Məhkəmə qərarları › İş №2(012)-1904/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1904/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1904/2022 27.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(012)-1434/2019 saylı qətnaməsi ilə xx.xx.2004-cü il təvəllüdlü X4 və xx.xx.2006-cı il təvəllüdlü X1 üçün tutulan cəmi 320 manat məbləğində alimentin miqdarının artırılaraq, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin, bundan əlavə, əvvəlki aliment borcundan yaranmış 8600 manat vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 15 fevral 2008-ci ildə nikaha daxil olmaqla ailə qurmuşdur. Aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamaları qeyri-mümkün olmuş və nikah Abşeron Rayon Məhkəməsinin 2(012)- 1434/2019 saylı 02 aprel 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 14 fevral 2004-cü ildə anadan olmuş X6 və 20 avqust 2006-cı ildə anadan olmuş X2 onun himayəsinə verilərək, hər ay hər uşaq üçün sabit pul məbləğində 100 manat alimentin Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Cavabdehin əvvəlki aliment tələbindən 8600 manat miqdarında borcu yaranmışdır. Cavabdeh sonuncu dəfə iki ay ərzində 180 manat aliment ödəmişdir. O, Xırdalan şəhərində yaşayır və kifayət qədər gəliri var. Hazırda uşaqlar onun himayəsindədirlər. Uşaqların nə ilə dolandığı, nə geyindiyi, nə yediyi cavabdehi maraqlandırmır. O isə uşaqlarına baxmaqda çətinlik çəkir. Uşaqlar artıq böyüyür və onların xərcləri əvvəlki miqdarda deyil. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı qızı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək 20 avqust 2006-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan iddiaçının xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1434/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin Məhkəmənin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, tərəflərin birgə nikahından 14 fevral 2004-cü ildə anadan olmuş X6 və 20 avqust 2006-cı ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı qızının xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. İşdə olan doğum haqqında AZ-İ 606213 və AZ-İ 852060 saylı şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 14 fevral 2004-cü ildə X6 və 20 avqust 2006-cı ildə X5 anadan olmuşlar. İşdə olan nikahın pozulması haqqında AZ-İ 315255 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı qızı arasındakı nikahın pozulması 23 fevral 2019-cu il tarixdə qeydə alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər 30 iyul 2004-cü il tarixdə nikaha girmişlər və onların bu nikahdan iki uşaqları olmuşdur. Onlar əvvəllər birlikdə yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Nikah məhkəmə qaydasında pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-1434/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, həmin Məhkəmənin 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilmiş, tərəflərin birgə nikahından 14 fevral 2004-cü ildə anadan olmuş X6 və 20 avqust 2006-cı ildə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı qızının xeyrinə hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Hazırda iddiaçı alimentin miqdarının ümumilikdə hər ay 386 manata kimi artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir. İşdən görünür ki, alimentin artırılması barədə əvvəlki məhkəmə qətnaməsindən 3 il müddət keçmişdir və ölkə üzrə uşaqların yaşayış minimumu artmışdır. Bu hallara qiymət verərək, o cümlədən birgə nikahdan doğulmuş Səyyarənin mənafeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, alimentin məbləği 20 avqust 2006-cı ildə anadan olmuş X3 münasibətdə artırılmalıdır. Bununla belə, işdən görünür ki, birgə nikahdan doğulmuş Dəniz artıq yetkinlik yaşına çatmışdır, yəni ona dair hissədə Cavabdeh artıq aliment ödəmək öhdəliyindən azaddır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 113.2 və 113.2.1-ci maddələrinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cəmi 320 manat məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanmaları üçün aliment tutulan uşağın yaşı və tələbatı dəyişdiyinə görə - Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Bu zaman məhkəmə əvvəlki məhkəmə qətnaməsindən sonra uşaqlardan birinin artıq yetkinlik yaşına çatmasını, ən başlıcası isə Səyyarə Alıyevanın mənafeyini nəzərə alır. Əvvəlki məhkəmə qətnaməsinə əsasən yığılmış aliment borcunun ödənilməsi barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, bu tələb təmin edilə bilməz, çünki həmin borcun ödənilməsi üçün yeni məhkəmə qətnaməsinə zərurət yoxdur. İddiaçı bu borcun ödənilməsi üçün müvafiq icra qurumuna müraciət edə, icra məmurundan alimentin ödənilməsinin təmin edilməsi üçün “İcra haqqında” Qanunda nəzərdə tutulmuş səlahiyyətlərindən istifadə edərək borcun təmin olunmasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki 20 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin məlum qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanması üçün qeyd olunan məbləğdə aliment tutulur. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Abşeron Rayon Məhkəməsinin 2(012)-1434/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 20 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı qızının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 20 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Abşeron Rayon Məhkəməsinin 2(012)-1434/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. 20 avqust 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı qızının xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli bu qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar