Məhkəmə qərarları › İş №2(012)-1858/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-1858/2022

11.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-1858/2022 11.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 60000 manat əsas borc, 100 manat hüquqi xidmətə görə, 270 manat məhkəməyə, 3 manat notariat hərəkətlərinə görə ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 60373 manat pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında borcun ödənilməsinə dair cavabdehə məhkəmədən kənar qaydada pretenziya məktubunu göndərmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh hazırda, Ədliyyə Nazirliyi 16 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir, cavabdeh iddiaçının tələb etdiyi borc məbləği ilə razı deyildir. İddiaçının məhkəməyə təqdim etdiyi əlyazma onun cavabdehin şəxsən özü tərəfindən yazıldığını təsdiq etmir. Bu səbəbdən də məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülk iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -22.04.2021-ci il tarixli, Cavabdeh tərəfindən yazıldığı iddia edilən əlyazmadan görünür ki, xx.xx.1995-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Abşeron rayonunda qeydiyyatda olan Cavabdeh tanışı İddiaçı 02.04.2021-ci il tarixdə 60000 manat pul almış, həmin borcu 2021-ci ilin may ayınadək qaytarmasına dair öhdəlik götürmüş, həmin yazını özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.1. maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq) 739.1. maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.1. maddəsinə əsasən, əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. 742.2. maddəsinə əsasən, yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Əgər borc üzrə faizlər şərtləşdirilməyibsə, borc alanın ləğvetməyə dair bildiriş vermədən də borcu qaytarmaq hüququ vardır. Qanunun tələblərindən və mülki iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, tərəflər arasında 60000 manat pul vəsaitinin borc şəklində verilməsinə dair razılaşma yaranmış və cavabdeh 02.04.2021-ci il tarixdə həmin məbləğdə borcun iddiaçıdan həmin tarixdə alınması və 2021-ci ilin may ayınadək qaytarılmasına dair öhdəlik götürərək əlyazma tərtib etmişdir. Göründüyü kimi, tərəflər arasında borc hüquq münasibətlərinin predmeti 60000 manat pul vəsaitinin qaytarılması olmaqla həmin müqavilənin ləğv edilməsinə dair xəbərdarlıq müddəti qanunla 3 (üç) ay müddət olmaqla müəyyən edilmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli № 3 nömrəli Qərarındakı hüquqi mövqeyə görə, 4.1. Bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur. Məsələn: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinə görə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər; Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya iqtisadi kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra iqtisad məhkəməsinin həllinə verilə bilər. 4.2. Məhkəmələrə izah edilsin ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir. Göründüyü kimi, mülki prosessual qanunvericilik məhkəmə tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılması əsaslarından biri kimi tərəflərin mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq pretenziya qaydasına riayət edilməsinin zərurliyini istisna etməmişdir. Məhkəmə Plenum Qərarına istinad edərək belə qənaətə gəlir ki, hazırki iş üzrə iddiaçı 60000 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi halda, həmin borcun məhkəmədən kənar qaydada cavabdehdən tutulmasına dair xəbərdarlıq məktubu ilə müraciət etmək imkanı olduğu və bu imkanı itirmədiyi halda göstərilən qaydaya riayət etməmiş, məhkəmədən kənar pretenziya qaydasına riayət etmək imkanını itirdiyi halda, itirməsinə dair mötəbər, əsaslı sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını tədqiq edərkən iddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyini müəyyən etmişdir. Beləliklə də, pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı məhkəməyə müraciət etməzdən öncə pretenziya qaydasına riayət etməli olduğu halda həmin tələbə riayət olunmasına dair sənədi iddia ərizəsinə əlavə etmədiyindən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılması qərarına gəlir. Mülki Prosessual Məcəllənin: 260.1. maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. 260.2. maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 260.1, 260.6, 263, 264 və 268.1. maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar