Məhkəmə qərarları › İş №2(012)-190/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-190/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-190/2021 03.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, X1 İddiaçı ASC-nin nümayəndəsi Sultanlı Mələk Rövşən qızının, Cavabdeh3 iştirakları ilə, X1 İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 17-346 saylı kredit müqaviləsinə, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012ci il tarixli, 269 və 270 saylı Zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7783 (yeddi min yeddi yüz səksən üç) manat əsas borcu, 5674 (beş min altı yüz yetmiş dörd) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13957 (on üç min doqquz yüz əlli yeddi) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2012-ci il tarixli, 17-346 saylı kredit müqaviləsi bağlanaraq borcalana 24 (iyirmi dörd) ay müddətinə, illik 30 (otuz) faiz ödəmək şərti ilə, 10000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan krediti və ona hesablanmış faizləri bankın kassasına nağd şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Hazırda cavabdehin banka 7783 (yeddi min yeddi yüz səksən üç) manat əsas borcu, 5674 (beş min altı yüz yetmiş dörd) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13957 (on üç min doqquz yüz əlli yeddi) manat borcu vardır. Götürülmüş kredit üzrə İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh3 və Cavabdeh2 arasında xx xxxxxx 2012ci il tarixli, 269 və 270 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zaminlər Kreditor qarşısında Borclunun xx xxxxxx 2012-ci il tarixli 17-346 saylı Kredit Müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Borclunun öhdəlikləri üzrə zamin qismində çıxış edən Qədimov X2 rayon 37saylı ümumi orta məktəbində müəllim vəzifəsində çalışır. Onun aylıq əmək haqqı 325 manat təşkil edir. Cavabdeh2 “Akademik Milli Dram Teatrı”da səhnə maşinisti vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 328 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilmədiyinə görə kredit müqaviləsi üzrə ödənilməmiş məbləğ faizlərlə, hesablanmış cərimə borcu, habelə icranın gecikdirilməsi ilə vurulmuş zərərlə birlikdə ipoteka qoyulmuş əmlaka, həmin əmlak kifayət etmədikdə, cavabdehə məxsus digər əmlaka yönəldilməlidir. Odur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 17-346 saylı kredit müqaviləsinə, Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 269 və 270 saylı Zaminlik müqavilələrinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7783 (yeddi min yeddi yüz səksən üç) manat əsas borcu, 5674 (beş min altı yüz yetmiş dörd) manat faiz borcu, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13957 (on üç min doqquz yüz əlli yeddi) manat pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Sultanlı Mələk Rövşən qızı iddianı müdafiə edərək iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verdi və iddanın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ASC-nin pul tələbi ilə ümumiyyətlə razı deyildir. Belə ki, iş materiallarında olan zaminlik müqaviləsindəki imza ona məxsus deyil, o, banka gedib heç kimə zamin dayanmamış və heç bir zaminlik müqaviləsinə imza etməmişdir. Odur ki, iddia tələbinin ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən, həmçinin proses iştirakçılarının rəylərini nəzərə alaraq məhkəmə işə digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia Cavabdeh3 aid hissədə rədd, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 3(103)-130/2020 saylı, xx xxxxx 2020-ci il tarixli qərarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. İşdə olan İddiaçı ASC-nin “Qara Qarayev” filialı Cavabdeh1 arasında bağlanılmış xx xxxxxx 2012-ci il tarixli, 17-346 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 2.1 və 2.3-cü bəndlərinə uyğun olaraq İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə, illik 30% ödəmək şərti ilə 10000 manat məbləğində kredit verməyi, kredit borcu isə həmin krediti məqsədli təyinatına uyğun istifadə etmək, krediti və ona hesablanmış faizləri ödəniş qrafikinə uyğun olaraq banka qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixli 17-346 saylı kredit müqavilə üzrə banka olan əsas borcu 7783, manat, faiz borcu 5674 manat, cərimə borcu 500 manat təşkil edir. İşdə olan ABHD-1121/20 saylı, xx.xx.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, borcalan tərəfindən öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit borcunun ödənilməsi üçün bank tərəfindən məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından da göründüyü kimi iddiaçı İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 17-346 saylı kredit müqaviləsi üzrə bankdan tələb olunan məbləğdə pul götürmüş və borc götürən zaman borclu imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün cavabdehdir və mülki məsuliyyət daşıyır. İşdə olan İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 270 saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” Cavabdeh2 xx xxxxxx 2012-ci il tarixli 17-346 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşin məhkəmədə araşdırılan halları ilə təsdiq olundu ki, zamin Cavabdeh2 bank qarşısında borclu ilə birgə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının zamin Cavabdeh2 qarşı iddia tələbi əsaslıdır, zamin Cavabdeh2 borclu ilə birgə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. İşdə olan İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 269 saylı zaminlik müqaviləsindən görünür ki, “zamin” Cavabdeh3 xx xxxxxx 2012-ci il tarixli 17-346 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit öhdəliklərinin icra edilməsi üçün üzərinə məsuliyyət götürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçı bankla zamin Cavabdeh3 arasında bağlanmış zaminlik müqaviləsi ilə bağlı mübahisə mövcud olduğundan Cavabdeh3 vəsatəti əsasında Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-1630/2020 tarixli qərardadına əsasən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “İş materiallarında olan 269 saylı, xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsində Cavabdeh3 adından edilən imza onun tərəfindən icra olunubmu, yəni imzalanıbmı?” barədə sual qoyulmuş, mülki iş materialları rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi göndərilmişdir. Məhkəmənin qərardadının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 4/955 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyin nəticə hissəsindən görünür ki, mülki işin 14-15-ci vərəqlərində İddiaçı ASC-nin “Qara Qarayev” filialı ilə Cavabdeh3 adından bağlanmış olan 269 nömrəli xx xxxxxx 2012-ci il tarixli zaminlik müqaviləsində “Zamin” hissəsində “imza” qrafasındakı imza - Cavabdeh3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə iddia tələbinin Cavabdeh3 aid hissəsində hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh3 münasibətdə iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul məbləği cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 100 manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia Cavabdeh3 aid hissədə isə rədd edilməli, 7783 (yeddi min yeddi yüz səksən üç) manat əsas, 5674 (beş min altı yüz yetmiş dörd) manat faiz, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13957 (on üç min doqquz yüz əlli yeddi) manat pul, dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul və məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 222, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh3 aid hissədə rədd edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7783 (yeddi min yeddi yüz səksən üç) manat əsas, 5674 (beş min altı yüz yetmiş dörd) manat faiz, 500 (beş yüz) manat cərimə borcu olmaqla, cəmi 13957 (on üç min doqquz yüz əlli yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti Ləğv Prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İş üzrə aparılmış məhkəmə-xətşünaslıq ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada dövlət nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar