Məhkəmə qərarları › İş №2(012)-1917/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-1917/2021

07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-1917/2021 07.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Dostiyeva Aytac Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, “xxxx” MMC ilə alqı-satqı müqaviləsi bağlayaraq 1 otaqlı və 2 otaqlı olmaqla iki qonşu mənzillər əldə etmişdir. O, xx xxx 2014-cü il tarixli müqaviləyə əsasən “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45 kv.m olan 1 otaqdan ibarət 9 saylı mənzili 29,250 manat pul ödəməklə, “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən 1 saylı 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72 kv.m olan 2 otaqdan ibarət 8 saylı mənzili 46,800 manat ödəməklə əldə etmişdir. Mənzillərin hər kvadrat metrini 650 manatdan almışdır. Azaldılmış əmsallara vurulmaqla hesablanmalı olan sahələrdə həmin əmsallara vurulmadan hesablanmış, nəticədə ona 19 kvadrat metr olan balkon 0,3 azalma əmsalına vurulmaqla ümumi sahəyə hesablanmalı olduğu halda elə tam olaraq ümumi sahəyə əlavə edilmişdir. Həmin sahə 5,7 kvadrat metr sahədə ümumi sahəyə əlavə edilməli idi. Lakin o, yerdə qalan 13,3 kvadrat metr sahəyə hər kvadrat üçün 650 manat olmaqla, 8,645 manat məbləğində artıq pul ödəmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 07 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 2-ci bəndinə əsasən balkon - fasadın divar səthindən çıxan və məhəccərlə hüdudlanmış meydançadır. Həmin Qaydaların 3.8-ci bəndinə əsasən mənzillərin ümumi sahəsi - yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri – 0,3; şüşəbənd və lociyalar – 0,5; eyvanlar (verandalar) – 0,1 azalma əmsallarına vurulmaqla hesablanır. Lakin cavabdeh şirkət ona mənzilləri verərkən əskik sahədə təhvil vermişdir. O özü təxmini hesablama apararaq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödədiyi 8645 manat və ona vurulmuş 2000 manat maddi ziyana görə, 5000 manat mənəvi ziyana görə məbləğin cavabdeh “xxxx” MMC-dən tutulması barədə iddia tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-210/2020 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən iddiaçının, yəni onun xeyrinə tutulması qət olunmuşdur. Mübahisənin obyektiv həlli üçün mübahisə predmeti olan “xxxx” MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 1A saylı küçə, ev 1, 9 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, 1A saylı küçə, ev 1, 8 nömrəli mənzilin sahəsinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsınin qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi”nə uyğun hesablandığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 30716 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2014-cü il tarixli l(b) 095 saylı və xx xxxx 2014-cü il tarixli Q(b) 047 saylı alqı-satqı müqavilələrinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi – 0,3 azalma əmsalına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı müəyyən edilir. Kommunikasiya xətlərinin keçdiyi sahələr (şaxta) mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi "hesablanarkən balkon və terrasların sahələri - 0.3; şüşəbənd və lociyalar- 0.5; eyvanlar (verandalar)-1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İstinad edilən tikinti norma və qaydalarının tələbləri nəzərə alınaraq, tədqiq olunan 8-9 saylı mənzilin, mövcud daxili ölçülər üzrə, ümumi sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: yaşayış otağının sahəsi – 11.6 kv.m (4,85x2,40m); yaşayış otağının sahəsi - 8,3 kv.m (3,80x2,20m); yaşayış otağının sahəsi - 15,4 kv.m (4,0x3,85m); yaşayış otağının sahəsi – 19.4 kv.m (6,05x3,20m); dəhlizin (girişin) sahəsi - 14,0 kv.m (2,40x3,10+1,80x2,80+1,15x1,30m); mətbəxin sahəsi - 12,6 kv.m (4,15x3,0,5m); hamamın sahəsi - 4,8 kv.m (2,50x1,90m); ayaq yolunun sahəsi - 1,5 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi - 4,0 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi - 1,4 kv.m (1,60x2,9)x0,3; cəmi 93,0 kv.m–dir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3,8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, “AAAF-park” yaşayış massivində yerləşən 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsinin 93,0 kv.m, o cümlədən yaşayış sahəsinin 54,7 kv.m, yardımçı (köməkçi) sahəsinin 38,3 kv.m olduğu müəyyən edilmişdir. Buradan da belə hüquqi nəticəyə gəlmək olur ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxx 2014-cü il tarixli i(b) 095 saylı və xx xxxx 2014-cü il tarixli Q(b) 047 nömrəli alqı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-parkı” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablanmış, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmamışdır. Göründüyü kimi, iddiaçıya verilən mənzillərin əskik olan hissəsinin faktiki olaraq 24 kv.m olmasına baxmayaraq iddiaçı iddia qaldırarkən təxmini hesablama ilə daha az hesablamışdır. Ona görə də, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-park” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödədiyi 6955 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X2 məhkəməyə xx xxxxxx 2021-ci il tarixdə iddianın yolverilməzliyinə dair ərizə təqdim edərək, iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2(012)-1917/2021 saylı mülki iş üzrə İddiaçı iddiası yolverilməz iddia elan olunmalıdır. Çünki eyni predmetlə əlaqədar iddiaçı ilə “xxxx" MMC arasında məhkəmə çəkişməsi olmuşdur. Belə ki, iddiaçı tərəf öz iddia ərizəsində artıq eyni predmetlə əlaqədar pul tələb etmişdir. İddiaçının məhz bu tələbi ilə əlaqədar özünün də qeyd etdiyi kimi, artıq bir dəfə Abşeron Rayon Məhkəməsində (xx.xx.2020-ci il tarixli, 2(012)210/2020 saylı) məhkəmə prosesi yekunlaşmış və məhkəmə qətnaməsi elan olunmuşdur. Ona görə cavabdeh İddiaçı tərəfindən verilmiş ərizənin yolverilməz elan edilərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -“xxxx” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İ(b)/095 nömrəli xx xxx 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndə əsasən satıcı “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45,0 kv.metr olan, 1 otaqdan ibarət 9 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən satıcı mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə mənzilin dəyərini birdəfəlik ödəniş şəklində və ya 3 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 29,250 (iyirmi doqquz min iki yüz əlli) manat müəyyən edilmişdir. -“xxxx” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış Q(b)/047 nömrəli xx xxxx 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.1-ci bəndə əsasən satıcı “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72,0 kv.metr olan, 2 otaqdan ibarət 8 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndə əsasən satıcı mənzili tikinti işləri başa çatdıqdan sonra təhvil verməyi, alıcı isə mənzilin dəyərini birdəfəlik ödəniş şəklində və ya 2 ay müddətinə müqaviləyə əlavə edilmiş cədvəl üzrə ödəməyi öhdəsinə götürür. 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 46,800 (qırx altı min səkkiz yüz) manat müəyyən edilmişdir. - xx xxx 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X3 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında 9 saylı mənzilin pay dəyərindən 15,000 (on beş min) manat məbləğində ödəniş etmişdir. Borc qalığı 14,250 (on dörd min iki yüz əlli) manatdır. - 2x xxxxx 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X3 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında 9 saylı mənzilin pay dəyərindən 14,250 (on dörd min iki yüz əlli) manat məbləğində ödəniş etmişdir. Borc qalığı yoxdur. - xx xxxx 2014-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X3 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında 8 saylı mənzilin pay dəyərindən 16,000 (on altı min) manat məbləğində ödəniş etmişdir. Borc qalığı 30,800 (otuz min səkkiz yüz) manatdır. - 2x xxxxx 2015-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Əsgərov X3 şəhəri, H.Əliyev prospekti “AAAF Park” yaşayış massivində 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında 8 saylı mənzilin pay dəyərindən 30,800 (otuz min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Borc qalığı yoxdur. İş materialları ilə müəyyən edilmişdir ki, “xxxx” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış İ(b)/095 nömrəli xx xxx 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 6 mərtəbəli yaşayış binasında ümumi sahəsi 45,0 kv.metr olan, 1 otaqdan ibarət 9 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 29,250 (iyirmi doqquz min iki yüz əlli) manat müəyyən edilmişdir. Bundan başqa, “xxxx” MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış Q(b)/047 nömrəli xx xxxx 2014-cü il tarixli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında müqaviləyə əsasən “satıcı” Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF Park” yaşayış massivindəki 1A saylı küçədə inşa edilən (inşa edilmiş), 1 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 72,0 kv.metr olan, 2 otaqdan ibarət 8 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə mənzilin qiyməti 46,800 manat müəyyən edilmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışlarına əsasən İddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə müəyyənləşdirilmiş pul vəsaitini ödəmişdir, borcu yoxdur. İddiaçı cavabdeh şirkətin ona mənzilləri verərkən əskik sahədə təhvil verdiyini qeyd edərək məhkəmədə iddia qaldırmış, əlavə ödədiyi artıq pulların onun xeyrinə tutulmasını xahiş etmişdir. Mübahisənin obyektiv həlli üçün mübahisə predmeti olan “xxxx” MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1A saylı küçə, ev 1, 9 nömrəli mənzilin və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1A saylı küçə, ev 1, 8 nömrəli mənzilin sahələrinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx xxxxxx 2012-ci il tarixli 7 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun hesablandığını müəyyən etmək üçün iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, mülki iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 30716 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2014-cü il tarixli l(b) 095 saylı və xx xxxx 2014-cü il tarixli Q(b) 047 saylı alqı-satqı müqavilələrinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-Park” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablandığı və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 №-li qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmadığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(012)-210/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAFpark” yaşayış massivi 1A-da yerləşən mənzillərə görə əlavə ödənilmiş 8645 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə tutulması, iddia tələbinin iddiaçıya vurulmuş 2000 manat maddi ziyan və 5000 manat mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı aid edilməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pulun “xxxx” MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Lakin aparılan tikinti-texniki ekspertizasının nəticəsində iddiaçıya məlum olmuşdur ki, ona verilən mənzilin əskik hissəsi faktiki olaraq 24 kv.m təşkil edir. O isə Abşeron Rayon Məhkəməsinə müraciət edərkən özünün hesabladığı 13,3 kv.m sahə üçün artıq ödədiyi hər kvadrat üçün 650 manat olmaqla, cəmi 8645 manatı tələb etmişdir. Ona görə də, o, hal-hazırda mənzil üçün aparılan tikinti-texniki ekspertizasının nəticəsində ona məlum olmuş digər 10,7 kv.m üçün artıq ödədiyi 6955 manat məbləğində pul vəsaitinin ona qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İstinad olunan ekspertiza rəyinə, eləcə də digər sübutların tədqiqinə və aidiyyəti maddi hüquq normalarının tələblərinə müvafiq olaraq müəyyən edilmişdir ki, iddiaçının aldığı və mübahisəli sahələrə malik mənzillər dəmir-beton konstruksiyadan, daşdan, kərpicdən inşa olunmuş mansardlı binadır. Tədqiq olunan 8-9 saylı mənzil həmin binanın 2-ci mərtəbəsində yerləşir. Mənzilə giriş-çıxış yolu pilləkən qəfəsindən metal qapı vasitəsilədir. Mənzil faktiki olaraq iki yaşayış otağından, mətbəxdən, dəhliz-girişdən, birgə sanitariya qovşağından (hamam-ayaqyolu) ibarətdir. Mənzil təmirli vəziyyətdədir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrində tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları öz əksini tapmışdır, yəni 59.2-ci maddəyə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi daxil olmaqla hesablanır, 59.3-cü maddəyə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Kommunikasiya xətlərinin keçdiyi sahələr (şaxta) mənzilin ümumi sahəsinə aid edilmir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinə əsasən mənzilin ümumi sahəsi yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0.3; şüşəbənd və lociyalar - 0.5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır. İstinad edilən tikinti norma və qaydalarının tələbləri nəzərə alınaraq, tədqiq olunan 8-9 saylı mənzilin, mövcud daxili ölçülər üzrə, ümumi sahəsi aşağıdakı kimi müəyyən olunmuşdur: yaşayış otağının sahəsi – 11,6 kv.m (4,85x2,40m); yaşayış otağının sahəsi – 8,3 kv.m (3,80x2,20m); yaşayış otağının sahəsi – 15,4 kv.m (4,0x3,85m); yaşayış otağının sahəsi – 19,4 kv.m (6,05x3,20m); dəhlizin (girişin) sahəsi – 14,0 kv.m (2,40x3,10+1,80x2,80+1,15x1,30m); mətbəxin sahəsi – 12,6 kv.m (4,15x3,0,5m); hamamın sahəsi – 4,8 kv.m (2,50x1,90m); ayaq yolunun sahəsi – 1,5 kv.m (1,25x1,20); açıq eyvanın sahəsi – 4,0 kv.m (4,3x1,6+4,1x1,6)x0,3); açıq eyvanın sahəsi – 1,4 kv.m (1,60x2,9)x0,3) olmaqla cəmi 93,0 kv.m-dir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, eləcə də Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3,8-ci bəndinin tələbləri əsasında aparılmış hesablama ilə, “AAAF-park” yaşayış massivində yerləşən 1A saylı küçədə inşa edilən 1 saylı 6 mərtəbəli yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsinin 93,0 kv.m, o cümlədən yaşayış sahəsinin 54,7 kv.m, yardımçı (köməkçi) sahəsinin 38,3 kv.m olduğu müəyyən edilmişdir. Buradan da belə hüquqi nəticəyə gəlmək olur ki, İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanmış xx xxx 2014-cü il tarixli i(b) 095 nömrəli və xx xxxx 2014-cü il tarixli Q(b) 047 nömrəli alqı-satqı müqavilələrinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti “AAAF-parkı” yaşayış massivi, 1A saylı küçədə inşa edilmiş 1 saylı yaşayış binasının 8 və 9 saylı mənzillərinin ümumi sahəsi hesablanarkən balkon sahəsi - 0,3 azalma əmsalına vurulmadan hesablanmış, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci və 59.3-cü maddələrinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarının 3.8-ci bəndinin tələblərinə uyğun hesablanmamışdır. Müqavilələrin 2014-cü ildə bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində nəzərdə tutulurdu ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlarla müəyyən olundu ki, cavabdeh şirkət iddiaçıya mənzilləri verərkən əskik sahədə təhvil vermiş, iddiaçı bu artıq sahələrə görə əlavə pul ödəməli olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı və digər sakinlər bir binada yerləşən mənzillərini təmir edərək orada yaşayırlar, iddiaçıya müqavilələrdə öz əksini tapmış və ekspertiza rəyində göstərildiyi kimi mənzillərin ümumi sahəsi hesablanarkən azalma əmsalına vurulmadan hesablandığından yaranmış sahənin dəyişdirilməsi qeyri-mümkündür, mülkiyyətçi hesab olunan sakinlərin hüquqlarının qorunması baxımından ədalətli və qanuni olmazdı. Belə ki, bu sahənin digər şəxslərin mənzil sahələri və ya sakinlərin ümumi istifadəsində olan sahələr hesabına artırılması gələcəkdə yersiz mübahisələrin yaranması ilə nəticələnə bilər ki, bu da son nəticədə sosial ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. Ona görə də məhkəmə hesab edir ki, mübahisənin düzgün həlli yalnız iddiaçı tərəfindən ödənilmiş artıq vəsaitin cavabdehdən alınaraq iddiaçıya qaytarılması yolu ilə mümkün və daha ədalətli olar, bu baxımdan iddia əsaslı hesab olunaraq təmin edilməli, iddiaçının 10,7 kv.m sahəyə hər kvadrat metr üçün 650 manat olmaqla artıq ödədiyi cəmi (10,7x650=6,955) 6,955 manat məbləğində pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan əsaslarla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “AAAF-Park” yaşayış massivi 1A saylı küçədə yerləşən 8 və 9 saylı mənzillərə görə əlavə ödənilmiş 6955 (altı min doqquz yüz əlli beş) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar