Məhkəmə qərarları › İş №2(012)-192/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-192/2022

07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-192/2022 07.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, Cavabdeh MTK-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə 07 fevral 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-dan 5588,3 manat məbləğində pulun və məhkəməyə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraqona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.10.2016-cı il tarixli ********* saylı payçı müqaviləsinə əsasən “MTK” pay qismində çıxış edən Sumqayıt şəhəri «Bulvar» ərazisində tikilməkdə olan 1-ci binasında 4-cü blok, 4-cü mərtəbə 139 nömrəli 3 otaqlı mənzili tikib payçı qismində çıxış edən İddiaçı mülkiyyətinə verilməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzilin ümumi sahəsi 100 kvadrat metr, 1 kvadrat metrinin qiyməti 1363 manat olmaqla ümumi dəyəri 136.300 manat müəyyən edilmişdir. Mənzilə görə mənzilin dəyərinin 10 %-i olan 13630 manat məbləğində ilkin ödəniş etmişdir. Mənzilin qalan dəyəri olan 122670 manat vəsait ipoteka müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* saylı çıxarışını alarkən məlum olmuşdur ki, Cavabdeh MTK tərəfindən mənə 100 kvadrat metr əvəzinə 95,9 kvadrat metr yaşayış sahəsi tikilib verilmişdir. Cavabdeh həmin mənzilə görə iddiaçıdan (4,1 kv.m x 1363) 5588.30 manat məbləğində əlavə pul almışdır. İddiaçıdan mənzilin dəyərindən əlavə alınmış olan 5588,30 manat pulun geri qaytarılması ilə əlaqədar cavabdehə müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Ona görə də, iddiaçı pozulmuş hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddia tələbinə verilən etirazı müdafiə etdi. Bildirdi ki, tərəflər arasında bağlanmış, 03 oktyabr 2016-ci il tarixdə ********* №-li «çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə»dən görünür ki, müqavilənin şərti ondan ibarətdir ki, «Sifarişçi» bu müqaviləni əsas tutaraq sifariş edir, «Podratçı Cavabdeh MTK Sumqayıt şəhəri Bulvar ərazisində inşa edilən 1 №-li binanın 139 saylı 3 otaqlı mənzilin tikintisini öz öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndində isə müqavilənin qiyməti göstərilmişdir. Belə ki, müqavilənin 2.1-ci bəndinə əsasən mənzil ümumi sahəsi 100 kv metr müəyyən edilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 136.300 (yüz otuz altı min üç yüz) manat olmaqla dəyişməz olaraq qalır. İddiaçının iddia ərizəsində göstərdiyi dəlili, yəni mənzilin ümumi sahəsinin 4,1 kv metr az olması və bununla bağlı olaraq ondan əsassız olaraq 4,1 kv metrə görə artıq pul alınması tamamilə əsassızdır. Qeyd etmək istəyirik ki, iddiaçının iddia ərizəsində göstərdiyi tələbləri tamamilə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04.12.2012 tarixli 07 №-li qərarın 3.1-ci bəndinə əsasən yaşayış binasının ümumi sahəsi binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Mərtəbənin sahəsinə balkon, lociya, terras, şüşəbənd və eyvanların sahələri, həmçinin pilləkən meydançalarının və pillələrin həmin mərtəbə səviyyəsində sahələri də nəzərə alınaraq daxil edilir. Bundan başqa, iddiaçı mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda mənzilin sahəsinin 95,9 kv metr qeyd edildiyini bildirir. Bu fakt qəbul edilməzdir. Ona görə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərəfindən mənzilin sahə ölçüsü düzgün hesablanmamışdır. Analoji işlərlə bağlı Məhkəmələr tərəfindən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, həmin ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışda göstərilən sahə ölçüsü ilə, mənzilin faktiki sahə ölçüsü arasında fərq mövcuddur. Bundan əlavə, həmin idarə tərəfindən eyni sahəyə və eyni layihəyə məxsus mənzillərə dair verdiyi çıxarışlarda da fərqlər mövcuddur. Yuxanda qeyd olunanlardan da aydın olur ki, İddiaçı hazırkı iddia ərizəsində göstərdiyi tələbləri tam qanunsuz və əsassızdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki iş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 03 oktyabr 2016-cı il tarixli ********* nömrəli payçı müqaviləsinin müvafiq qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, MTK pay qismində çıxış edən Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binasında, 4-cü blok, 4-cü mərtəbə, ümumi sahəsi 100 kv.m olan,139 №-li, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, sonuncu isə müqavilə ilə nəzərdə tutulmuş mənzilin ümumi dəyəri olan 136300 manat məbləğində pul vəsaitini Cavabdehnə ödəməyi öhdəsinə götürür. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №-li Çıxarışdan müəyyən edilir ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 67, mənzil 139 Yeni qaydalarla: AZ 5000, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 95.9 kv.m olan mənzil İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 15.03.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə təmsilçi İddiaçı arasında bağlanmış 08.05.2019-cu il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, 1.3. ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15.03.2019-cu il tarixli, RX seriyalı, 1451764, ********** qeydiyyat nömrəsi olan, **********23-05301-093061 reyestr №-li Çıxarışa əsasən İpoteka qoyanın mülkiyyətində olan Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 67, mənzil 139 ümumi sahəsi 95.9 k.v, Yeni qaydalarla: AZ 5000, ünvan 1 ünvanında yerləşən əmlakdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17.12.2021-ci il tarixli 10/4776 №-li ekspert rəyindən müəyyən edilir ki, Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, tərəflər arasında bağlanan 03 oktyabr 2016-cı il tarixli, Payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binada, 4-cü blok, 4-cü mərtəbə, 139 saylı 3 otaqlı mənzilin faktiki sahəsi mənzilin plan-sxeminə uyğun olaraq 100,7m2 təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsinin 97.2 m2 təşkil etdiyi müəyyən olunur. Müqavilədən və iddia ərizəsinin özündən də göründüyü kimi tərəflər Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binasında, 4-cü blok, 4-cü mərtəbə, 139 №-li, 3 otaqlı mənzilin 1 kv.metri 1363 manat olmaqla, ümumi qiymətin 136300 manat olması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yenə həmin Məcəllənin 405.1-ci maddəsinə görə tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Yenə həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Yenə də həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Eyni Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, tərəflər arasında bağlanan 03 oktyabr 2016-cı il tarixli, Payçı müqaviləsinə əsasən Sumqayıt şəhəri “Bulvar” ərazisində tikilməkdə olan 1-ci binada, 4-cü blok, 4-cü mərtəbə, 139 saylı 3 otaqlı mənzilin faktiki sahəsi mənzilin plan-sxeminə uyğun olaraq 100,7 m2 təşkil edir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”-na əsasən, ünvan 2 ünvanında yerləşən mənzilin yerləşən mənzilin ümumi sahəsinin 97.2 m2 təşkil etdiyi müəyyən olunur. Bunu təkzib edən mötəbər sübut iş materiallarında olmadığından ekspert rəyi əsas götürülməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış müqaviləyə podrat müqaviləsi kimi yanaşılmalıdır və hazırkı mərhələdə müqavilə tərəfləri əqd üzrə götürdükləri öhdəlikləri tamamilə yerinə yetirmiş, müqaviləni icra etmişlər. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırki iş üzrə məhkəmə xərcləri 30 manat dövlət rüsumundan və 100 manat məhkəmə ekspertizası xərcindən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı aid edilməli və 100 manat məhkəmə ekspertizası xərci İddiaçı dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbi iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin və 100 manat məhkəmə ekspertizası xərci İddiaçı xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar