Məhkəmə qərarları › İş №2(012)-188/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-188/2022

16.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-188/2022 16.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh Bina-İnşaat Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Bina-İnşaat Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bina-İnşaat Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh-dan ünvan 1 ünvanına görə artıq ödənilmiş 6785 manat pul məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh “Bina İnşaat" Mənzil Tikinti Kooperativi arasında 18.02.2015-ci il tarixdə kooperativ yaşayış mənzilinin tikintisi barədə 36 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh ümumi sahəsi 65.1 kv.m olan mənzili iddiaçıya təhvil verməli, iddiaçı isə 1 kv.m üçün 580 manat müəyyən edilməklə pul ödəməli idi. Müqavilə əsasında iddiaçı cavabdehə 37758 manat pul ödəmişdir. 20.04.2021-ci il tarixdə sözügedən Abşeron rayonu Xırdalan şəhəri Fikrət Əhmədov küçəsi 17 saylı evin 176 saylı mənzilinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının adına çıxarış verilmişdir. Çıxarışda isə mənzilin ümumi sahəsi 53.4 kv.m göstərilmişdir. Göründüyü kimi, cavabdeh Bina İnşaat MTK götürdüyü öhdəliyə tam əməl etməmiş, iddiaçıdan 65.1 kv.m olan mənzilin ödənişini alsa da, 53.4 kv.m olan mənzili təhvil vermişdir. Beləliklə də, cavabdeh iddiaçıdan 6785 manat artıq pul əldə etmişdir. Bu səbəbdən də, iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli 10/6452 saylı rəyi ilə razıdır. MTK-lar tərəfindən müqavilələrdə istənilən ölçünün qeyd olunması istisna deyildir. Bu səbəbdən də, mənzilin kv.m-i Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasportla və ekspert rəyi ilə də təsdiq olunmuşdur. Müqavilə üzrə göstərilən mənzil ona göstərilməmiş, həmin mənzillə tanış olmamışdır. Müqavilə bağlanan zaman yaşayış binası inşa edilmək mərhələsində olmuşdur. Bu səbəbdən də onun müqavilə əsasında təhvil verilməsi nəzərdə tutulan mənzili görməsi tamamilə absurddur. Müqavilə əsasında alınmış mənzili o, təmir etdirməyə başlamaq istəyəndə mənzilin yerini görmək istəmişdir. Müqavilədə mənzilin oxdan-oxa hesablanmasına rast gəlməmiş və bu barədə hər hansı bir məlumatı da yoxdur. Oxdanoxa hesablanma qaydası olsa belə, bu, qanunvericiliyin tələbləri ilə tamamilə ziddiyyət təşkil etmiş olacaqdır. Belə ki, müqavilə bağlanan zaman mənzilin oxdan-oxa hesablanıbhesablanmaması barədə nə o, nə də onun oğlu, yəni iddiaçı maraqlanmamışdır. Belə ki, hesab edir ki, yaşayış binasının inşasını həyata keçirən MTK mənzil alıcılarına mənzil barədə məlumat verməyə borcludur. Həmçinin, qeyd etməyi zəruri hesab edir ki, iddiaçının cavabdeh ilə bağladığı müqavilə əsasında alınmış ev ilə barəsində çıxarışın verildiyi ev eyni mənzillərdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Bina-İnşaat Mənzil Tikinti Kooperativinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, satıcı Bina-İnşaat MTK ilə İddiaçı arasında bağlanmış 18.02.2015-ci il tarixli 36 saylı müqaviləyə əsasən, iddiaçıya Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən binanın İ blok 7ci mərtəbə ümumi sahəsi 65.1 kv.m olan 1 otaqlı 35 saylı mənzili satılmışdır. İddiaçı müqaviləni bağlayarkən müqavilə şərtləri ilə tanış olmuş, müqavilədə mənzilin ölçüsü, qiyməti ilə razılaşmışdır. Eyni zamanda, müqavilədə mənzilin ölçülərinin çöldən-çölə olması da qeyd olunmuşdur. İddiaçının müqavilə əsasında aldığı ev ilə çıxarışın verildiyi ev eyni mənzillərdir. Bu səbəbdən də, məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli 10/6452 saylı rəyi ilə razı deyildir. Belə ki, alınmış mənzilin kv.m-i 65.1 kv.m ölçüdədir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Bina-İnşaat Mənzil Tikinti kooperativi ilə payçı İddiaçı arasında bağlanmış 18.02.2015-ci il tarixli 36 saylı müqavilənin surətindən görünür ki, Kooperativ Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən binanın İ blok 7-ci mərtəbə ümumi sahəsi 65.1 kv.m olan 1 otaqlı 35 saylı mənzili payçıya verməyi, payçı isə tikinti inşa edilən müddətdə, ikitərəfli bağlanmış müqaviləyə əsasən kooperativin hesablaşma hesabına və ya kooperativin xəzinəsinə mənzilin dəyərini bütünlüklə ödədikdən sonra, tam təsisçilik hüququ qazanır və paya sahib olur. Müqavilənin 2.1-ci bəndinə əsasən, müqavilə üzrə mənzilin ümumi sahəsinin 1 kv.m üçün qarşılıqlı razılaşma yolu ilə 580 manat müəyyən edilmiş və bina istifadəyə verilənə kimi qiymət dəyişdirilmədən saxlanılır və bütünlüklə manatla ödənilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, yuxarıda qeyd olunan mənzilə görə payçı bütünlükdə 37758 manat məbləğ ödəməlidir. Həmin məbləğdən 18000 manat ödənilmiş, qalan 19758 manat məbləği isə ayda 549 manat ödəməklə 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən, müqavilənin dəyişdirilməsi, ləğvi tərəflərin razılığı əsasında aparıla bilər. Tikinti materialları bazarında qiymətlərin kəskin artması və ümumi qiymətlərdə inflyasiya müşahidə olunarsa ödənilməmiş məbləğin həmin dövr bazar qiymətlərinə uyğun indeksasiya edilməsi İcraçı tərəfindən aparıla bilər. Mənzilin sahəsi divarlarda osdan hesablanır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli **********87-05301-093014 saylı, 14733 inventar nömrəli texniki pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri F.Əhmədov küçəsi ümumi sahəsi 53.4 kv.m olan 17 saylı evin 176 saylı mənzili İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.04.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri F.Əhmədov küçəsi ümumi sahəsi 53.4 kv.m olan 17 saylı evin 176 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********87-05301-093014 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya qurumunun Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, "xxxx" MTK – adlı quruma, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair, hazırki qanuni təmsilçi Nümayəndə1 olmasına dair 24.10.2018-ci il tarixli, **********174900 nömrə ilə çıxarış verilmiş, Qurum Azərbaycan Respublikası X1 30.04.2007-ci il tarixli Fərmanına əsasən «bir pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.10.2021-ci il tarixli 10/3348 saylı rəyindən görünür ki, İddiaçı ilə Bina-İnşaat MTK arasında bağlanmış 18.02.2015-ci il tarixli 36 saylı müqaviləyə əsasən İddiaçı satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1-ci blok, 7-ci mərtəbə ümumi sahəsi 65.1 kv.m olan 1 otaqlı 35 saylı mənzilin (yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 17 saylı evin 176 saylı mənzili) ölçüləri, həmin müqavilənin 5-ci bəndinə əsasən oxdan-oxa hesablanmaqla ümumi sahəsi 65.1 kv.m müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan mənzilin ölçüləri İddiaçı ilə Cavabdeh arasında 18.02.2015-ci il tarixli müqavilənin 5-ci bəndinə əsasən oxdan-oxa hesablandığı zaman azalma əmsallarının tətbiq olunmadığı müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli 10/6452 saylı rəyindən görünür ki, İddiaçı ilə Bina-İnşaat MTK arasında bağlanmış 18.02.2015-ci il tarixli 36 saylı müqaviləyə əsasən İddiaçı satılmış Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1-ci blok, 7-ci mərtəbə ümumi sahəsi 65.1 kv.m olan 1 otaqlı 35 saylı mənzilin (yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 17 saylı evin 176 saylı mənzili) ölçüləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli Qərarının 3.2-ci və 3.8-ci bəndləri nəzərə alınmaqla (mənzilin ümumi sahəsi hesablanarkən balkon və terasların sahələri-0.3, şüşəbənd və losiyalar-0.5, eyvanlar (verendalar)-1.0 azaltma əmsallarına vurulmaqla hesablanır) hesablandıqda, sözügedən mənzilin sahəsinin 51.4 kv.m olduğu müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Bina İnşaat MTK ilə bağladığı 18.02.2015-ci il tarixli müqaviləyə əsasən, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən yaşayış binasının İ blok 7-ci mərtəbəsindəki ümumi sahəsi 65.1 kv.m olan 35 saylı mənzili (yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 17 saylı evin 176 saylı mənzili) dəyəri 37758 manat olmaqla əldə etmiş, mənzilin dəyərindən 18000 manat ödəmiş, qalıq qalan 19758 manat pul vəsaitini isə hər ay 549 manat olmaqla 36 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən mənzilə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması barədə iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.04.2021-ci il tarixli çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli **********87-05301-093014 saylı, 14733 inventar nömrəli texniki passport əsasında iddiaçının həmin mənzilə xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********87-05301-093014 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 139-1.1.6. maddəsinə əsasən, mənzilə xüsusi mülkiyyət hüququ yaranmışdır. Belə ki, həmin Məcəllənin 139- 1.1.6-cı maddəsinin tələblərinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Lakin sonradan iddiaçının müqavilə əsasında aldığı mənzilin ölçüsü ilə həmin mənzilə dair verilmiş çıxarış və texniki pasportda qeyd olunmuş ölçüsü arasında ziddiyyətin olması müəyyən edildiyindən iddiaçı artıq ödənilmiş məbləğin geri qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, tələbkarın isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1 maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Mülki iş materiallarına əlavə olunmuş 18.02.2015-ci il tarixli 36 saylı müqavilədən göründüyü kimi, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldiklərindən müqavilə bağlanmış hesab edilmişdir. Beləliklə də, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq, heç bir məcburiyyət olmadan, tərəflərin qarşılıqlı iradə ifadəsi əsasında bağlanmış olsa da, sonradan mənzilin ölçüsünə dair ziddiyyətin, bunun da dolayısı ilə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin məbləğinə təsir etməsi istisna edilmədiyindən, İddiaçı artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndindəki mənzilin sahəsinin divarlarda osdan hesablanması barəsindəki şətlər qanunvericiliklə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilə şərtləri qanunvericiliyə zidd olmamalıdır. İddiaçı ilə Bina-İnşaat MTK arasında müqavilə bağlanarkən satılmış mənzilin ölçüləri barədə şərtlər Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli Qərarının 3.2-ci və 3.8-ci bəndləri nəzərə alınmaqla (mənzilin ümumi sahəsi hesablanarkən balkon və terasların sahələri-0.3, şüşəbənd və losiyalar-0.5, eyvanlar (verandalar)-1.0 azaltma əmsallarına vurulmaqla hesablanır) qeyd olunan tələblərə uyğun olmalı idi. Lakin Bina-İnşaat MTK bu kimi qaydalara uyğun olmayan müqavilə bağlamış və nəticədə müqavilə tərəfinin mənzilin sahəsinin müəyyən edilməsi hissəsində hüquqları pozulmuşdur. Məhkəmə tərəfindən İddiaçı ilə Bina-İnşaat MTK arasında bağlanmış 18.02.2015-ci il tarixli 36 saylı müqaviləyə əsasən satılmış mənzilin ölçülərinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli Qərarının 3.2-ci və 3.8-ci bəndləri nəzərə alınmaqla (mənzilin ümumi sahəsi hesablanarkən balkon və terasların sahələri-0.3, şüşəbənd və losiyalar-0.5, eyvanlar (verandalar)-1.0 azaltma əmsallarına vurulmaqla hesablanır) qeyd olunan tələblərə uyğun olub-olmamasının müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi xahiş olunmuş və mülki iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.04.2022-ci il tarixli 10/6452 saylı rəyi əsasında, 18.02.2015-ci il tarixli 36 saylı müqaviləyə əsasən İddiaçı satılmış mənzilin sahəsinin 51.4 kv.m olduğu müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi qəbul edir və mənzilin ümumi sahəsinin 51.4 kv.m olması qənaətinə gəlir. Lakin məhkəmə Mülki Proseesual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, irəli sürülən tələblər əsasında iddia tələbinə mahiyyəti üzrə baxdığından, hazırki mübahisəyə mənzilin sahəsinin 53.4 kv.m və həmin ölçüyə uyğun olaraq tələb olunan pul vəsaitinin tutulmasını məqsədəuyğun hesab edir. Belə ki, Mülki Proseesual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şəhərsalma və Tikinti Məcəlləsinin: 59.1. maddəsinə əsasən, tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. maddəsinə əsasən, yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma Və Arxitektura Komitəsi Kollegiyasının 04.12.2012-ci il tarixli 07 qeydiyyat nömrəli Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında Qərarının: 3.2. bəndinə əsasən, yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. 3.8. bəndinə əsasən, mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini, həmçinin, ekspert rəyini paralel şəkildə qiymətləndirib İddiaçı iddia ərizəsinin əsaslı olmaqla təmin edilməsi qənaətinə gəlir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.04.2021-ci il tarixli çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli **********87-05301-093014 saylı, 14733 inventar nömrəli texniki pasport əsasında Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində yerləşən 35 saylı mənzilin (Yeni qaydalarla: Abşeron rayonu Xırdalan şəhəri F.Əhmədov küçəsi 17 saylı evin 176 saylı mənzili) ümumi sahəsinin 53.4 kv.m olması müəyyən edilmişdir. Məhkəmə irəli sürülən iddia tələbləri həcmində iddia ərizəsinə mahiyyəti üzrə qiymət verib, belə hesab edir ki, iddiaçı tərəfindən ümumi sahəsi 65.1 kv.m olan mənzil üçün 37758 manat pul vəsaitindən 1 kv.m üçün 580 manat hesablanması nəzərə alındıqda, (65.1-53.4=11.7 kv.m, 11.7 kv.m x 580 = 6786 manat) iddiaçı tərəfindən qalıq qalan 11.7 kv.m üçün 6786 manat pul vəsaitinin artıq şəkildə ödənilmişdir. Beləliklə, məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, irəli sürülən tələblər əsasında iddia tələbinə baxdığından, iddiaçı tərəfindən tələb olunan 6785 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun məbləği və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1-ci blok, 7-ci mərtəbədə yerləşən 1 otaqlı 35 saylı mənzilin (Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsi 17 saylı evin 176 saylı mənzili) dəyərinə görə İddiaçı tərəfindən artıq ödənilmiş 6785 (altı min yeddi yüz səksən beş) manat pul vəsaiti cavabdeh Bina- İnşaat MTK-dan tutularaq iddiaçının xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti cavabdeh Bina- İnşaat MTK-dan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar