məhkum olduğunu nəzərə alaraq iddia ərizəsi ilə razı olmadığını və məhkəmə iclasında iştirak etmək istəmədiyini bildirmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 iddia ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o, iddiaçının qardaşıdır. Yol-nəqliyyat qəzası törədilərkən iddiaçının idarə etdiyi avtomobil ona məxsusdur, avtomobili sürə bilməsi üçün iddiaçıya etibarnamə vermişdir. Avtomobilə dəymiş zərərin pulunu qardaşı (iddiaçı) ödəmişdir. İddiaçı dövlət xəstəxanası olan Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə almışdır. Lakin rəsmi pul ödənişi yoxdur. Ümumilikdə 58000 manatdan çox xərcləri çıxmışdır. Həmçinin, Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, iddiaçının həkimidir. Həftədə 3 dəfə olmaqla iddiaçıya masaj və idman xidməti göstərmiş, hər dəfə 50 manat, həftə ərzində 150 manat xidmət haqqı almış, ümumilikdə 7 ay qulluq etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AA 489397 seriyalı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1974-cü ildə daimi yaşayış yeri olan Cəbrayıl rayonunu tərk edərək Abşeron rayonu, Masazır qəsəbəsi ünvanda məskunlaşmışdır. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-1139/2024 saylı hökmündən görünür ki, Cavabdeh AR Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 02 il, 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cavabdeh cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzanın icrasının əvvəli Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(012)-1139/2024 saylı hazırlıq iclasının qərarı ilə həbs edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş "həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitesiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilməsi, iş üzrə maddi sübut kimi tanınan – “Kia Ceed” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh qaytarılmasının nəzərə alınması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 manat məbləğində məhkəmə xərcinin təqsirləndirilən şəxs Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, təqsirləndirilən şəxsə məhkəmə iclasları zamanı 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 48 manat məbləğində pulun Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hökm edilmişdir. -Həmçinin Abşeron Rayon Məhkəməsinin 1(012)-1139/2024 saylı hökmündən görünür ki:

1. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə- Tibbi Ekspertiza və X9” Publik hüquqi şəxsin 1895 nömrəli ekspert rəyinə əsasən, İddiaçı bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın və gicgah paylarının kortiko-subkortikal hemoragik kontuziya ocaqları, alın sümüyünə keçən xətti sınığı, ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir.

2. xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1927 saylı ekspert rəyindən görünür ki, “Kia Ceed” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 7-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

3. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-701/2024 saylı qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs xx.xx.1974-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonu, Cavdar kəndində qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan İddiaçı cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

4. 15.10.2024-cü il tarixli “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərara əsasən, xx.xx.2000-ci ildə Cəbrayıl rayonu, Kavdar kəndində anadan olmuş Qanuni nümayəndə zərərçəkmiş şəxs İddiaçı qanuni nümayəndəsi qismində təyin edilmişdir. -Müstəqil sığorta eksperti X13 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müstəqil ekspert rəyindən görünür ki avtoyol-nəqliyyat qəzasına uğramış “Kia Ceed” markalı, **- FR-*** dövlət qeydiyyat nişanlı X5 mülkiyyətində olan avtomobilə dəyən ziyanın məbləğini təyin etmək üçün yerində baxış keçirildikdən sonra avtomobilə ön hissədən zərbə dəydiyi müəyyən olunmuş, avtomobilin tam sökülüb yığılmasına təmir və rənglənməsinə sərf olunan işlərin dəyərinin ümumilikdə 4936 manat təşkil etdiyi qeyd edilmişdir. -Çoxsaylı həkim reseptləri və satış çeklərindən görünür ki, müxtəlif tarixlərdə həkimlər tərəfindən tərtib olunmuş repestlərdə göstərilmiş dərman preparatları alınmışdır. -Çoxsaylı çıxarışlardan görünür ki, İddiaçı X10 müxtəlif analizlər vermiş, ona pasiyent kimi xidmətlər göstərilmişdir. -xx.xx.2022-ci il tarixli, ƏN-Vİ 026567 nömrəli etibarnamədən görünür ki, X1 İsmayıl Yunus oğluna “Kia Ceed minik” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyətini vermişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, İddiaçı 90% birinci dərəcəli əlilliyi olan şəxsdir və əmək qabiliyyətsizdir. -“AZEMİS Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə İddiaçı vergi məlumatları üzərindən göndərilmiş sorğu əsasında əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı adına xx.xx.2014-cü il tarixdə taksi fəaliyyəti ilə bağlı ********** saylı VÖEN hesabı açılmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2024cü il tarixdə, saat 13:45 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Ceed” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi ilə hərəkətdə olarkən cavabdehin təqsiri ucbatından cavabdeh tərəfindən idarə olunan avtomobillə toqquşması nəticəsində ehtiyatsızlıqdan qabaq sol oturacağa tərəf əyilmiş iddiaçıın yerə yıxılaraq qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, hər iki alın və gicgah paylarının kortiko-subkortikal hemoragik kontuziya ocaqları, alın sümüyünə keçən xətti sınığı, ənsə nahiyəsinin əzilmiş cırılmış yarası, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması nəticəsində zərər dəydiyini irəli sürərək 15000 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi ziyanın əvəzini məhkəmə qaydasında tələb etmiş, cavabdeh isə iddia tələbini qəbul etməmişdir. Məhkəmə, ilk olaraq qeyd edir ki, iddiaçının sağlamlığına ağır zərər vurulması Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(012)-1139/2024 saylı qanuni qüvvəyə minmiş hökmü ilə öz təsdiqini tapmışdır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə, həmçinin hesab edir ki, sağlamlığa ağır zərər vurulma ilə bağlı iddiaçıya mənəvi ziyanın vurulması obyektiv həqiqət kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən cavabdeh tərəfindən onların iddiaçı barəsində yaydığı və işin materiallarında olan məlumatların və ifadələrin şərəf və ləyaqəti alçaldan, işgüzar nüfuza xələl gətirən ifadələr olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddianın əsassız olması qənaətinə gəlir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. “Azərbaycan Respublikası Mülki Məcəllənin 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Qeyd olunan plenum qərarında göstərilmişdir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Qeyd edilməlidir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçı yol-nəqliyyat qəzası baş verməzdən əvvəl fəaliyyət qabiliyyətli olmuş, taksi fəaliyyəti ilə məşğul olmuş, qəzadan sonra isə iddiaçının sağlamlığına ağır zərər vurulması nəticəsində əmək qabiliyyətini itirmiş, başqasının qulluğuna möhtac qalmış, bu onda yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunmuş hallar, iddiaçının əvvəllər adında taksi fəaliyyəti ilə bağlı ********** saylı işlək VÖEN hesabının olması, yol-nəqliyyat qəzası nəticəsində sağlamlığına ağır zərər vurularaq 90% birinci dərəcəli əlilliyinin yaraması və əmək qabiliyyətini itirərək faktiki olaraq qazancdan məhrum olması, yataq xəstəsi olması, müalicəni, dərman vasitələrinin alınması, başqasının qulluğunu təsdiq edən rəsmi sənədlər - həkim repestləri və satış çekləri, həmçinin şahid ifadəsi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddiaçıya cavabdehin təqsiri ucbatından baş vermiş qəza nəticəsində maddi və mənəvi zərər vurulması ağlabatandır və məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Odur ki, Cavabdeh İddiaçı xeyrinə maddi zərərə görə 15000 manat, mənəvi zərərə görə isə 3000 manat pul vəsaiti tutularaq ödənilməlidir. Məhkəmənin mülahizəsinə görə mənəvi ziyanın bu şəkildə tutulması ədalətlidir və mənəvi ziyan qalan hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı onun etibarnamə ilə idarə etdiyi, lakin mülkiyyətində olmayan (qardaşı X7 məxsus olan) “Kia Ceed minik” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 4936 manat pul vəsaiti tələb etsə də, həmin tələb üzrə İddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ olmadığından iddia ərizəsi həmin hissədə təmin edilməməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. Hazırkı halda, iddiaçının cavabdeh tərəfindən zərər dəydiyini iddia etdiyi avtomobil üçün dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməsinə baxmayaraq, həmin avtomobilin onun mülkiyyətində olmasına dair sübutlar iş materiallarına əlavə edilmədiyindən, avtomobil iddiaçıya deyil, qardaşı - müstəqil tələb irəli sürməyən İİİ şəxs X7 məxsus olduğundan, iddiaçının hazırki tələblə bağlı subyektiv hüququ olmamış, bununla da tələb hüququ olmayan şəxs tərəfindən verilmişdir. Odur ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə isə 3000 manat pul vəsaiti tutularaq ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi tutulmalıdır. 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı (məcburi köçkün olduğu üçün) dövlət rüsumu ödəməkdən qanunla azad edildiyindən ödənilməli olan 144 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyana görə 15000 (on beş min) manat, mənəvi ziyana görə isə 3000 (üç min) manat pul vəsaiti tutularaq ödənilsin. Ödənilməli olan 144 (yüz qırx dörd) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət mədaxilinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar