Məhkəmə qərarları › İş №2(012)-186/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-186/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-186/2020 26.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 9750 (doqquz min yeddi yüz əlli) manat əsas borc, icranı gecikdirməyə görə 975 (doqquz yüz yetmiş beş) manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır. xx.xx.2015-ci il tarixdə cavabdeh iş görmək adı ilə iddiaçıdan 10650 manat pul almış, həmin pulu 3 ay ərzində qaytarmağa söz vermiş, lakin deyilən vaxt pulu qaytarmamışdır. Dəfələrlə cavabdehə pulu qaytarması üçün zəng etmiş, cavabdeh bu ay, gələn ay qaytaracağını deyərək aldığı pulu qaytarmamışdır. Qeyd edilən pula dair aralarında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri 9 saylı X4 Müqaviləsi bağlanmış və rəsmiləşdirilmişdir. Kredit Müqaviləsinin 1-ci bəndinə əsasən «borcverən», yəni iddiaçı, «borcalan» yəni Cavabdeh 10650 manat məbləğində borc verir, Müqavilənin 2-ci bəndinə əsasən «borcalan» borcu xx.xx.2016-cı il tarixədək «borcverən»ə qaytarmağı öhdəsinə götürür.2018-ci ilin iyul, avqust və sentyabr aylarında cavabdeh qardaşı vasitəsilə hər ay 300 manat olmaqla cəmi 900 manat pul qaytarmışdır. Hal-hazırda cavabdehin ona 9.750 manat borcu qalmışdır Cavabdeh 2018-ci ilin sentyabr ayından etibarən qısa müddət ərzində pulu qaytarmağa söz versə də sözünə əməl etməyərək ona borcundan heç bir məbləğdə pul qaytarmamışdır. İddiaçı dəfələrlə əlaqə saxlamasına və borcunu qaytarmasını tələb etməsinə baxmayaraq heç bir nəticəsi olmamış və məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də, iddiaçı, Cavabdeh 9750 (doqquz min yeddi yüz əlli) manat əsas borc, icranı gecikdirməyə görə 975 (doqquz yüz yetmiş beş) manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, əlavə olaraq bildirdi ki, Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 3M-3008 reyestr nömrəsi ilə qeydə alınmış Kredit Müqaviləsinə əsasən icra qeydi aparılmış və icraya yönəldilmişdir. Lakin bu tədbir də heç bir nəticə verməmiş, cavabdeh borcunu ödəməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1 və 185.5-ci maddələrinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2. maddəsinin mahiyyətindən görünür ki, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx xxxxxx 2015-ci il tarixli, 3M-3008 reyestr nömrəsi ilə qeydə alınmış - Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış Kredit Müqaviləsindən görünür ki, «borcverən» İddiaçı ilə «borcalan» Cavabdeh arasında bağlanmış və rəsmiləşdirilmiş Kredit Müqaviləsinin 1-ci bəndinə əsasən «borcverən», «borcalan»a 10650 manat məbləğində pul borc verir, Müqavilənin 2-ci bəndinə əsasən «borcalan» borcu xx.xx.2016-cı il tarixədək «borcverən»ə qaytarmağı öhdəsinə götürür. -Bakı şəhəri 9 saylı Notariat Kontoruna ünvanlanmış X3 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o, xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmiş 3M-3008 reyestr nömrəsi ilə borc müqaviləsinə əsasən Cavabdeh 10650 (on min altı yüz əlli) manat məbləğdə borc pul vermişdir və Cavabdeh xx.xx.2016-cı il tarixədək həmin pul məbləğini qaytarmalı idi. Bu günə kimi pul məbləğindən heç bir məbləğ qaytarılmayıb. Borc müqaviləsinə icra qeydi aparılmasını xahiş etmişdir. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MAPS şöbəsinin Arayışından görünür ki, İddiaçı – ünvan 2 - ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası DİN-nin BRQMİ-nin MAPS şöbəsinin Arayışından görünür ki, Cavabdeh - ünvan 3 - ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə məhkəmə zamanı müəyyən edildi ki, tərəflər arasında Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 3M-3008 reyestr nömrəsi ilə qeydə alınmış Kredit Müqaviləsindən görünür ki, «borcverən» İddiaçı «borcalan» Cavabdeh 10650 manat borc pul verir. İddiaçının izahatına əsasən cavabdeh 2018-ci ilin iyul, avqust və sentyabr aylarında hər ay 300 manat olmaqla cəmi 900 manat pul qaytarmış, qalan 9.750 manat pul borcunu isə bu günədək qaytarmamışdır. Bakı şəhəri 9 saylı Notariat Kontoru tərəfindən xx xxxxxx 2015-ci il tarixli, 3M-3008 reyestr nömrəsi ilə qeydə alınmış Kredit Müqaviləsinə əsasən icra qeydi aparılmış və icraya yönəldilmişdir. Lakin bu tədbir də heç bir nəticə verməmiş, cavabdeh borcunu ödəməmişdir. İddiaçı borc tələbi ilə bağlı Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında notariat qaydasında bağlanmış müqavilədə tərəflərdən birinin digər şəxsə borc verilməsi barədə müqavilənin 1-ci bəndində göstərilir ki, “Borc verən” “Borc alana” 1650 manat məbləğində pul borc verir. 2-ci bəndində isə “Borc alan” borcu xx.xx.2016-cı il tarixədək Borc verənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin hər iki bəndində “borc verir” və “borcun qaytarılmasını öhdəsinə götürür” kimi sözlər yazılarkən hərəkətin keçmiş zamanda deyil, indiki zamanda baş verməsi kimi qeyd edilmişdir. Eyni zamanda tərəflər arasında notariat qaydasında müqavilə x xxxxxx 2015-ci il tarixdə bağlanmasına baxmayaraq iddia ərizəsində və iddiaçı tərəfin izahatından məlum olur ki, tərəflər arasında borc münasibətləri xx xxxxxx 2015-ci il tarixdə, yəni notariat qaydasında bağlanmış müqavilədən on gün sonra olmuşdur. Tərəflər arasında borc münasibətləri müqavilədən on gün sonra xx xxxxxx 2015-ci il tarixdə olması müqavilə bağlanarkən iddiaçının cavabdehə həmin vaxt borc verməsini şübhə altına alır. Belə ki, müqavilədə borc pul verilməsi barədə tərəflərin hərəkətləri keçmiş zamanda deyil indiki zamanda qeyd edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsinin əsasında olan borcun həqiqətən də digər tərəfə verilməsi sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 14.2.1. maddəsinə əsasən Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. Bundan əlavə Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli sorğu məktubuna Abşeron rayon İcra və Probasiya şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında Cavabdeh 10650 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə Abşeron 1 saylı Notariat Kontorunun 7E-10660 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi vardır. Qeyd olunan icra sənədi ilə əlaqədar müvafiq olaraq icraata başlanılaraq tərəflərə bu barədə məlumat verilmişdir və s… hal-hazırda icra tədbirləri davam etdirilir. Belə olan halda Məhkəmə qeyd edir ki, hazırkı işlə bağlı iddianın təmin edilməsi ilə bağlı məhkəmənin yekun qərarı çıxarıldığı halda həmin qərarın icrası ilə əlaqədar icra sənədi verilərkən bir iş üzrə iki fərqli olmayan ayrı-ayrılıqda icra sənədi olacaqdır ki, onun isə qanunla nəzərdə tutulmuş qaydada icrası mümkün deyildir. İcra haqqında qanunun 6.1.1. maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları və 6.1.4. maddəsinə əsasən notariusun icra qeydləri icra sənədləri adlanır. Eyni tərəflər və eyni tələb üzrə bir icra sənədi olur və icra edilir. Belə ki, icra qeydi ilə əlaqədar hazırda icra sənədinin icrası Abşeron rayon icra və probasiya şöbəsində davam etdirilir. Ona görə də məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. X6 Məhkəməsi "X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə müvafiq olaraq məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220 maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı «pul» tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar