Məhkəmə qərarları › İş №2(012)-1853/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1853/2025

03.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1853/2025 03.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Tağıyev şirkətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Tağıyev şirkətinə qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Tağıyev şirkəti tərəfindən onun fərdi yaşayış evinə quraşdırılmış 4 ədəd qapının geri qaytarılması, 2000 manat maddi ziyanın və ödədiyi 40 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Abşeron rayonu, Məmmədli kəndində özü üçün inşa etdiyi fərdi yaşayış evinə otaq qapıları lazım olduğundan saytların birindən Tağıyev Şirkətinə məxsus mobil nömrələrin biri ilə əlaqə saxlayaraq telefona cavab verən Rəsmiyyə adlı xanımın vasitəsilə şirkətin ünvan 1 ünvanında yerləşən satış ofisinə yaxınlaşaraq ev qapıları ilə maraqlanmış və evinə 4 ədəd qapı sifariş vermişdir. Dörd ədəd qapı və qapı çərçivəsi üçün iddiaçı tərəfindən şirkətə, ümumilikdə, 2000 manat pul ödənilmişdir. Şirkətin satış mağazasında işləyən nümayəndəsi qapılar hazır olduğu vaxt iddiaçını fabrikə dəvət edəcəklərini və qapını bəyəndiyi təqdirdə gətirib evə quraşdıracaqlarına söz vermişdir. Noyabr ayının 8-də iddiaçıya şirkət tərəfindən zəng olunaraq qapıların hazır olduğunu və quraşdırılmaq üçün ünvana çatdırılması barədə məlumat vermişdirlər. Şirkətin işçiləri tərəfindən qapılar iddiaçının yaşadığı evə gətirilmiş, iddiaçı qapıları nəzərdən keçirərkən onların qüsurlu olduğunu görmüş və bu barədə onunla telefonla əlaqə saxlayan Rəsmiyyə adlı xanıma məlumat vermişdir. Həmin xanım iddiaçıya narahatlığa əsas olmadığını, qapılar quraşdırıldıqdan sonra şirkət tərəfindən qüsurların yerindəcə aradan qaldıracağına söz vermişdir. Hər dəfə iddiaçı Rəsmiyyə xanıma zəng etdikdə o, iddiaçını müxtəlif bəhanələrlə aldatmışdır. Daha sonra iddiaçı şirkətin ofisinə yaxınlaşmış, şirkətin əməkdaşı olan Şahlar adlı şəxs Səftər adlı sex rəisinin mobil nömrəsini iddiaçıya verərək onunla əlaqə saxlamasını bildirmişdir. Bir müddət şirkətin əməkdaşı Səftər adlı şəxs iddiaçını aldatmış, daha sonra Rəsmiyyə xanım şirkətin direktoru Aqil adlı şəxsin mobil nömrəsini iddiaçıya verərək onunla əlaqə saxlamasını bildirmişdir. İddiaçı da öz növbəsində Aqil adlı şəxs ilə əlaqə saxlamış, həmin şəxs ona tez bir zamanda problemi həll edəcəyinə söz vermiş və sonradan iddiaçının telefon zənglərinə cavab belə verməmişdir. Bir müddət keçdikdən sonra şirkətin işçisi və özünü usta kimi təqdim edən biri iddiaçı ilə əlaqə saxlayaraq qapıdakı qüsurları aradan qaldıracağını ona bildirmişdir. İddiaçı hansı formada qüsurları aradan qaldıracağı barədə sual verdikdə, həmin şəxs iddiaçıya həmin hissələri yapışdırıcı vasitəsilə bərpa edəcəyini demişdir. İddiaçı qapılarda başqa qüsurların olduğunu və həmin qüsurların yapışdırıcı vasitəsilə aradan qaldırılmasının mümkün olmayacağını demişdir. Şəxs isə “mənim əlindən başqa bir iş gəlmir” deyərək bu işi görməkdən imtina etmişdir. İddiaçı hər dəfə şirkətin direktoru Aqil adlı şəxs ilə saxlayıb vəziyyəti ona izah etmək istəsə də Aqil adlı şəxs iddiaçının telefon zənglərinə cavab verməmişdir. Bundan sonra iddiaçı şirkətin satış ofisinin yerləşdiyi ərazi üzrə Nərimanov rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, Nərimanov Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X3 tərəfindən xx.xx.2024-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Bu səbəbdən də iddiaçı cavabdeh şirkət tərəfindən ona vurulmuş maddi ziyana görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq bildirir ki, cavabdeh şirkət tərəfindən iddiaçıya satılmış qapı çərçivəsi normal olsa, qapılar qüsurludur. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Tağıyev şirkətinin nümayəndəsi X9 izahatında bildirdi ki, iddia tələbi əsassızdır və onlar iddianı qəbul etmirlər. Belə ki, İddiaçı iddiasının əsaslılığını göstərən heç bir sübut yoxdur. Qapılar ünvana gələndən sonra onlara vətəndaşlar tərəfindən baxış keçirilir. Qarşı tərəf qapıya baxış keçirərkən qüsurlu olduğunu bilirdisə və ya müəyyən etmişdirsə, o zaman qapıları quraşdırılmasına icazə verməzdi. Qapılarda olan nöqsanları elə iddiaçı özü yaratmışdır. Belə ki, iddiaçı öncə qapılara baxıb daha sonra qapıların quraşdırılmasına icazə verməli idi. Lakin iddiaçı qapılarda nöqsan olduğunu bilərək qapıların quraşdırılmasına razı olmuşdur. Buradan belə nəticəyə gəlmək olar ki, qapılar quraşdırıldıqdan sonra nöqsanlar əmələ gəlmişdir. Şəkilləri isə sübut kimi qəbul etmirlər, çünki qapıların şəkillərinə baxdıqda həmin şəkillərin böyüdücü ilə çəkildiyi görünür. Rəng məsələsinə gəldikdə isə bildirir ki, nümayəndəsi olduğu şirkət Türkiyədən gələn materiallardan istifadə edir və həmin materialların keyfiyyəti yaxşıdır. Göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 79 nömrəli və xx.xx.2024-cü il tarixli, 86 nömrəli çeklərin surətindən görünür ki, İddiaçı tərəfindən “Avropa qapıları” mağazasına (Tağıyev şirkətinə) cəmi 2000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-in İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 12 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yaşayan İddiaçı Nərimanov RP-nin 16-cı Polis Şöbəsinə ərizə ilə müraciət edərək, 14 oktyabr 2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Avropa qapıları” mağazasında işçi olan Rəsmiyyə adlı şəxs ilə 4 qapı və 1 qapı çərçivəsi almaq barədə razılaşaraq 2000 manat pul ödədiyini, lakin həmin qapıları yaşadığı evə gətirib çatdırdıqda sifariş etmiş olduğu keyfiyyətdə olmadığını görüb Rəsmiyyə adlı qadına dedikdə ustaları göndərib qapıları düzəltdirəcəyini desə də vədinə əməl etməyərək aldadıb pulunu ələ keçirdiyini bildirmiş, aparılmış araşdırma zamanı İddiaçı müraciəti əsasında Rəsmiyyə adlı şəxsin müəyyən edilərək izahatının alınması mümkün olmadığından, material üzrə hüquqi qiymət verilməsi mümkün olmamış, buna görə toplanmış materialda cinayət tərkibinin olması müəyyən edilmədiyindən hazırda prosessual qanunvericilikdə nəzərdə tutulmuş araşdırma müddəti bitdiyindən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 752.1-ci, 752.2-ci, 752.3-cü, 753.1-ci, 753.2-ci, 753.3-cü, 753.4-cü, 762.1-ci, 762.2-ci, 762.3-cü, 762.4-cü, 763.1-ci, 763.2-ci, 763.3-cü və 765-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.4-cü maddəsinə əsasən əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 763.3-cü maddəsinə əsasən əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatların dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Məhkəmə hesab edir ki, tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə hazırkı mübahisənin həlli üçün araşdırılması zəruri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Lakin iş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərdən görünür ki, cavabdeh şirkət tərəfindən İddiaçı evinə quraşdırılmış qapılarda aşkar şəkildə görülən qüsurlar mövcuddur. İşin mübahisə edilməyən hallarına görə tərəflər arasında mübahisələndirilən qapıların sifarişi ilə əlaqədar podrat müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən öhdəlik icra edilərək 2000 manat ödəniş həyata keçirilmiş, cavabdeh tərəfindən həmin qapılar iddiaçının evində quraşdırılmışdır. İddiaçı həmin qapıların hər birində bərpa edilməyən qüsurlar mövcud olduğuna görə dəfələrlə cavabdehə müraciətlər etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməməsinə istinad edərək, həmin qapıların geri qaytarılmasını və onların hazırlanmasına və quraşdırılmasına görə ödədiyi pul vəsaitini geri tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində podrat müqaviləsindən imtina Məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. Mübahisələndirilən qapılara dair müqavilə üzrə cavabdeh tərəfindən qüsurlu icra iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillər ilə də təsdiqini tapmış, qapılarda mövcud olan əhəmiyyətli qüsurlar adi gözlə görünə bilən və aşkar şəkildə olduğundan, cavabdeh tərəfindən edilmiş etiraz formal mülahizələrə əsaslandığından,həmçinin cavabdehin sifarişdən öncə lazımi ölçüləri götürmək, mövcud qüsurları aradan qaldırmaq və ya qüsursuz icranın mümkün olmayacağı barədə qabaqcadan iddiaçıya məlumat vermək imkanı olduğu halda göstərilən zəruri hərəkətləri lazımınca icra etmədiyindən dəymiş ziyan ilə bağlı hazırki iş üzrə məhkəmə ekspertiza təyin edilməsinə ehtiyac bilməmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Tağıyev şirkəti tərəfindən İddiaçı fərdi yaşayış evinə quraşdırılmış 4 ədəd qapı geri qaytarılmalı və cavabdeh şirkətdən dəymiş maddi ziyana görə 2000 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 40 (qırx) manat dövlət rüsumu da cavabdeh şirkətdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Tağıyev şirkətindən dəymiş maddi ziyana görə 2000 manat pul vəsaiti və 40 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh Tağıyev şirkəti tərəfindən İddiaçı fərdi yaşayış evinə quraşdırılmış 4 ədəd qapı geri qaytarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar